Şanlı hərb tariximiz gənclər üçün örnəkdir

6-09-2017, 10:47


 Ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli mənlik şüurunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə tədbirlər respublikamızın bütün bölgələrini əhatə edir. Bölgələrdə fəaliyyət göstərən ictimai təşkilatlar və dövlət orqanları bu işdə daha fəallıq göstərirlər. Həyata keçirilən maarifləndirmə işləri gənclərin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq qətiyyətlə demək olar ki, hərb tariximizdə olan şəxsiyyətlərin tanıdılmasına ehtiyac duyulur. Məlum olduğu kimi Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda hərbi qəhrəmanlığının qədim və zəngin tarixi vardır. Gənclərimiz bilməlidir ki, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan, Cavanşir və Babək, Uzun Həsən və Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr müstəqilliyimiz uğrunda mübarizələrdə xalqa xidmət etmişlər. Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828-1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman azərbaycanlılar orduda xidmət əvəzinə müxtəlif cür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır ki, onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. Vitse-admiral rütbəsinə qədər yüksəlmiş İbrahim bəy Allahverdi oğlu Aslanbəyov (1822-1900) Peterburqda Hərbi Dəniz Korpusunu bitirmiş, Qara və Baltik dənizlərində hərbi gəmilərdə komandir olmuş, 1878-ci ildə kontr-admiral rütbəsi aldıqdan sonra Rusiyanın 8-ci Hərbi-Dəniz Donanmasının (HDD) rəisi təyin edilmişdir. Admiral İ. Aslanbəyov 1879-1882-ci illərdə rəhbərlik etdiyi gəmi heyəti ilə dövr-aləm səyahətində olmuş, Sakit okeanda iti sürətlə üzən gəmilərin hərbi heyətinə komandanlıq etmiş və 1887-ci ildə vitse-admiral rütbəsinə yüksəlmişdir. Mayor İskəndərbəy Məmmədkərim oğlu Hacınski (1809-1878) 1835-ci ildən rus ordusunda qulluqda olmuş, Krım müharibəsində (1853-56) iştirak etmişdir. O, Rusiyanın 3-cü dərəcəli Anna və 2-ci dərəcəli Stanislav ordenləri, İranın 2-ci dərəcəli "Şir-i Xurşid" ordeni ilə təltif edilmişdir. Rusiya-Yaponiya müharibəsinin gedişində Yaponiya donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S. Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Şahtaxtinski Əbülfət Nəcəfqulu oğlu 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım Qacar, Əmənulla xan Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T. Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilə təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı Abşeron alayı, Dağıstan alayı (№ 82), Samur alayı (№ 83), Şirvan alayı (№ 84), eləcə də Şamaxı alayı (№ 205) və Səlyan alayı (№ 206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər. XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişmişdir. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yaymışlar.

