Xatirələrdə yaşayan qəhrəman[
Günel Natiq Xatirələrdə yaşayan qəhrəman Aysu əlini köhnə albomun üzərində gəzdirdi. Elə bil, əli tarixin səhifələrinə toxunurdu. O tarixə ki, qan-qada ilə yazılır, hər günü döyüş və şəhid xəbəri ilə yadda qalırdı...
Bu albomda həmin döyüşlərin xatirələri uyuyurdu. Əynində əsgər forması, çiyinlərində leytenant paqonları, başında komandir papağı olan bu adam... Onun babası idi. Aysu qazi babası haqqında çox eşitmişdi, amma bu gün həmin tarixin dərinliklərinə özü baş vurmaq istəyirdi. Çünki Zəfər Günü münasibətilə məktəbdə hazırlanacaq stenddə Birinci Qarabağ müharibəsi döyüşçülərinin də fotoları yer alacaqdı. Aysu da qazi babasının xatirələrini, onun döyüş yolunu bu stendə gətirmək istəyirdi. Bunun üçün isə əvvəlcə o tarixi qəlbən yaşamalı, babasının keçdiyi yolları xəyalən də olsa, addım-addım izləməli idi...
***
Muxtar Məhəmməd oğlu Qarayev 1950-ci ildə Ağdam rayonunun Bağbanlar kəndində dünyaya göz açmışdı. Orta məktəbi bitirdikdən sonra Bakı Politexnik Texnikumunun radiotexnika fakültəsində təhsil almışdı. Təhsilini başa vurub Ağdam rayonunun «Kosmos» zavodunda texnik-müəllim vəzifəsində çalışırdı.
Həyat öz axarı ilə davam edirdi. Sevdiyi işi, isti ailə ocağı, dörd övladı vardı. Ən böyük arzusu övladları Məhəmməd, Mais, Samir və Samirəni sülh və əmin-amanlıq şəraitində böyütmək, onlara gözəl gələcək bəxş etmək idi. Lakin bu sakit və xoşbəxt həyat tezliklə müharibənin sərt reallıqları ilə üz-üzə qaldı.
1991-1992 ci il... Ağdamın başı üzərini qara buludlar almışdı. Belə bir vaxtda Muxtar Qarayev ailəsinə heç nə deməsə də, qərarını vermişdi. Artıq gənc olmasa da, Vətənin müdafiəsi üçün silaha sarılmalı idi. Doğma torpağın bu ağır günündə kənarda qalmağı özünə yaraşdırmırdı.
Beləliklə, Muxtar Qarayev Ağdam rayonunda yaradılan ilk könüllü batalyonun sıralarına qoşuldu. Milli Qəhrəman Şirin Mirzəyevin komandirliyi altında Ağdam, Ağdərə və Xocavənd istiqamətlərində gedən döyüşlərdə, bir çox kəndin azad olunması uğrunda aparılan əməliyyatlarda iştirak etdi. İxtisasca hərbçi olmasa da, cəbhədə qazandığı təcrübə, soyuqqanlılığı və məsuliyyət hissi onu döyüş yoldaşlarının etimadını qazanan mübariz döyüşçüyə çevirdi.
O, cəbhədə Vətənin müdafiəçisi, evdə isə qayğıkeş ata idi.Muxtar Qarayev gözəl ailə başçısı, mehriban və qayğıkeş ata idi. Döyüşlərin qızğın çağında daim postlarda olduğu üçün övladları bəzən onu günlərlə görə bilmirdilər. Buna baxmayaraq, uşaqlara diqqət və qayğı göstərməyi unutmur, sevgisini hiss etdirirdi. Müharibənin bütün ağırlığına rəğmən, ailəsinə olan bağlılığını qoruyub saxlayırdı.
Bir dəfə Muxtar evə xeyli gec qayıtdı. Üst-başı toz-torpaq içində, özü isə yorğun və susqun idi. Həyat yoldaşı Valya xanım narahatlıqla nə baş verdiyini soruşsa da, o, danışmadı. Sonradan məlum oldu ki, həmin gün döyüş yoldaşı ilə birlikdə Ağdamın Mərzili kəndi ətrafında mühasirəyə düşmüş, qeyri-bərabər döyüşdə düşmənin iki əsgəri məhv edilmişdi.
