Andranikə qarşı vuruşan xalq qəhrəmanı Balo bəy Vəkilov

6-02-2022, 10:59

Andranikə qarşı vuruşan xalq qəhrəmanı Balo bəy Vəkilov


1918-ci ili Azərbaycan xalqının ən ziddiyətli tarixi dönəmlərindən hesab etmək olar.
Mart soyqırımları fonunda Azərbaycan xalqı öz müstəqil Cümhuriyyətini elan etmişdi. Həmin dönəmlərdə Türkiyə Azərbaycanda sülh yaratmaq məqəsədi ilə ermənilərlə danışıqlar aparırdı. Ermənilər isə İrəvan şəhərini onlara paytaxt kimi verilməsini tələb edirdilər.
Daşnakların lideri Andranik Ozanyanın Türkiyənin Şərqi Anadolu hissəsində məğlubiyyətə uğrayaraq çıxarılmış qoşunları Azərbaycan ərazisinə daxil olmuşdu. Azərbaycanın yeganə müttəfiqi olan Türkiyə özü çox ağır durumda idi. Belə bir dönəmdə Azərbaycanın ən layiqli övladları öz könüllü dəstələrini yaradaraq doğma yurdlarının müdafiəsinə qalxdılar. Belə şəxsiyyətlərdən biri də Şərur-Dərələyəz qəzasında yerləşən Çivə taborunun komandanı, xalq qəhrəmanı Balo bəy Vəkilov idi. Həmin vaxtı onun cəmi 20 yaşı var idi.
Şərur-Dərələyəz qəzasının naibi Həsənalı Sultan Vəkilovun nəvəsi Balo bəy Cəlil bəy oğlu Vəkilov 1898-ci il Şərur-Dərələyəz qəzasının Civə kəndində doğulub. İlk təhsilini Çivə kəndində mədrəsədə alıb. Uşaq yaşlarında (1905-1907) erməni-müsəlman qırğınlarının şahidi olub. Onda ermənilərə qarşı amansız nifrət yaranıb. 1918-ci il hadisələri başlayandan Balo bəy ermənilərin elə ilk hücumlarından sonra silaha sarılır. Könüllülərdən ibarət güclü müdafiə dəstəsi yaradır. Dəstədə Əhməd bəy (Amo), İsmayıl bəy, Əli bəy, Hüseyn bəy, Qafar bəy, Paşa bəy, Yusif bəy, Kərbəlayı Əşrəf bəy, Kərbəlayi Firudin bəy vəkilovlar və kənd əhalisi ermənilərə qarşı vuruşurdu. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, kəndin camaatı igidliklə vuruşur, ermənilərin bütün hücumlarını dəf edir, onlara sarsıdıcı zərbələr vururdu. Döyüşlərdə Balo bəy xüsusilə şücaət göstərirdi. O, həm də mahir atıcı idi. Müasirləri "Balo bəy abbasını göydə vurur" - deyərək onu atıcılıqda xüsusi bacarığı olduğunu qeyd edirdilər.
Ermənilərin hücumlarından birində Balo bəy və Kərbəlayi Əşrəf bəy öz döyüş dostları ilə birlikdə böyük bir kötüyün içini oyub oraya çoxlu miqdarda barıt doldururlar. Sonra həmin kötüyü partladırlar. Ermənilər gurultunu eşidib vahimələnirlər. Elə başa düşürlər ki, Çivəyə Türkiyədən top gətiriblər. Ermənilər qorxaraq böyük bir ərazini qoyub qaçırlar.
Sonralar ermənilər Çivəni bir neçə dəfə mühasirəyə alırlar. Ancaq müdafiəçilərin müqavimətini qıra bilmirlər. Ağır döyüşlərdən sonra Dərələyəzin müdafiəçiləri Çivə ətrafına yığışırlar. Bu zaman Vedibasar istiqamətində də qızğın döyüşlər gedirdi. Orada müdafiəçilərə Abbasqulu bəy Şadlinski başçılıq edirdi. Qüvvələr nisbətinin kəskin dəyişməsi ilə əlaqədar Dərələyəzin, Naxçıvanın (o cümlədən Vedibasarın) əhalisi geri çəkilməli olur. Balo bəy Vəkilov və Çivə müdafiəçiləri də Naxçıvanın bütün əhalisi ilə birlikdə Arazın o tayına - Cənubi Azərbaycana üz tutur.
Yeri gəlmişkən onu da qeyd edək ki, mərhum tarixçi alim Əli Əliyev özü bu hadisələrin canlı şahidi olmuş və "Biz əzablı bir ömür yaşadıq" xatirə memuarında Balo bəy Vəkilov və Çivə müdafiəçilərinin Cənubi Azərbaycana keçməsini təsvir etmişdir.
Çox keçmir ki, müdafiəçilər yenidən geri qayıdır. Bu zaman Balo bəyin əmisi Məşhədi Həsən bəy bu hadisələrin ağırlığına, xalqın faciəli vəziyyətinə dözmür, Naxçıvan şəhərində vəfat edir. Balo bəy geri qayıdandan sonra Bakıya gedir, Məhəmməd Əmin Rəsulzadə ilə görüşür. Məhəmməd Əmin Rəsulzadə öz kəndlərinə qayıtmağı məsləhət görür.
Bu dövrdə Dərələyəzin əhalisinin bir hissəsi Qarabağa köçür. Balo bəy və Çivə müdafiəçiləri isə öz kəndlərinə qayıdır. Yenidən döyüşlər şiddətlənir. Bu döyüşlərdə Balo bəy və müdafiəçilər özlərini məğlubedilməz qəhrəman kimi göstərirlər. Ermənilər Balo bəy və Abbasqulu bəy Şadlinskinin başına mükafat təyin edirlər. Lakin yenə də bu igidləri öldürmək azğın düşmənə qismət olmur.
Bu dövrdə Müsavat partiyasının bölgə üzrə dayaq dəstəsinin sədri Abbas bəy Vəkilov da ciddi fəallıq göstərmişdir. Onu da qeyd edək ki, Çivə müsavatçılarının taleyi də o biri müsavatçılatr kimi faciəli oldu. Onların əksəriyyəti 30-cu illərin repressiya qurbanlarına çevrildilər.
23 aylıq Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinə 1920-ci ilin aprelin 28-də son qoyuldu, Azərbaycan Sovet hakimiyyəti quruldu. Sonra Naxçıvan da sovetləşdi. 1923-cü ildə imperiya siyasətinin və yerli bolşeviklərin köməyi ilə əhalisi yalnız Azərbaycan türklərindən ibarət olan Çivə kəndi Ermənistanın inzibati ərazi bölgüsünə qatıldı. Balo bəy, onun mənsub olduğu nəsil repressiyalara, təqib və təzyiqlərə məruz qaldı. Onların bütün mülkiyyəti - evləri, torpaq sahələri, bağları alınıb kolxoza verildi.

