Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru Nurulla Əliyevin arxiv materialları əsasında yazdığı “1919–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətində hərbi dəniz aspektləri” sərlövhəli məqaləni təqdim edir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə zəngin təbii sərvətlərə malik Xəzər regionu böyük dövlətlərin geostrateji rəqabət obyektinə çevrilmişdi. XX əsrin əvvəllərində dünya neftinin yarıdan çoxunu istehsal edən Bakı neft rayonuna nəzarət etmə nəticəsində Rusiyanın Birinci Dünya müharibəsi ərəfəsində öz hərbi dəniz donanmasına daha səmərəli neft yanacağı ilə təchiz etməsi də mühüm hərbi-strateji amil idi. Mühüm hərbi-strateji əhəmiyyətə malik olan, Azərbaycanın ərazisindən keçən dəmir və şose yollarının işğal olunması bütövlükdə Qafqazın təsərrüfat-iqtisadi həyatı üçün ciddi təhlükə yarada bilərdi. İngiltərə, Türkiyə, Almaniya və sovet Rusiyası bu işdə daha çox fəallıq göstəriblər. 1918-ci il mayın 28-də Tiflisdə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Fətəli Xan Xoyskinin başçılıq etdiyi milli hökumət əsas diqqəti ölkənin bütün ərazisində, xüsusilə paytaxt Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinə yönəltdi.
Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yaxın ölkələrlə, o cümlədən Xəzəryanı dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmaq üçün sülh təşəbbüsləri ilə çıxış edirdi. Lakin mövcudluğunun bütün dövrlərində onun müstəqilliyinə və ərazi bütövlüyünə real təhlükə parlamenti və hökuməti nizami ordunun, o cümlədən Hərbi Dəniz Qüvvələrinin yaradılmasına xüsusi diqqət yetirməyə məcbur etdi.
Cümhuriyyətin Hərbi Dəniz Qüvvələri ingilislər Azərbaycanı tərk edəndən sonra - 1919-cu ilin avqustunda Azərbaycana qarşı təhlükənin artdığı şəraitdə formalaşdırılmağa başlamışdı. Həmin vaxta qədər Azərbaycanın Xəzər dənizinin qərb sahilinin müdafiəsini İngiltərənin hərbi gəmiləri təmin edirdi. Hətta Hərbi Nazirlikdə hərbi donanma ilə məşğul olan xüsusi bölmə və ya idarə yox idi. Xəzər hərbi donanmasına gəldikdə isə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra onun əsas gəmiləri – “Qars”, “Ərdəhan” və “Astrabad” Sentrokaspi diktaturası tərəfindən Port-Petrovsk limanına qaçırılmışdı. Həmin gəmilər yalnız 1918-ci ilin noyabrında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılmışdı.
Xəzər regionunda gərgin geosiyasi rəqabət 1919-cu ilin əvvəllərində İngiltərənin mövqeyinin möhkəmlənməsi ilə nəticələndi. Şübhəsiz, bu amil Azərbaycan Xalq Cümhuriyyətinə müvəqqəti də olsa ağqvardiyaçılardan və bolşeviklərdən qorunmaq imkanı yaratdı və donanmamızın inkişafına müsbət təsirini göstərdi.
1919-cu il avqustun sonunda ingilislərin Cənubi Qafqazda və Xəzər dənizində fəaliyyətləri başa çatdı. Ordusunu bu bölgədən, eləcə də Azərbaycandan çıxaran Britaniya hərbi-dəniz qüvvələrini denikinçilərə verdi. 1919-cu ilin iyulunda əldə olunmuş razılığa əsasən, sentyabrın əvvəllərində ingilislər birinci dərəcəli kapitan A.Sergeyevin komandanlıq etdiyi denikinçi Xəzər hərbi donanmasına 11 yardımçı kreyser, 12 “Uaythed” minalı sürətli kater, 54 top, 23 minə yaxın mərmi və digər hərbi sursat vermişdi.
İngilislərin bu addımı Azərbaycan hökumətinin narahatlığına səbəb oldu. Çünki hökumət yaxşı bilirdi ki, Denikinin planı “vahid və bölünməz Rusiya”nı bərpa etməkdən ibarət idi. Britaniyanın Bakıdakı qüvvələrinin komandanının adına yazılmış 1919-cu il 1 avqust tarixli məktub Baş nazir N.Usubbəyov və xarici işlər naziri M.Y.Cəfərov tərəfindən imzalanmışdı. Məktubda qeyd olunmuşdu ki, “Rossiya” qəzetinin 30 iyul tarixli nömrəsində dərc olunan məlumata görə, Britaniya komandanlığı tərəfindən Xəzər donanması “Könüllü ordu”ya verilib. Bununla əlaqədar “dövlətin ərazi bütövlüyü və toxunulmazlığının keşiyində duran, həmçinin ölkədə asayiş və qayda-qanunun saxlanmasında maraqlı olan hökumət xalq arasında lazımi hörmət və etimad qazanmış ingilis komandanlığının indiyədək tabeliyində olan Xəzər hərbi donanması hesabına Xəzər dənizində bu qədər çətinliklə əldə edilmiş vacib təhlükəsizlik təminatından ölkəni indi məhrum edən qüvvələrin belə güclənməsinə yol verə bilməz”. Məktubda xüsusi qeyd olunmuşdu ki, Xəzər hərbi donanmasının bir hissəsinin “Könüllü ordu”ya verilməsi “Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə birbaşa təhlükə yaradır ki, bu da təbii olaraq, əhalini həyəcanlandırmaya bilməz. Gəmilərin təhvil verilməsi aktı təbii şəkildə əhalinin həyati maraqlarına toxunmaqdan başqa bir şey deyil, bu, Azərbaycana düşmən mövqedə duranları gücləndirmək deməkdir”.
Bu məktubun yekununda Britaniya komandanlığından xahiş olunurdu ki, Xəzər hərbi donanması hissələrinin Denikinə verilməsi qərarını ləğv etsin. Britaniya ordusunun Bakıdakı komandanlığı bu məktubu İngiltərə Silahlı Qüvvələrinin ali komandanlığına göndərmişdi.