Azərbaycanda milli ordunun yaradılması haqqında ilk təklif Rusiya çarizmi dağıldıqdan sonra, 1917-ci ilin mayında keçirilən Qafqaz Müsəlmanları Qurultayında edilmişdir və bu qurultayda müsəlman alayları yaradılmasına başlamaq üçün xüsusi büronun təşkili haqda qərar qəbul edilmişdi. Bundan az sonra həmin ilin oktyabrında Azərbaycan Türk Demokratik Federalistlər Partiyası (ATDFP) - "Müsavatın" I qurultayında milli ordunun yaradılması geniş müzakirə edilmişdi. 1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığı Zaqafqaziyanın respublikalarında milli hərbi korpuslarının yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan korpusunu təşkil etmək general Əliağa Şıxlinskiyə tapşırılmışdı. Lakin Ermənistandan və Gürcüstandan fərqli olaraq Azərbaycanda bu iş çox ləng gedirdi. Bunun nəticəsidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi bir tarixdə-1918-ci ilin 28 mayında ölkədə keçmiş müsəlman könüllü dəstələrindən ibarət 600 nəfərlik bir hərbi hissə var idi. Əlbəttə, bu cüzi hərbi qüvvə ilə Azərbaycanın müstəqilliyini müdafiə etmək və Bakıda Şaumyanın başçılıq etdiyi Bakı Soveti (Bakı kommunası) qoşunlarının Gəncə üzərinə hazırlanan hücumunun qarşısını almaq çətin idi. Belə bir vəziyyətdə Azərbaycanın kömək gözləyə biləcəyi yeganə ölkə Türkiyə idi. Bu məqsədlə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının (AXCNŞ) sədri Fətəli Xan Xoyski Türkiyə hökumətinə hərbi yardım haqqında xahiş etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1919-cu il dövlət büdcəsində hərbi xərclər büdcənin 24 faizini təşkil edirdi və həmin il 25 min nəfərlik milli ordu yaradılması nəzərdə tutulmuşdu. Hərbi Nazir general S.Mehmandarov 1919-cu ilin 2 aprelində Nazirlər Şurasına göndərdiyi məktubunda Azərbaycan xalqının şöhrətli hərb tarixinə malik olduğunu qeyd etmişdir.Göstrəmişdir ki,tarixi qəhrəmanlıq ordumuzun milli vətənpərvərlik ruhuna təsir edən vacib amillərdən biridir. 1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyasından ibarət idi. Bundan əlavə Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində həmin dövrdə üç zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi.


