Kanada döyüş təyyarələrinin alınması tenderindən “Boeing” şirkətini çıxarıb
Kanada “Boeing” şirkətinə bildirib ki, şirkət çox milyard dollarlıq döyüş təyyarəsi müqaviləsi üçün tələb olunan standartlara cavab vermir.
Ordum.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən yazıb.
Bu o deməkdir ki, 88 təyyarə tədarükü tenderində yalnız “Lockheed Martin” və İsveçin “Saab” şirkətləri yarışacaq. Ottava deyir ki, gələn il 19 milyard Kanada dolları (15 milyard dollar) dəyərində olan müqavilə ilə bağlı qərar qəbul etmək niyyətindədir.
“Boeing” şirkəti Kanadaya F-18 “Super Hornet” qırıcıları təklif edirdi.
Müdafiə analitikləri Ottavanın “Saab”ın “Gripen” təyyarəsini istisna edəcəyinə əmin idilər. Kanadadan fərqli olaraq, İsveç nə NATO-nun, nə də Şimali Amerikanın müdafiə təşkilatı olan NORAD-ın üzvüdür.
Kanada “Lockheed Martin”in F-35 reaktiv təyyarəsini inkişaf etdirən konsorsiuma daxildir və müdafiə mənbələrinin dediyinə görə, bu təyyarə hava qüvvələrinin üstünlük verdiyi seçimdir.
Kanada on ildən artıqdır ki, köhnə F-18 qırıcılarını əvəz etmək üçün uğursuz cəhdlər edir. Keçmiş administrasiya 2010-cu ildə 65 ədəd F-35 təyyarəsi alacağını bildirsə də, sonradan bu qərardan imtina etdi və bu, illərlə gecikmələrə və araşdırmalara səbəb oldu
Facebook'da Paylaş