Mustafa Kamal Atatürkü ehtiramla yad edirik

Dünən, 21:29

Mustafa Kamal Atatürkü ehtiramla yad edirik


Sadiq Qurbanov
Komitə sədri


Dəyərli dostlar!

Mustafa Kamal Atatürkü ehtiramla yad edirik.

10 Noyabr – Bu gün Türk dünyasının böyük oğlu, müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün əziz xatirəsini dərin ehtiramla yad edirik.
Atatürk tarixə böyük sərkərdə və dövlət qurucusu kimi daxil olub. O, ağır tarixi şəraitdə bir millətin öz taleyinə sahib çıxmaq iradəsini dövlətçilik fəlsəfəsinə çevirən böyük siyasi şəxsiyyətdir. Onun həyatında hərbi zəfər, siyasi uzaqgörənlik, milli iradə və müasir dövlət düşüncəsi vəhdət təşkil edirdi.
Atatürkün siyasi dünyagörüşündə türkçülük xüsusi yer tuturdu. Milli kimlik, dil, tarix və dövlətçilik onun düşüncəsinin əsas dayaqları sırasında idi. Türk millətinin özünəinamının möhkəmlənməsi və müasir dünyada layiqli mövqeyə yüksəlməsi onun siyasi fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi. Bu fikir mühitinin formalaşmasında Azərbaycan ziyalılarının da böyük izi var. Əli bəy Hüseynzadə türkçülük, islamçılıq və müasirləşmə ideyalarını bir düşüncə xəttində birləşdirərək XX əsrin əvvəllərində Türk dünyasının fikir həyatına güclü təsir göstərmişdi. Əhməd bəy Ağaoğlu isə bu ideyaların ictimai-siyasi müstəvidə inkişafında mühüm rol oynadı və Türkiyənin yeni dövlət quruculuğu prosesində Atatürklə eyni siyasi mühitdə fəaliyyət göstərdi.
Atatürk, Hüseynzadə və Ağaoğlu arasındakı fikir və siyasi bağlar Azərbaycan ilə Türkiyənin ortaq intellektual tarixinin mühüm səhifələrindəndir. Bu tarix Azərbaycan və Türkiyə münasibətlərinin dərinliyini, bu münasibətlərin arxasında dayanan böyük mənəvi və siyasi irsi göstərir. Bu gündə həmin irsin davamını Azərbaycan–Türkiyə münasibətlərində görürük. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” fəlsəfəsi Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Azərbaycan və Türkiyənin birliyi artıq iki qardaş dövlətin münasibətlərindən daha geniş anlam daşıyır. Bu birlik Türk dünyasının siyasi, iqtisadi, enerji, nəqliyyat və mədəni əlaqələrinin möhkəmlənməsinə ciddi təkan verir. Türk Dövlətləri Təşkilatının artan nüfuzu da bu prosesin mühüm göstəricisidir.
Şübhəsiz ki, müasir şəraitdə Türk dünyasının qarşısında yeni imkanlar açılır. Azərbaycan və Türkiyənin qardaşlığı, Türk Dövlətləri Təşkilatının güclənməsi və türk dövlətləri arasında artan həmrəylik qarşıdakı dövrdə də böyük siyasi və iqtisadi imkanlar yaradacaq. Ortaq tariximizi ortaq gələcəyə bağlamaq, dövlətlərimizin gücünü və imkanlarını bir araya gətirmək hər birimizin üzərinə böyük məsuliyyət qoyur.
Atatürkün əziz xatirəsini bir daha ehtiramla yad edirik.
Azərbaycan–Türkiyə qardaşlığı əbədidir. Tanrı TÜRKÜ qorusun!




Facebook'da Paylaş