1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi heyətinin 40 min nəfərə çatdırılması planlaşdırılırdı. Hərbi xidmətə 19-24 yaşlı məxsus gənclərin çağırılması nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan, 6 aeroplan, 9 zirehli avtomobil və s. alınması planlaşdırılmışdı. Gəncədə bir hərbi zavod işləməyə başlamışdı. Lakin eyni zamanda Azərbaycanın Avropa ölkələrində silah alması da böyük çətinliklərə rast gəlirdi. Belə ki, Antanta ölkələri Azərbaycanın Osmanlı Türkiyəsi ilə əlaqələrini bilərək, ona silah satmaq istəmirdi. Bütün bunlara baxmayaraq Azərbaycan ordusu xeyli möhkəmlənmiş və yüksək intizamlı ordu yaradılmışdı. 1919-cu ilin sentyabrında Bakıda olmuş ingilis hərbi müxbiri Skotland Liddel öz təəssüratlarında yazırdı: "Mənə deyirdilər ki, burada qarışıqlıqla rastlaşacağam, amma heç bir qarışıqlıq görmədim... yol boyu biz Azərbaycan ordusunun yüzlərlə cavan əsgəri ilə qarşılaşdıq, onlar iki il əvvəl gördüyüm əsgərlər deyildirlər. Hətta bir ay əvvəlkilərə belə oxşamırdılar. Azərbaycan ordusu sürətlə təşkil olundu, sürətlə də lazımi şəklə düşdü. Azərbaycan dərk etdi ki, intizamsız ordu sadəcə olaraq yaşaya bilməz. Azərbaycanda dəmir intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur". Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü (1918-1920) Azərbaycanın 21 döyüş generalı olmuşdur. Bunlar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Xosrov bəy Sultanov, İbrahim ağa Vəkilov, İbrahim ağa Usubov, Hüseynxan Naxçıvanski, Mirkazımxan Talışxanov, Firudin bəy Vəzirov, Qalib bəy Vəkilov, Daniyal bəy Həlləcov, Əliyar bəy Haşımbəyov, Süleyman bəy Əfəndiyev, Teymur bəy Novruzov, Əmir Kazım Mirzə Qacar, Məhəmməd Mirzə Qacar, Əmənulla Mirzə Qacar, Feyzulla Mirzə Qacar, Cavad bəy Şıxlinsi, Məmməd Sadıq bəy Ağabəyzadə və digərləri idilər. General-leytenant Məmmədbəy Sulkeviç (litva tatarı, Azərbaycan vətəndaşlığını qəbul etmişdi) 1918-1919-cu illərdə Azərbaycan ordusunda Baş qərargahın rəisi və az sonra korpusun komandiri olmuşdur. General-mayor Cavad bəy Şıxlinski, general Məhəmməd Mirzə Qacar Gəncədə XI Orduya qarşı xalq mübarizəsinə rəhbərlik etmişlər. Azərbaycan generallarından Xalq Cümhuriyyəti (AXC) hökumətinin I və II kabinələrində Hərbi Nazir Xosrov bəy Sultanov, Daxili İşlər Naziri isə Behbud Cavanşir olmuşdur. Xosrov bəy Sultanov 1919-cu ildə Qarabağın general-qubernatoru vəzifəsində çalışmışdır. Rəsmi araşdırmalar göstərir ki, 1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusuna xidmət edən 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və odpraporşik, 266 digər rütbəli hərbi qulluqçu məhv edilmişdir. Həmin dövrdə qırmızı terrorun qurbanı olaraq əksəriyyəti 1920-ci ildə Nargin adasında güllələnmiş generallarımız aşağıdakılardır: General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (Azərbaycan Cümhuriyyətinin ilk Hərbi Naziri), general-mayor Əmir Kazım Qacar, general-mayor İbrahim ağa Usubov, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid bəy Şərifbəy oğlu Qaytabaşı, general-mayor Murad Gəraybəy oğlu Tlexas (milliyyətcə çərkəz olan Murad bəy 1918-ci ildə Azərbaycana könüllü olaraq gəlmişdi), general-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov. Azərbaycan Respublikasının Sovet Sosialist Respublikası İttifaqı (SSRİ) tərkibində olduğu 1923-cü il yanvarın 1-dən sonrakı ilk 17 ildə (yəni Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə) Respublika vətəndaşları Sovet Ordusu tərkibində ümumi əsgəri mükəlləfiyyətə cəlb edilməklə yanaşı,Azərbaycanda bir milli atıcı diviziya da var idi. Həmin dağ-atıcı diviziyası 1920-ci ilin 30 oktyabrında təşkil edilmişdi və 1938-ci ilə qədər mövcud olmuşdur. 1924-1930-cu illərdə diviziyanın komandiri Cəmşid Naxçıvanski (1895-1938) olmuşdur. Sovet Ordusunun təşkili ərazi sistemindən sırf kadr sisteminə keçirildikdə (1938) həmin diviziya 77-ci diviziya adı ilə Zaqafqaziya hərbi dairəsi (1935-ci ildə yaradılmışdır) ordusu tərkibinə daxil edilmişdi. Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi (MN), oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin (ASQ) yaradılması barədə qərar qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi "Silahlı Qüvvələr günü" elan edilmişdir.
Hal-hazırda Azərbaycan Ordusu Azərbaycan dövlətçiliyini, ərazi bütövlüyünü qorumağa qadir olan və regionda ən böyük ordudur. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Respublikası Silahlı Qüvvələri müstəqilliyimizin əsas qarantı olaraq ölkəyə ola biləcək hərbi təhdidin qarşısını ala biləcək gücə malikdir. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları da genişlənir. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat (135 milyon ABŞ dolları) olduğu halda, 2010-cu ildə 2,2 milyard manat (2,7 milyard ABŞ dolları) təşkil etmiş, 2011-ci il dövlət büdcəsində isə bu məbləğin 2,4 milyard manat (3,0 milyard ABŞ dolları) olması gözlənilir. Azərbaycan ordusu 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqəsi vardır. Həmçnin, Azərbaycan Sülhməramlı Qüvvələri (ASQ) Kosovoda, Əfqanıstanda və İraqda beynəlxalq əməliyyatlarda iştirak etmişdir. Etiraf edilməlidir ki, şanlı hərb tariximizin gənclərə aşılanması onların vətənpərvərlik hissinin formalaşmasında öz xüsusi əhəmiyyət kəsb edir.


Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir




Facebook'da Paylaş