Xarici işlər naziri M.Y.Cəfərov Bakıdakı müttəfiq orduların komandanına göndərdiyi 1919-cu il 8 avqust tarixli başqa bir məktubunda qeyd etmişdi ki, hökumət bolşeviklərlə mübarizə aparanlara hərtərəfli köməyin vacibliyini düşünərək, ingilislərdən alınan gəmilərdən “sahili müdafiə etmək, bolşeviklərlə mübarizə aparmaq üçün istifadə olunacağını nəzərdə tutmuşdur”. Məktubda qeyd olunmuşdu ki, “hökumət Həştərxan rayonunda, Xəzərin o tayında və digər yaxın yerlərdə bolşeviklərin ləğv edilməsindən, Azərbaycanın paytaxtına və sahillərinə bilavasitə təhlükəni sovuşdurduqdan sonra müttəfiqlərin komandanlığı Xəzər hərbi donanmasını silahsızlaşdırmaq haqqında qərar qəbul edərsə, onda öz gəmilərində silahsızlaşdırmaya razılıq verəcək”. Məktubda, həmçinin Azərbaycan hökuməti ingilislərin Xəzər hərbi donanmasının əksər hissəsini Denikin ordusuna verməsindən narazılığını bildirib. Çünki “Britaniya hökumətinin belə bir qərar qəbul etməsi dövlətin paytaxtını və sahillərini xaricdən və bolşeviklər tərəfindən mümkün təhlükəyə qarşı müdafiəsiz qoyur ki, bu da əhalidə böyük narahatlıq yaradır”.
Azərbaycan hökuməti avqustun 4-də belə bir vəsatət qaldırdı ki, dövlət sərhədlərini dənizdən müdafiə etmək üçün “Könüllü orduya” verilən qədər bu və ya digər şərtlərlə sahilin mühafizəsi üçün gəmi versinlər. Rusiyanın cənubundakı və Cənubi Qafqazdakı Baş Müttəfiq Komandanlığın nəzdindəki Silahlı Qüvvələrin Baş Komandanının ali nümayəndəsinə göndərilmiş 1919-cu il 2 sentyabr tarixli başqa bir məktubda xarici işlər naziri M.Y.Cəfərov məlumat verirdi ki, İngiltərə komandanlığı tərəfindən silahsızlaşdırılmış keçmiş Xəzər hərbi donanmasının “Kars” və “Ərdəhan” gəmiləri tamamilə Azərbaycan Respublikası hökumətinin sərəncamındadır və hökumət heç bir tərəfin iddiasını qəbul etmir”.
İngilislərin Xəzər hərbi donanmasının döyüş gəmilərinin denikinçilərə təhvil vermələri ilə bağlı yazışmalar 1919-cu ilin payızında da davam etdirilmişdi. Belə ki, müttəfiqlərin Qafqazdakı ali komissarı, polkovnik Qaskelə, Britaniya hökumətinin Cənubi Qafqazdakı ali komissarı Uordropa və bu bölgədə İtaliya hərbi missiyasının rəisi, polkovnik Qabbaya ünvanlanmış 1919-cu il 26 oktyabr tarixli məktubunda xarici işlər naziri M.Y.Cəfərov bir daha xatırlatmışdı ki, Xəzər hərbi donanmasının “Könüllü ordu”ya verilməsi “Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün toxunulmazlığı üçün real təhlükə” yaradıb. İngilislər Azərbaycan tərəfindən hələ avqustda bildirilən narahatlığa cavab olaraq, hər vəchlə inandırmağa çalışırdılar ki, “Donanma Azərbaycan əleyhinə heç bir hərəkət etməyəcək”. Lakin Azərbaycan hökuməti əsaslı olaraq, denikinçilərin yaratdığı real təhlükəni nəzərdə tuturdu. Məktubda qeyd olunmuşdu: “O ki qaldı, Azərbaycanın dənizdən müdafiə olunmasına, ilk növbədə, “Könüllü ordu”ya verilən gəmilərin zərərsizləşdirilməsi vacib şərtdir. Ona görə ki, Xəzər dənizində bu gəmilərin mövcudluğu faktı Azərbaycana dənizdən böyük təhlükə törədir”.
Həm də belə bir vacib amil nəzərə alınırdı ki, Denikin donanması “asanlıqla bolşeviklərin tərəfinə keçə bilər və beləliklə də Xəzər dənizində onlara tam hökmranlıq verər”. Bununla əlaqədar denikinçi Xəzər hərbi donanmasının “Orlyonok” gəmisindəki bolşevik üsyanı misal göstərilir. Məktubda təklif olunurdu ki, Xəzər hərbi donanmasının gəmiləri ya Azərbaycan hökumətinin sərəncamına keçməklə ağqvardiyaçılara verilsin, ya da ki, müttəfiq ölkələrin sərəncamına verməklə həmin gəmilər neytrallaşdırılsın. Hətta “Könüllü ordu”nun Aşurada adasındakı Astrabad hərbi-dəniz bazasının İrana və ya Britaniya dəniz komandanlığına verilməsi də təklif olunurdu, “belə ki, bu baza Xəzər dənizində hökmranlıq etməyi əhəmiyyətli dərəcədə təmin edirdi”.
Lakin Azərbaycan hökumətinin hər cür xahiş və xəbərdarlıqlarına baxmayaraq, İngiltərənin Xəzər dənizindəki donanmasının gəmilərinin çoxu denikinçilərə verildi. Bu da öz növbəsində Azərbaycan Xalq Cümhuriyyəti üçün təhlükə yaradırdı. Bunu ingilislər özləri də etiraf edirdilər. 1919-cu ilin sentyabrında tərtib olunmuş ingilis sənədlərinin birində qeyd olunurdu ki, “Xəzər donanmasının Denikinə verilməsi Azərbaycanın paytaxtını birbaşa təhlükə altında qoydu”.
Xəzərdəki gələcək hərbi-siyasi hadisələrin inkişaf ssenarisinə toxunan sənədin müəllifi qeyd edirdi ki, “şübhəsiz, gələcəkdə bolşeviklər əleyhinə əməliyyatlar qurtardıqda, Xəzər dənizində hərbi donanmanın mövcudluğu onun sahillərində siyasi tarazlığın pozulmasına gətirib çıxara bilər. Azərbaycan hökuməti ümid edir ki, dəniz o vaxt neytrallaşacaq ki, dənizdə yalnız əvvəlki kimi ticarət donanması fəaliyyət göstərsin”. Sənəddə, həmçinin bildirilirdi ki, neytrallaşma Şərqdə daha da möhkəmlənmiş İngiltərənin də maraqlarına cavab verəcək. Belə ki, Xəzər dənizi gələcəkdə də Qərblə Şərq arasında böyük su yolu olacaq. Bu yola beynəlxalq təminat, həm də onun toxunulmazlığında maraqlı olan ölkələr üçün siyasi zərurətə çevriləcək.
