Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

11-11-2024, 23:43

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir.
Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edən ölkə başçımız cənab İlham Əliyev “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib” – fikirləri tədbir iştirakçıları tərəfindən məmnunluqla qarşılanıb.
Dövlət başçımız əlavə edib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.
Azərbaycan – Türk dünyası əməkdaşlığı, tərəfdaşlığı, dostluq və qardaşlığı barədə danışarkən yada düşən ilk məqam TDT-nin bir əvvəl – ötən il noyabrın 3-də Qazaxıstanın Astana şəhərində keçirilən onuncu – yubiley Zirvə görüşü olur. Çünki həmin sammitə qədərki bütün tədbirlər – fəxrlə yada salırıq ki, bu addım Böyük Turanın qədim diyarlarından olan Naxçıvanda atılmışdır – birgə fəaliyyətin ümumi istiqamətlərini stimullaşdırmağa xidmət edirdisə, o görüş artıq konkret bir məsələnin müzakirəsi məqsədini daşıyırdı. Yəni Astana Sammitinin konkret tezisi var idi: “Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı adlı Zirvə görüşü.
Bəli, beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslər nəinki bizi daha mütəşəkkil olmağa çağırır, hətta, belə deyə bilərik ki, tələsdirir. Ölkələrarası münaqişə, müharibə və qarşıdurmalar az imiş kimi, dünyanın bütün güc mərkəzlərində daxili çalxalanma, parçalanma, bir-birinə inamsızlıq kimi hallar sürətlə çoxalır. Bundan başqa, bizə ən yaxın olan İslam dünyası ölkələri də bir-birini dəstəkləməyə tələsmirlər. Türk dünyası isə gündən-günə daha sıx birləşir, daha qüdrətli olmaq üçün zamanın çağırışlarına uyğun addımlar atır. Biz məmnunuq ki, bu prosesdə Azərbaycanın lokomotivlərdən biri kimi fəaliyyət göstərməsi də təqdir olunur, Prezident İlham Əliyevin qətiyyət və prinsipiallığı da.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açmışdı: “Sizin də yaxşı bildiyiniz kimi, dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi ilə möhtəşəm uğurlar əldə edir”.
TDT üzvü olan ölkələrin ali liderlərinin çıxışlarındakı Azərbaycan reallıqlarını əks etdirən məqamları eşidəndə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 44 günlük İkinci Qarabağ müharibəsi dövründə söylədiyi “Azərbaycan tək deyil!” qətiyyətini yada salmamaq olmur.
Həmin sammitdə Prezident cənab İlham Əliyev təkcə hansısa türkdilli ölkədə və ya TDT tədbirində deyil, ümumiyyətlə, hər yerdə, bütün çıxış və nitqlərində Azərbaycanın Türk dünyası ilə əməkdaşlığa böyük önəm verdiyini dilə gətirir. Üstəlik, əlavə edir ki, biz bu əməkdaşlığa önəm verməklə kifayətlənmir, çoxsaylı töhfələr də veririk. Biz məmnunuq ki, Azərbaycan rəhbərliyinin bu xidməti haqqında olan təqdiredici fikirləri Ankara, Astana, Daşkənd, Bişkək və Aşqabad liderləri ilə yanaşı Macarıstan Prezidenti Viktor Orbanın da dilindən eşitmişik.
Heç kəsin yadından çıxmayıb, cənab İlham Əliyev növbəti müddətə prezident seçiləndən sonra – bu il fevralın 14-də andiçmə mərasimində çıxış edərkən demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Cənab İlham Əliyevin TDT-yə üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri təkcə Türk dünyasında deyil, eləcə də, beynəlxalq aləmdə hamıya yaxşı məlumdur. Türk xalqlarının liderləri Prezident İlham Əliyevin bu istiqamətdəki fikirlərini daim bölüşür, eyni zamanda, təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Onlar etiraf edirlər ki, Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.
Xatırladaq ki, TDT-nin dünya miqyasında güc mərkəzlərindən birinə çevrilmək üçün mükəmməl potensialı var. Yəni biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Prezident cənab İlham Əliyev xatırladır ki, bizim zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir: “Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaqdır”.
Rafiq Məmmədov, Əməkdar müəllim




Facebook'da Paylaş