ABŞ Misirə C-130J hərbi nəqliyyat təyyarələrinin satılmasına razılıq verib

26-01-2022, 18:45

ABŞ Misirə C-130J hərbi nəqliyyat təyyarələrinin satılmasına razılıq verib

ABŞ Dövlət Departamenti Misirə 12 ədəd C-130J-30 “Super Hercules” hərbi nəqliyyat təyyarələrinin satılmasına razılıq verib.

Ordum.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Agentlik dəyəri 2,2 milyard dollar olan sazişlə bağlı Konqresə məlumat verib.

“Lockheed Martin” tərəfindən hazırlanan C-130 “Super Hercules” hərbi nəqliyyat təyyarəsini 22 ölkə istifadə edir. Təyyarələrin ümumi uçuş saatları iki milyon saatı keçib.

Misirə daha bir hərbi satış radarla bağlıdır. ABŞ bu ölkəyə SPS-48 quruda yerləşdirilən radar sistemlərinin də satılmasına icazə verib. Bu sövdələşmənin dəyəri isə 355 milyon dollar olaraq göstərilir.

Agentliyin bəyanatında qeyd edilir ki, satış Yaxın Şərqdə mühüm strateji tərəfdaş olaraq qalan NATO-ya daxil olmayan əsas müttəfiqin təhlükəsizliyinin yaxşılaşdırılmasına kömək etməklə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcək.

Müqavilələr çərçivəsində podratçı şirkətlər “Lockheed Martin” və “L3 Harris”dir.

C-130 “Hercules” təyyarələrinin geniş şəkildə modernləşdirilmiş versiyası olan C-130J-lər yeni mühərriklərə, uçuş göyərtəsinə və uçuş sistemlərinə malikdir. 2018-ci ilin fevral ayına olan məlumata görə, təslim edilən C-130J təyyarələrinin sayı 400-ə çatıb. 2021-ci ilin iyul ayına qədər bu rəqəm 450-yə çatıb.




Facebook'da Paylaş