Bu sənədin məzmunundan göründüyü kimi, İngiltərə istəyirdi ki, Rusiya Xəzər dənizində özünün ənənəvi ağalığını itirmiş olsun. Azərbaycan ilə denikinçilər arasında olan qarşılıqlı münasibətlərə gəldikdə isə Britaniya komandanlığı vəziyyətdən çıxış yolu tapmışdı: öz ordularını hələ Cənubi Qafqazdan çıxarmaq ərəfəsində ağqvardiyaçıların tutduqları ərazilərlə Azərbaycan və Gürcüstan arasında 5 millik demarkasiya xətti müəyyən etmişdi. Həm də İngiltərənin Cənubi Qafqazdakı ordusunun komandanı, general-mayor Q.N.Kornun Baş nazir N.Usubbəyova göndərdiyi 1919-cu il 11 iyun tarixli məktubunda qeyd olunduğu kimi, Denikinə “göstərilmişdi ki, öz ordusunun bu xətdən cənuba keçməsinə yol verməsin”.
Bununla belə, 1919-cu il sentyabrın 1-də parlamentin iclasında hökumət tərəfindən respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ilə bağlı görülən tədbirlərlə əlaqədar sosialist fraksiyasının sorğusuna cavab olaraq, N.Usubbəyov qeyd etmişdi ki, “Bizim üçün ən böyük təhlükə və xoşagəlməz hal Xəzər hərbi donanmasının bir hissəsinin Denikin ordusuna verilməsi ilə bağlıdır. Donanmanın yerdə qalan hissəsini də Denikinə verə bilərlərmi? Biz yalnız etirazdan başqa nə edə bilərik?”. Baş nazir parlamentə məlumat verdi ki, onun etirazına cavab olaraq, general Korn Azərbaycan tərəfini sakitləşdirməyə cəhd edib. O qeyd edib ki, “Biz, Denikinə yalnız 2-3 gəmicik yox, külli miqdarda digər əşya, tanklara qədər vermişik və əgər o, bunları Azərbaycan əleyhinə yönəltsə, onda Xəzər hərbi donanmasının gəmiləri dənizin bir damlası kimi görünər. Ancaq şərt qoyulub ki, bütün bunların qarşılığında Zaqafqaziya respublikalarının toxunulmazlığı qorunacaq”.
Azərbaycanın sahillərinin güclü müdafiəsinin vacibliyini 1919-cu ilin yayında Muğanda baş vermiş hadisələr göstərdi. Bolşeviklər burada mərkəzi hökumətin əleyhinə silahlı qiyam qaldırıb, “Muğan-Lənkəran hərbi donanması” yaratdılar. Onun tərkibinə “Dmitri Milyutin” paroxodu, bir topla gücləndirilmiş “Vstreça”, “Pereboynya”, “Kura”, “Bailov” və “Kaspi” döyüş katerləri, həmçinin 47 mm çaplı top və pulemyotla silahlanmış bir neçə motorlu barkas daxil idi. Xəzər dənizinin cənub-qərb sahili boyunca reyslər edən bu donanmanın gəmiləri kəşfiyyat aparır, sahilyanı müdafiə sahələri ilə əməliyyat əlaqələri saxlayır, hücum edən Azərbaycan hissələrinə dənizdən atəş açırdılar. Donanmanın gəmiləri tez-tez Bakının 30-32 mil yaxınlığında görünürdü ki, bu da yerli hakimiyyət orqanlarını ciddi narahat edirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə bolşeviklər tərəfindən təşkil olunan və 1919-cu ilin yazından fəaliyyət göstərən “Xüsusi dəniz ekspedisiyası” xeyli başağrısı gətirirdi. Ekspedisiyanın tərkibinə 20-yə yaxın balıqçı qayığı və motorlu barkas, həmçinin 200 matros daxil idi. Bu gəmilər Həştərxana gizli yolla neft və neft məhsulları aparır, geriyə - Bakıya isə döyüşçü qrupları, silah, döyüş sursatı və s. gətirirdi.
Denikinin Azərbaycana münasibətində təcavüzkarlıq cəhdləri tezliklə özünü açıq-aydın büruzə verdi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsinin N.Usubbəyov (sədr), S.Mehmandarov, A.Səfikürdski, X.Məlik-Aslanov və M.Cəfərovun iştirakı ilə keçirilən 1919-cu il 21 oktyabr tarixli iclasında Rusiyanın Cənub Silahlı Qüvvələrinin baş komandanının Azərbaycandakı nümayəndəsinin 17 oktyabr tarixli münasibəti və Baş Komandan yanında Dəniz İdarəsinin rəisi, vitse-admiral Gerasimovun 1918-ci il 21 sentyabr tarixli məktubu müzakirə olunmuşdu. Sonuncunun məktubunda qeyd olunurdu ki, Rusiya ilə İran arasında bağlanmış 1828-ci il 22 fevral tarixli Türkmənçay müqaviləsinin 8-ci maddəsinə görə, Xəzər dənizində yalnız Rusiya və İran ticarət donanmaları, Rusiya isə hərbi donanmanı saxlaya bilər. Bu məktubda “Ağ Rusiya” tərəfindən Azərbaycana açıq təhlükə ifadə olunurdu. Rusiya “Azərbaycana Xəzər dənizində hərbi donanma saxlamağa və ticarət gəmilərinin rus bayrağından başqa digər bir bayraq altında üzməsinə yol verə bilməzdi”.
Dövlət Müdafiə Komitəsinin qərarı ilə Xarici İşlər Nazirliyinə tapşırılmışdı ki, Rusiyanın cənub silahlı qüvvələrinin baş komandanının Azərbaycandakı nümayəndəsinə aşağıdakıları çatdırsın: Birincisi, Türkmənçay müqaviləsi traktat kimi Rusiya ilə İran arasında bağlanmış və onlar üçün mütləq ola bilər, ancaq yeni qurulmuş müstəqil dövlət üçün yox; İkincisi, Azərbaycan Xəzəryanı dövlət kimi limanlara və ticarət donanmasına malikdir ki, gəmilər də Azərbaycanın bayrağı altında üzəcəklər. Xarici işlər nazirinə, həmçinin tapşırılmışdı ki, müttəfiqlərin ali komissarı polkovnik Qaskel və O.Uordrop qarşısında etirazını bildirsin.
