Dövlətçilik əmanəti
Prezident İlham Əliyev: “Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”
Azərbaycan özünün milli müstəqilliyini elan edərkən onun qarşısında duran ən mühüm və vacib vəzifələrdən biri yeni yaranacaq siyasi hakimiyyətin dövlətçilik formasının seçilməsi məsələsinin həllindən ibarət idi. O vaxtlar Azərbaycanı əhatə edən qonşu dövlətlərdə imperatorluq, şahlıq, sultanlıq, krallıq üsul idarə formaları mövcud idi. Azərbaycanın yeni yaranmış ali hakimiyyət orqanı olan Milli Şura, fikirləşmədən qonşu ölkələrin rejimlərini tamamilə və ya qismən öz ölkəsində tətbiq edə bilərdi. Bu çox asan yol idi. Lakin Milli Şuraya daxil olan rus və Avropa təhsilli, yüksək təfəkkürlü, demokratik ziyalı vətənpərvərlər tamamilə yeni, mütərəqqi və sivil yol seçdilər. 1918-ci ilin 28 mayında Şərqdə ilk demokratik respublika üsul-idarə sisteminin yaradılmasına üstünlük verdilər. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranması gününü əziz tutaraq, onu 28 May - Müstəqillik Günü, milli istiqlal günü kimi qeyd edir. SSRİ-nin tərkibində olduğu dövrdə dövlət müstəqilliyindən məhrum olan xalqımız bir çox dövlətçilik atributlarını saxlaya bilmiş, iqtisadiyyatını, elmini və mədəniyyətini inkişaf etdirmişdir. Respublika quruluşu, müstəqillik hissləri xalqımızı heç vaxt tərk etməmişdir. Azərbaycanı yenidən müstəqilliyə qovuşdurmaq ehtirası ilə yaşayan mütəfəkkür insanlar "Bir kərə yüksələn bayraq bir daha enməz" həqiqətini bir daha təsdiq etdilər. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Bununla Azərbaycan Milli Şurası, Azərbaycan türk milləti qarşısında çox böyük bir tarixi missiyanı yerinə yetirdi. Ulu Öndər Heydər Əliyev deyib ki, bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir.
Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Azərbaycanın ərazi bütövlüyünə Ermənistan tərəfindən hər zaman təhlükə olub. Ötən əsrin əvvəlindən ermənilər torpaqlarımızı ələ keçirib, həmçinin soyqırımları törədərək Azərbaycan xalqına bu əzabı yaşadıblar. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elə ilk gündən ermənilər ərazi iddiası edərək sonda İrəvan xanlığını ələ keçiriblər. Lakin o zaman Zəngəzur və Qarabağa olan istəklərinə çata bilməyiblər. Qarabağ ermənilər üçün həmişə strateji ərazi olub. Çox təəssüf ki, ötən əsrin sonlarında minlərlə şəhid versək də ermənilər Dağlıq Qarabağı xarici havadarlarının köməyi ilə işğal edə bildilər. Amma elə həmin əsrin əvvəlində AXC hökuməti nə qədər gənc olsa da bu torpaqları əlində saxlaya bilmişdi. AXC-nin ilk gündən ən birinci məqsədi Qarabağ və Zəngəzuru qorumaq olub. İki il ərzində erməni daşnakları vaxtaşırı həmin ərazilərdə erməni Andronikin rəhbərliyi ilə separatçılıq fəaliyyəti göstərirdilər. Belə ki, kəndləri yandırır, dinc əhaliyə divan tuturdular. Bunun da ən pis nəticəsi o oldu ki, 60 min azərbaycanlı öz ata-baba yurdundan didərgin düşdü. Amma buna baxmayaraq AXC hökuməti erməni separatçılarını susdurub geri oturda bilirdi. Lakin siyasi-hərbi gərginliyin gündən-günə artdığını görən AXC rəhbərliyi mərkəzi Şuşa şəhəri olan Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğunun yaratmaqla vəziyyəti nisbətən nəzarət altına aldı. Həmin qubernatorluğun rəhbəri Xosrov bəy Sultanov Yuxarı Qarabağda və Zəngəzurda erməni separatçılığının aradan qaldırılmasında son dərəcə mühüm rol oynayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi: “Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”.
Azərbaycan Xalq Cümhuriyyəti ən ümidə vəzifə olaraq milli dövlətçiliyi bərpa edib. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçiliyi tarixində silinməz iz qoyub. Eyni zamanda 23 ay ömrü olan bu dövlət indiki Azərbaycanın müstəqil olması üçün mühüm təməl hazırlayıb.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Facebook'da Paylaş