9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidirAzərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın milli kimliyini, müstəqilliyini, azadlıq məfkurəsini və dövlətçilik ənənələrini özündə əks etdirən ən müqəddəs rəmzlərdən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixi keçmişinə, milli dəyərlərinə və müstəqil dövlətçilik ideallarına ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq, bu gün qeyri-iş günü olan bayramlar sırasına daxildir.
Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlıdır. 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilən Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı həmin gün Nazirlər Şurasının binası üzərində qaldırılıb. 1920-ci ilin aprel ayınadək dövlət rəmzi statusunu qoruyan bayraq sonradan müstəqilliyimizin bərpası ilə yenidən dövlətçilik tariximizə qayıdıb.
Bayrağımızın rəngləri milli istiqlal ideologiyamızın üç əsas prinsipini – türkçülük, müasirlik və islamçılığı ifadə edir. Bu ideoloji düsturun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Üçrəngli bayraq xalqımızın milli-mənəvi dəyərlərə, azadlıq məfkurəsinə və ümumbəşəri ideallara bağlılığının rəmzidir.
Azərbaycan dövlətçilik tarixində bayrağımızın bərpası istiqamətində mühüm mərhələlərdən biri 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında baş verib. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması barədə tarixi qərar qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü ilə üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması məsələsi Azərbaycan SSR Ali Soveti qarşısında qaldırılıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan edib. Həmin il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dövlət rəmzlərimiz, o cümlədən Dövlət Bayrağımız bərpa olunub.
Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağının təsviri Konstitusiyanın 23-cü maddəsi və 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə müəyyən edilir. Bayraq eni bərabər olan üç üfüqi zolaqdan – mavi, qırmızı və yaşıl rənglərdən ibarətdir. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunub. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Dövlət rəmzlərinə hörmət hər bir Azərbaycan vətəndaşının konstitusion borcudur.
Dövlət Bayrağına verilən yüksək qiymətin bariz nümunələrindən biri də Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə yaradılan meydanın açılışı 2010-cu il sentyabrın 1-də keçirilib. Burada Dövlət Bayrağı Muzeyi də yaradılıb və həmin il noyabrın 9-da istifadəyə verilib. Muzeydə Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid dövlət və xanlıqların bayraqları, eləcə də ölkəmizin zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat nümayiş etdirilib.
2024-cü il noyabrın 8-də yenidən açılan Dövlət Bayrağı Meydanında Prezident İlham Əliyev Azərbaycan bayrağını ucaldıb. Həmin ilin noyabrından dünyanın ən böyük bayrağı bu meydanda dalğalanır. Yenilənmiş Dövlət Bayrağı Muzeyində isə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” yaradılıb. Burada işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılmasını və Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əks etdirən fotolar sərgilənir.
Azərbaycanın dövlət rəmzlərinə ehtiramın mühüm ifadələrindən biri də 1993-cü il dekabrın 6-da Ümummilli Lider Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeninin təsis edilməsi ilə bağlı qanunun imzalanmasıdır.
Ümummilli Lider Heydər Əliyev Dövlət Bayrağını müstəqilliyimizin və milli birliyimizin əsas rəmzlərindən biri kimi qiymətləndirərək hər bir vətəndaşı bu müqəddəs atributa sevgi və ehtiramla yanaşmağa çağırırdı. Ulu Öndərin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik” fikri bu gün də öz aktuallığını qoruyur.
Prezident İlham Əliyev də Dövlət Bayrağını milli qürur və suverenliyin rəmzi kimi dəyərləndirərək onun hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs məna daşıdığını vurğulayıb. Dövlət başçısının sözləri ilə desək, “Bayrağımız qürur mənbəyimizdir”. Bu gün üçrəngli bayrağımız ölkəmizin suverenliyini, milli həmrəyliyini və beynəlxalq aləmdə layiqli yerini təcəssüm etdirir.
Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərdə ucaldılması milli tariximizin ən qürurverici səhifələrindən birinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş torpaqlara ilk səfərləri həmin ərazilərdə Dövlət Bayrağının ucaldılması ilə yadda qaldı. Bu mənzərə xalqımızın milli iradəsinin, dövlətimizin suverenliyinin və tarixi ədalətin bərpasının rəmzinə çevrildi.
Bu gün Azərbaycan Bayrağı yalnız dövlət atributu deyil, həm də xalqımızın birliyinin, milli kimliyinin, müstəqilliyə sədaqətinin və gələcəyə inamının ifadəsidir. Üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanması hər bir azərbaycanlının qüruru və ortaq məsuliyyətidir.
Pənah BabayevMehdiabad qəsəbə 1 nömrəli tam orta məktəbinin direktoru
Facebook'da Paylaş