Tezliklə xarici işlər naziri M.Y.Cəfərovun cavab məktubunda Denikinin nümayəndəsinə bildirilmişdi ki, “Xəzər dənizində gəmilərin rus bayrağından başqa digər dövlətlərin bayrağı altında üzməsinin dayandırılması tələbini mənim hökumətim “Könüllü ordu” komandanlığı ilə yaradılmış xeyirxah qonşuluq münasibətlərini pozmaq cəhdi kimi, həmçinin həmin komandanlığın hökumətlə iqtisadi və başqa məsələlər üzrə müqavilə bağlamaq barədə danışıqlar aparmaq istəyilə uzlaşmayan aqressiv çıxış kimi qiymətləndirir... Azərbaycan donanması indiyədək olduğu kimi, özünün milli bayrağı altında üzəcək”.
Bütün amilləri nəzərə alaraq, Azərbaycan hökuməti ölkənin hərbi-dəniz müdafiəsini gücləndirmək məqsədilə bir sıra praktiki tədbirlər görmüşdü. Quru qüvvələrin yaradılmasında və hərbi dəniz qüvvələri quruculuğunda hökumət bir sıra obyektiv və subyektiv çətinliklərlə üzləşmişdi. Bu, yalnız hərbi-texniki bazanın zəifliyi ilə yox, eyni zamanda, hərbi-dəniz işlərini dərindən bilən mütəxəssislərin çatışmamasında özünü büruzə vermişdi.
Keçmiş imperiya silahlı qüvvələrinin elitasını təşkil edən hərbi dəniz donanmasının komplektləşdirilməsində böyük rus şovinizmi aydın şəkildə özünü göstərirdi. Praktiki olaraq, hərbi dəniz donanmasına slavyanlardan başqa Qafqaz, Orta Asiya, Şimal, yəhudi və başqa azlıqda qalan xalqların nümayəndələri buraxılmırdı. Donanmada “yadların” xidmət etməsinə icazə verməməklə çar hökuməti zabit korpusunun “təmizliyini” xüsusilə qoruyurdu. Donanma üçün zabit kadrları hazırlayan əsas məktəb kimi Dəniz Kadet Korpusuna oxumağa yalnız nəcabətli zadəgan və zabit uşaqlarını qəbul edirdilər. Dəniz korpusunun qaydalarına uyğun olaraq, “Məhəmməd dininə ibadət edənlər” müstəsna hallarda “çox yuxarıdan xüsusi icazə ilə” qəbul edilirdi. Bir faktı qeyd etmək kifayətdir ki, donanmanın ən böyük döyüş gəmilərində, o cümlədən “Kars” və “Ərdəhan” gəmilərində faktiki olaraq, ali hərbi təhsil almış heç bir azərbaycanlı zabit xidmət etmirdi. Yalnız “Ərdəhan” və “Astrabad” gəmilərində dəniz xidməti kapitanı Həsən Çilingərzadə və birinci dərəcəli kapitan Gitançızadə xidmət edirdi. Belə bir vəziyyət gəmilərin şəxsi heyətinin tərkibində də özünü göstərirdi. Burada xidmət edən azərbaycanlılar ticarət donanmasından idilər və onların hərbi dəniz xidməti təcrübələri yox idi. Bu amillər donanmanın idarəetmə orqanını yaratmağa imkan vermirdi. Hətta Hərbi Nazirlikdə donanma ilə məşğul olan idarə və ya şöbə yox idi. Xəzər hərbi donanması ilə əlaqədar bütün məsələlər həll olunmaq üçün əvvəllər Nəqliyyat Nazirliyinə verilirdi.
Buna baxmayaraq, hökumət yenə də hərbi dəniz işlərində müəyyən qaydalar yaratmağa cəhd göstərirdi. Hər şeydən əvvəl bütün hərbi dəniz işlərinin bir hərbi idarədə cəmlənməsi məqsədilə Baş Qərargahın nəzdində 6 ştat vahidi olan, o cümlədən baş adyutant (dəniz zabiti), onun müavinləri və köməkçisi, iki katib və iki kuryerdən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradılmışdı.
1919-cu il dekabrın 5-də Bakı limanında dayanmış “Kars” və “Ərdəhan” kanoner gəmilərini yoxlamaq məqsədilə xüsusi komissiya təşkil olunmuş və həmin gəmilərdən Azərbaycanın sahillərinin müdafiəsində istifadə edilməsi nəzərdə tutulmuşdu. Bütövlükdə isə Azərbaycanın Xəzər hərbi donanmasının tərkibinə 75 mm, 100 mm və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – “Ərdəhan” və “Kars”, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və yardımçı gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paroxodu, həmçinin lazımi qədər kater var idi.
Həmçinin Bakı Dəniz Aviasiyası Məktəbinin bazasında xüsusi hərbi dəniz aviasiyası məktəbi yaradılması üçün müəyyən tədbirlər görülürdü. 1919-cu ilin payızında bu məktəbin maddi-texniki bazası dözülməz halda idi. Bakı şəhər idarəsinin yaratmış olduğu xüsusi komissiya tərəfindən 1919-cu ilin avqustunda məktəbin yerləşdiyi ərazidəki anqarlarda mühərriksiz və pərlərsiz on hidroaeroplan, həmçinin bu aparatlar üçün ehtiyat qanadlar tapılmışdı. 1919-cu il avqustun 19-da hərbi təyyarəçi poruçik Xan Əfşar Temurçin hərbi xidmət üçün Azərbaycan ordusuna qəbul edilmiş, oktyabrın 14–də isə dəniz aviasiyası dəstəsi yaradılmışdı. 1920-ci il yanvarın 26-da Hərbi Şura tərəfindən bu aviadəstənin yeni ştatı təsdiq edilmişdi.