Ata ilə çiyin-çiyinə
Bir gecə Muxtar müəllimin döyüş yoldaşları ona rabitə vasitələrinin sıradan çıxdığını xəbər verdilər. Vəziyyət təcili müdaxilə tələb edirdi.
Muxtar müəllim dərhal lazımi ləvazimatları şəxsi avtomobilinə yığaraq yola düşməyə hazırlaşdı. Maşını işə salanda kiçik oğlu Samirin də avtomobildə olduğunu gördü.
— Oğlum, sən burada nə edirsən? Dərhal düş maşından, evə get!
— Yox, ata, mən də səninlə gedəcəyəm!
— Getdiyim yol təhlükəlidir. Bu dəqiqə maşından düş!
Ata oğlunun bir cüt köz kimi yanan gözlərinə baxdı və susdu. Samirin xarakterinə bələd idi. Oğlu da özü kimi iradəli idi; bir qərar verdikdə asanlıqla geri çəkilməzdi.
Muxtar müəllim oğlunun israrı qarşısında daha bir söz demədi. Ata ilə oğul yola düşdülər. Qarşıda onları təhlükəli və çətin bir yol gözləyirdi. Düşmənin diqqətini cəlb etməmək üçün avtomobili işıqsız idarə etmək lazım idi. Gecənin qaranlığında hər an ehtiyatlı olmaq, hər addımı düşünərək atmaq vacib idi.
Nəhayət, bütün çətinliklərə baxmayaraq, çətin yolu qət edərək döyüşçülərə lazım olan ləvazimatları çatdırmağa nail oldular.
Bu hadisə Samirin yaddaşında silinməz iz buraxdı. Həmin gecə o, atasını başqa bir tərəfdən də tanıdı. Muxtar müəllim indi onun üçün yalnız sevən, qayğı göstərən ata deyil, həm də Vətən uğrunda öz həyatını təhlükəyə atan cəsur bir döyüşçü idi.
Yaralarından güclü olan Vətən sevgisiMuxtar Qarayev dəfələrlə mühasirədə qalmış, Füzuli ətrafında gedən döyüşlərdə yaralanmış, ağır kəllə-beyin travması almışdı. Ancaq aldığı yaralar onu Vətənin müdafiəsindən çəkindirə bilməmişdi. Müalicəsini başa vurduqdan sonra yenidən cəbhə bölgəsinə qayıdır, döyüş yoldaşlarının sıralarında yer alırdı.
1994-cü ildə atəşkəs əldə edildikdən sonra leytenant rütbəsi ilə ehtiyata buraxıldı. Cəbhədəki xidməti başa çatsa da, ruhən hələ də döyüş meydanlarında, doğma yurdunun dağında, daşında idi. Ağdamın işğalının ağrısı cismani yaralarından da dərin idi. Doğma yurdun düşmən tapdağında qalması ilə barışa bilmir, torpaqların azad olunacağı günü gözləyirdi.
Müharibənin ağrı-acısı, aldığı yaraların ağır fəsadları və doğma yurd həsrəti Muxtar Qarayevin ömründən illər aldı. Qəhrəman döyüşçü 2001-ci ilin may ayında dünyasını dəyişdi. Muxtar Qarayev doğma yurduna qayıda bilmədi. Ancaq Vətən uğrunda göstərdiyi şücaət onu həmin torpağın əbədi sakinlərindən birinə çevirdi. Bu gün Ağdamın azad torpaqlarında atılan hər addımda onun da izi var.
***
Zəfər Günü münasibətilə məktəbdə yaradılmış stendin qarşısında dayanan şagirdlər diqqətlə fotolara baxır, Birinci Qarabağ müharibəsinin döyüşçüləri haqqında xatirələri maraqla dinləyirdilər. Hər xatirə tarixin qanla, canla yazılmış səhifələrini gözlər önündə canlandırırdı.
Aysu qürurlu idi; babasından qalan ən qiymətli əmanəti- qəhrəmanlıq xatirəsini məktəb yoldaşlarına çatdıra bilmişdi.
Bəlkə də bundan böyük mənəvi miras yoxdur: insanların yaddaşında sevgi ilə yaşamaq, gələcək nəsillərə örnək olmaq və illər keçsə də, adının qürurla çəkilməsi...
Facebook'da Paylaş