Hökumət tərəfindən, həmçinin donanmanın və hərbi dəniz aviasiyasının texniki vasitələrlə təmin olunması sahəsində də bir sıra tədbirlər görülmüşdü. Belə ki, Antantanın Ali Şurasına Paris sülh konfransında təqdim olunmuş memorandumda Azərbaycan hökuməti xahiş etmişdi ki, müttəfiq dövlətlər ordunun təmin edilməsi ilə yanaşı, donanmasının sualtı qayıqlarla, lazımi qədər mərmi ehtiyatları ilə təmin olunmaqla gəmi artilleriyası, limanların tam hərbi-texniki təchizatı, hidroaeroplanlar, məftilsiz teleqraflar, optik cihazlar və digər hərbi-texniki vasitələrlə təmin olunmasına kömək göstərsinlər. O cümlədən, donanmanın təmin olunması üçün altı sualtı qayıq, müxtəlif tipli döyüş katerləri, dəniz artilleriya silahları sifariş edilmişdi. Lakin 1920-ci ilin aprel hadisələri ilə əlaqədar, bütün bunları vaxtında almaq mümkün olmadı.
Hökumət şimaldan real təhlükəni nəzərə alaraq, hərbi-strateji əhəmiyyətə malik Bakı sahillərinin müdafiəsinə xüsusi diqqət yetirirdi. 1919-cu ilin avqustunda Baş Qərargah rəisi, general-leytenant M.A.Sulkeviç tərtib etdiyi gizli məruzədə hərbi nazir S.S.Mehmandarova bildirirdi ki, Azərbaycan üçün Xəzər dənizində çox ciddi xoşagəlməz vəziyyət yaranın. Yəni, Bakının başının üstünü iki güclü təhlükə almışdı: bir tərəfdən Zakaspidən və Həştərxandan bolşevik, digər tərəfdən isə Port-Petrovskdan ağqvardiyaçılar ölkəni təhdid edirdi.
Bakı dəniz tərəfdən tamamilə açıq olduğundan generalın fikrincə, “hər an hətta ölkə rəhbərliyinin yerləşdiyi rayona desant çıxarılmasını gözləmək olar”. Bununla əlaqədar müvafiq tədbirlər görülməsini təklif edən general bildirirdi ki, dənizin müşahidəsini təşkil etmək, Bakıya dəniz tərəfdən giriş yollarının artilleriya müdafiəsini hazırlamaq və nəhayət, dəniz polisi və liman keşikçi gəmisi təşkil etmək lazımdır. Məruzədə, həmçinin sahil mühafizəsini və dəniz kəşfiyyatını təşkil etmək üçün də konkret tədbirlər görülməsi əksini tapmışdı. Nəzərə almaq lazımdır ki, həmin vaxtda Azərbaycanın hərbi gəmiləri yox idi, ancaq dəniz kəşfiyyatı üçün şəxsi heyəti azərbaycanlılardan ibarət olan iki paroxodun top və pulemyotlarla silahlandıraraq istifadə olunması təklif edilirdi. Bundan başqa, müdafiə məqsədilə bir neçə barkas və mühərrikli qayıqdan istifadə edilməsi də təklif olunmuşdu. General Sulkeviçin fikrincə, bu bütün sahil zonasına Mixaylovkadan (Aşağı körpüdən) başlayaraq Bəndovana, əgər imkan olarsa, hətta Astaraya qədər nəzarət etməyə imkan verərdi.
Bakı sahillərinin təbii mövqeyini nəzərə alaraq Şıxov burnunda, Nargin adasında və Sultan (Zığ) burnunda artilleriya qurğuları sistemlərini yerləşdirmək yolu ilə paytaxtın sahildən səmərəli müdafiə sistemini yaratmaq olardı. Bu mövqelərdən çarpaz artilleriya atəşi Bakı körfəzinə və sonra limana dənizdən girişi bağlamağa imkan verirdi.
1919-cu il sentyabrın 13-də S.Mehmandarov Baş nazir N.Usubbəyova artilleriya və mühəndis işləri baxımından görülən tədbirlər haqqında məruzə etmişdi: “1. Əvvəlki səngərlər təzələnir; 2. Məftil maneələr düzəldilir; 3. Bakı körfəzinə girişi bağlayan batareyalar üçün yer seçilmişdir; 4. 1915-1916-cı illərdəki telefon əlaqəsi bərpa olunur”.
Hərbi nazir Bakı möhkəmləndirilmiş rayonunun rəisi vəzifəsinin təsis olunmasını təklif edir ki, Bakının müdafiəsini təşkil etmək işləri bir əldə cəmləşdirilsin və o, Bakı hərbi general-qubernatoru vəzifəsilə əvəz edilsin. Dövlət Müdafiə Komitəsinin qərarı ilə həmin gün bu iş görüldü.
Elə həmin gün S.Mehmandarovun imzaladığı əmrlə Bakı möhkəmləndirilmiş rayonuna strateji əhəmiyyətinə görə birinci dərəcəli qala statusu verildi. Rayonun sərhədi Xəzər dənizinin sahili boyu Qızılburundan tutmuş Ələtə qədər müəyyən edilmişdi. Xəzər dənizi sahili boyunca yerləşən hərbi liman üzən vasitələr, bütün artilleriya hissələri, həmçinin qarnizonun qoşun və idarələri möhkəmləndirilmiş rayonun rəisinə tabe edilmişdi.
Sentyabrın 16-da Dövlət Müdafiə Komitəsi tərəfindən Bakı möhkəmləndirilmiş rayonun rəisinə “ölkənin müdafiəsi üçün zəruri olan hər cür əşyaları müsadirə etmək” hüququ verilmişdi. Oktyabrın 26-da şəhərin hüquq mühafizə orqanları da onun tabeliyinə verilmişdi. Bakı möhkəmləndirilmiş rayonunun rəisi, general-mayor Murad Gəray Tlexas, qərargah rəisi isə polkovnik İ.Hacıbəyli təyin olunmuşdular.
1919-cu ilin oktyabrında Bakı möhkəmləndirilmiş rayonunda müdafiə işləri yüksək templə gedirdi. Nargin adası və Şıxov burnunda əlaqə yolları, həmçinin toplar üçün meydança və müşahidə məntəqələri hazırlanmışdı. Bütövlükdə Nargin adasının ya qalaya, ya da güclü möhkəmləndirilmiş rayona çevrilməsi planlaşdırılmışdı. Buna görə də adada ordu üçün kazarma və anbarlar tikilir, telefon əlaqəsi yaradılırdı. Noyabrın əvvəllərində Nargin adasında 8 top yerləşdirilmişdi, Bayıldan məntəqələrə paylamaq üçün 6 top aparıldı.
Dayaq məntəqələri arasında etibarlı rabitə əlaqəsinə xüsusi diqqət yetirilirdi. Xüsusilə Bakı möhkəmləndirilmiş rayonu idarəsindən aşağıda mövqe batareyasının idarəsi şəhər mərkəzi rabitə sistemindən asılı olmayan müstəqil rabitə sisteminə malik olmalı idi ki, Şıxov, Bayıl, Narginlə Zığ vasitəsilə, şəhər mərkəzi stansiyası və möhkəmləndirilmiş rayon rəisi idarə ilə əlaqə yarada bilsinlər. Şıxovda, Zığda və Nargində kommutatorlar quraşdırılmışdı ki, bu da səhra telefon məntəqələri ilə əlaqə yaratmağa imkan verirdi. Beləliklə, Nargin adasında və ya mövqe batareyasının idarəsində olmaqla hər bir məntəqə ilə danışmaq mümkün idi.
1919-cu il dekabrın 8-dən 14-dək Bakıya dənizdən girişdə müdafiə mövqelərinin möhkəmləndirilməsi işlərinin gedişi təftiş olunmuş və nəticələri hərbi nazirə məruzə edilmişdi. Bu təftiş görülmüş işlərdə bir sıra nöqsanların olduğunu üzə çıxarmışdı. Əgər Şıxov burnunda və Nargin adasında bütün işlər düzgün aparılırdısa, Sultan burnunda piyada üçün səngərlər düzgün qazılmamışdı və tikinti işlərinin sürəti zəif aşağı idi.
1919-cu il noyabrın 19-da general Sulkeviç tərəfindən M.Q.Tlexasa sərəncam verilmişdi ki, sərhəd mühafizəçiləri şöbəsi ilə birgə Xəzər sahillərinin, xüsusilə Qızılburunla Ələt arasında və sonra Astaraya qədər müşahidəni təşkil etsin.
Bakı möhkəmləndirilmiş rayonu qoşunlarının tərkibi bir, xüsusi mühüm vəziyyət yarandıqda isə iki piyada alayından ibarət idi. Qarnizonun bütün hissələrində ştatlar tezliklə müharibə dövrünün tələblərinə uyğunlaşdırılmalı, bütün komandir heyəti möhkəmləndirilmiş rayonun bütün mövqeləri ilə tanış olmalı idilər. 1919-cu ilin noyabrında Qala kəndində pulemyot və toplarla silahlandırılmış piyada bölüyü yerləşdirilmişdi ki, bu da onun münasib vəziyyəti ilə əlaqədar idi.
1920-ci ilin əvvəllərində Dövlət Müdafiə Komitəsinin qərarı ilə Bakı rayonunun möhkəmləndirilməsi üçün dövlət xəzinəsindən hərbi nazirliyin hesabına 6 milyon rubl məbləğində kredit ayrılmışdı. Ümumilikdə isə, hərbi nazirliyin Bakı möhkəmləndirilmiş rayonun mühəndis işləri üzrə smeta xərcləri 14 milyon rubl təşkil edirdi.
1920-ci ilin yazında Bakının müdafiəsini gücləndirmək məqsədilə möhkəmləndirilmiş rayonun rəisi general-mayor İ.A.Usubov 12 mart tarixli gizli əmrində qarnizonun hissələrinin döyüş hazırlığının gücləndirilməsi ilə əlaqədar başqa tədbirlərlə yanaşı Xəzər hərbi donanmasına da konkret tapşırıqlar vermişdi. Xüsusilə “Astrabad” və “Pirallahı” hərbi gəmiləri daim döyüş hazırlığı vəziyyətində olmaq, ticarət limanının rəisinə isə Şıxov burnu və Zığla əlaqəni təmin etmək üçün iki barkas ayırmaq göstərişi verilmişdi.
1920-ci il aprelin 8-də general-mayor Tlexas tərəfindən imzalanmış “Bakı möhkəmləndirilmiş rayonu hərbi general-qubernatorunun Xəzər dənizinin su nəqliyyatı üzrə mütləq qərarı”nda xəbərdarlıq edilirdi ki, “xüsusi səlahiyyətə malik yollar və su nəqliyyatı nazirinin yazılı icazəsi olmadan heç bir gəmi Bakı buxtasından açıq dənizə çıxa bilməz”.
Bakı buxtasına giriş və çıxışa yalnız gəmilərin yolu ilə - Nargin adası ilə Şıxov burnu arasından icazə verilirdi. Bütün gələn və Bakı buxtasından çıxan sərnişin və yük gəmiləri mütləq sahildən 3 kilometr məsafədə Bayıl burnunun sonundakı liman keşikçi gəmisinə sərnişinlərin pasportunun və yük sənədlərinin yoxlanması üçün yaxınlaşmalı idi. Yazılı şəkildə alınmış icazə isə dənizdə yalnız bir gün üzməyə hüquq verirdi. Bu qərarı pozanlar müharibə dövrünün bütün ciddiliyi ilə qanun qarşısında cavabdeh olurdu. Bu tədbirlər, hər şeydən əvvəl, Bakıya gizli yolla bolşevik qrupları tərəfindən silah gətirilməsinin, həmçinin gizli yolla neft və neft məhsullarının Həştərxana daşınmasının qarşısını almağa yönəldilmişdi. Eyni zamanda, 1918-1920-ci illər arasındakı dövr bir tərəfdən sovet hərbi-dəniz qüvvələrinin, digər tərəfdən isə ağqvardiyaçılar və ingilislərin arasında Xəzər uğrunda gedən kəskin silahlı mübarizəylə xarakterizə olunurdu.
1918-ci ilin payızında sovet hökuməti və dəniz komandanlığı Xəzər dənizində hərbi dəniz qüvvələrini gücləndirmək üçün təcili tədbirlər gördülər. Lenin vətəndaş müharibəsinin bu döyüş səhnəsinə mühüm əhəmiyyət verir, Rusiya Hərbi Şurasının Cənub cəbhəsi Qafqaz-Xəzər şöbəsi sədrinin adına göndərdiyi 1918-ci il 12 noyabr tarixli teleqramda tələb edirdi ki, “hərbi işlər və Xəzərin işğal olunması məsələsinin üzərinə möhkəm düşün”.
Xəzərdə 1918-ci il avqustun 21-də ingilislərlə ilk toqquşma baş verdi. Həştərxan donanmasının tərkibində olan silahlı “Özbək” paroxodu Dərbəndin yaxınlığında İngiltərənin “Prezident Krüger” gəmisinə hücum etdi. “Prezident Krüger” gəmisinin yalnız yüksək sürəti ona təqibdən yayınmağa imkan verdi. General Denstervil sonralar xatırlayırdı ki, “Xəzər dənizində bizim ilk dəniz döyüşümüz beləcə şərəfsiz başa çatdı”.
1918-ci il oktyabrın 13-də Həştərxan-Xəzər hərbi donanması yaradıldı. Donanma təyinatına görə iki müstəqil hissəyə - Həştərxanda yerləşmiş dəniz və Tsaritsındakı (Volqoqrad) çay hissələrinə bölünmüşdü. Baltik donanması və Volqa çayının yuxarı axarından Xəzərə gətirilən gəmilər hesabına gücləndirilmiş Həştərxan-Xəzər hərbi donanmasında 1918-ci ilin axırlarında 32 mm, əksəriyyəti isə 75-100 mm çaplı toplarla silahlanmış 13 ən böyük döyüş gəmisi (4 yardımçı kreyser və 6 esmines), həmçinin onlarla yardımçı gəmi, sualtı qayıq, 4 qırıcı və 6 hidroaeroplan var idi. Artıq 1918-ci ilin payızında Həştərxan-Xəzər hərbi donanması fəal hərbi əməliyyatlara başladı. Bir neçə müvəffəqiyyətli əməliyyat ingilislərin özlərini Xəzərdə tam səlahiyyət sahibi kimi hiss etməsinə imkan vermədi.
1919-cu ildə yazın gəlməsi ilə Xəzər dənizində fəal döyüş əməliyyatları yenidən başlandı. Aprel ayının sonunda Həştərxan-Xəzər hərbi donanması Aleksandrovsk fortunu və Port-Petrovski işğal etmək üçün əməliyyatlar keçirdi. Aprelin 30-də hərbi dənizçi desantçılar tərəfindən Aleksandrovsk istehkamı işğal olundu. Lakin mayın 21-də Tüb-Karaqan körfəzində Həştərxan-Xəzər hərbi donanması dəniz döyüşündə müvəffəqiyyətsizliyə uğradı. İngilis-ağqvardiyaçı donanmasının gəmiləri, gəmi artilleriyasının güclü atəşi, gəmilərin sürətliliyi və manevrliliyi baxımından üstünlüyü, həmçinin havada tam üstünlüyə malik olması nəticəsində sovet hərbi donanmasına ciddi zərər vurdu. Hətta donanmanın bir neçə gəmisi batırıldı. Həştərxan-Xəzər hərbi donanması yerdə qalan gəmiləri Aleksandrovsk fortunda qoyub, mühasirəyə alınmış Həştərxana çəkildi. Xəzər dənizində hərbi əməliyyatlar səhnəsində təşəbbüs ingilis-ağqvardiyaçı hərbi dəniz qüvvələrinə keçdi.
1919-cu ilin yayında donanmada dəyişiklik aparıldı. RSFSR Hərbi İnqilab Şurasının 1919-cu il 31 iyul tarixli əmri ilə Volqa və Həştərxan-Xəzər hərbi donanmaları Şimal, Yuxarı Həştərxan və Dəniz olmaqla üç dəstədən ibarət Volqa-Xəzər hərbi donanmasında birləşdirildi. Volqa-Xəzər hərbi donanmasına F.F.Raskolnikov komandan təyin olundu. Xəzərdə döyüş əməliyyatlarını donanmanın dəniz dəstəsi aparırdı. 1919-cu ilin avqustunda Volqa-Xəzər donanması bütövlükdə müxtəlif tipli 130 gəmidən ibarət idi. Volqa-Xəzər hərbi donanmasının gücü imkan verirdi ki, Həştərxanı və Volqanın mənsəbini nəinki müdafiə etsin, hətta 1919-cu ilin yayında və payızında denikinçi hərbi donanmaya güclü zərbələr endirsin.
Denikinçi Xəzər hərbi donanması başda “Oryol” flaqman xidmət gəmisi olmaqla üç dəstədən ibarət idi. Birinci dəstənin tərkibinə 9 yardımçı kreyser daxil idi. Bu dəstə əsas etibarı ilə Həştərxan yaxınlığında 12 futluqda reyd edirdi. Volqanın mənsəbində hərəkət edən ikinci dəstə 6 kanoner qayığından və 3 barjdan ibarət idi. Nəhayət, nisbətən zəif olan üçüncü dəstə əsas etibarı ilə yardımçı gəmilərdən – motorlu katerlərdən, nəqliyyat gəmilərindən, hidromatlardan (4 aparatlı), xidmət gəmisi və bir kanoner qayığından ibarət idi. Qırmızı donanma əleyhinə döyüş əməliyyatları aparmaqla yanaşı, ağqvardiyaçı döyüş gəmilərinin qarşısında belə bir tapşırıq qoyulmuşdu ki, yalnız İran və Port-Petrovsk limanları ilə əlaqə saxlamaqla Azərbaycan dənizdən hər vəchlə təcrid edilsin. O dövrdə baş vermiş hadisələrin fəal iştirakçısı ağqvardiyaçı N.Ryabinin qeydlərinə görə, “cənubda Xəzərdən başqa heç bir yerdə ağların dəniz qüvvələri komandanlığı belə mükəmməl formada olmamışdı”.
1920-ci ilin əvvəlləri Cənub və Türküstan cəbhələrində Qızıl Ordunun bir sıra böyük qələbələri ilə əlamətdar oldu. Fevralın 6-da M.Frunzenin qoşunları Xəzər dənizinin ən böyük limanlarından olan Krasnovodsku tutmuşdu. 1920-ci il martın 18-də dəniz yolunun açılması ilə 8 yardımçı kreyserin, 18 esminesin, 19 kanonerin, 4 sualtı qayığın və s. daxil olduğu Volqa-Xəzər hərbi donanması Xəzərdə fəal döyüş əməliyyatlarına başladı. Volqa-Xəzər hərbi donanmasına tapşırıq verilmişdi ki, “sahil məntəqələrindən geniş istifadə etmək şərtilə Xəzər dənizini ələ keçirsin”.
Aprelin 2-də donanmanın gəmiləri artıq XI ordu tərəfindən tutulmuş Port-Petrovska yaxınlaşdı. Donanma buradan Aleksandrovsk fortuna doğru hərəkət etdi və tezliklə fort təslim oldu. Nəticədə 2 ağqvardiyaçı general, 70 zabit, mindən çox kazak əsir götürüldü. Bütün bu uğursuzluqlar ağqvardiyaçıları məcbur etdi ki, donanmanı İranın Ənzəli limanına ingilislərin himayəsinə aparsın. Bu donanmanın gəmiləri həm də Azərbaycan hakimiyyətinin icazəsi ilə 1920-ci il aprelin əvvəllərində Bakı limanına daxil olmuşdu.
Eyni zamanda, Qafqaz cəbhəsinin komandanlığı artıq 1920-ci ilin yazında Azərbaycana soxulmaq üçün hazırlığa başladı. Qafqaz cəbhəsi komandanlığının 1920-ci il 21 aprel tarixli direktivinə uyğun olaraq Volqa-Xəzər hərbi donanmasının komandanı F.Raskolnikova göstəriş verilmişdi ki, XI ordu Bakıya yaxınlaşarkən Ələt stansiyası rayonuna hərbi dənizçilərdən ibarət desant çıxarsın və Bakıda neftdoldurma donanmasını ələ keçirsin və neft mədənlərinin məhv edilməsinə yol verməsin. Sovet komandanlığı ehtiyat edirdi ki, onların zirehli qatarı Bakıya hərəkət edən zaman Azərbaycan hərbi donanmasının gəmiləri böyük çaplı topların atəşi ilə zirehli qatarı məhv edər, körpüləri və yol tikintilərini dağıdar. Bunun üçün minadaşıyan diviziona tapşırıq verilmişdi ki, Abşeron yarımadasının digər tərəfinə çıxsın, Azərbaycanın “ordunun cinahlarından asılmış” kanoner gəmilərini Sumqayıta qədər nəzarətdə saxlasın. Sonra isə onlar şəraitdən asılı olaraq hərəkət etməli idilər. Azərbaycan donanması qeyri-fəal hərəkət edərdisə, onda sovet minadaşıyıcıları Bulla adasına tərəf manevr etməli və Bakı-Ənzəli əlaqəsini kəsməli idi ki, Bakıdan təxliyənin və əksinə, Ənzəlidən Bakıya kömək göndərilməsinin qarşısı alınsın.
Lakin 1920-ci il aprelin 27-də XI ordu Azərbaycan ərazisinə daxil olduqdan sonra Azərbaycanın Xəzər hərbi donanması özünü tamamilə başqa cür apardı. Lakin bolşeviklərin zirehli qatarının Bakıya daxil olmasına kanoner gəmilərindəki topların atəşi ilə maneə yaratmalı olan donanma nəinki öz döyüş tapşırığını yerinə yetirə bilmədi, hətta aprel çevrilişində fəal iştirak etdi. Bu, onunla bağlı oldu ki, yerli kommunistlər “Kars” və “Ərdəhan” kanoner gəmilərinə öz adamlarını sala və hətta burada özlərinin ilkin özəklərini yarada bilmişdilər. Bakının dənizdən müdafiəsinin yarılmasında Bakı hərbi limanında rəis müavini işləyən kommunist Çingiz İldırım sahil batareyaları toplarının sürgülərini sökməklə fəal rol oynamışdı.
Bu vaxt Ələt stansiyası rayonuna yaxınlaşan Volqa-Xəzər hərbi donanmasının 650 əsgər, pulemyot və 4 düymlük toplarla silahlanmış hərbi dənizçilərdən ibarət desantçılar dəstəsi cənub istiqamətində irəlilədi. Volqa-Xəzər hərbi donanması gəmiləri – “Karl Libknext”, “Deyatelnı” və “Rastoropnı” esminesləri mayın 1-də Bakı buxtasına daxil oldular. Mayın 3-də və 4-də Lənkərana və Astaraya hərbi-dəniz desantçıları çıxarılmış və beləliklə də Azərbaycanın bütün Xəzəryanı ərazisi Volqa-Xəzər hərbi donanmasının nəzarətinə keçmişdi.
Beləliklə də Azərbaycan Respublikasının döyüş qabiliyyətli, güclü hərbi dəniz qüvvələri yaratmaq cəhdləri ilk mərhələdə uğursuzluğa uğradı. Bu, bir tərəfdən respublika hərbi dəniz donanması gəmilərində maddi-texniki bazanın zəif olması, digər tərəfdən isə donanma zabit kadrlarının və mütəxəssislərinin olmaması ilə bağlı idi. Bundan başqa, respublikada hərbi dəniz qüvvələrinə yüksək səviyyəli komanda-mühəndis kadrlarının hazırlanması üçün xüsusi tədris məktəbi yox idi. Burada Rusiya imperiyasının Şimali Azərbaycana olan müstəmləkəçilik siyasəti, xüsusilə hərbi sahədə, azərbaycanlıların hərbdən, hərbi dəniz təhsilindən uzaqlaşdırılması, həmçinin onların Rusiyanın hərbi dəniz qüvvələrində xidmət etmək imkanından məhrum edilməsi də acı nəticəsini göstərdi.
Bu dövrdə Azərbaycan hökumətinin Xəzər dənizində hərbi dəniz qüvvələrini yaratmaq cəhdləri xaricdən, xüsusilə denikinçilər tərəfindən əks təsirlə qarşılanırdı. Odur ki, Azərbaycan yalnız Bakının dənizdən müdafiəsini təşkil etməklə kifayətlənməli oldu. 1918-1920-ci illərdə kifayət qədər döyüş qabiliyyətli milli hərbi dəniz qüvvələrinin yaradılmamasının əsas səbəbi isə Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün qısamüddətli olması idi.
Nurulla Əliyev
Tarix elmləri doktoru,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının
Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə professoru,
“Azərbaycan Tarixçiləri” İctimai Birliyinin üzvü,
ehtiyatda olan 1-ci dərəcəli kapitan