Balo bəy və qardaşı İsmayıl bəy ermənilərin və bolşeviklərin təqib və təzyiqləri altında kəndi tərk etməli oldular. Vəkilovların bir hissəsi 37-ci il faciəsinin qurbanlarına dönür. Balo bəyin əmisi oğlu Əhməd bəy Vəkilov (Amo) isə kənddə qalır. Onları 1940-cı ilə kimi kolxoza üzv olmağa qoymurlar. Nəhayət, Əhməd bəyi də 1951-ci ildə ailəsi ilə birlikdə Ermənistandan deportasiya edirlər. Əhməd bəyin adı köçmə sənədinə qeyd edilsə də, o, gedə bilmir. Hadisələrin ağırlığı və faciəliyi onun da həyatla vidalaşmasına səbəb olur. Övladları isə öz doğma yurd-yuvalarından deportasiya olunaraq Bərdə rayonunun İmirli kəndinə köçməil olurlar. Balo bəy Vəkilov isə qardaşı İsmayıl bəylə birlikdə Naxçıvan ətrafındakı kəndlərdə gizlin yaşayır. Sonra isə Naxçıvanda məskunlaşırlar. 30-cu illərin ağır repressiyalarında Balo bəyin də adı repressiya olunanların siyahısına salınır. Lakin Balo bəyə olan xalq sevgisi onun gizlənməklə repressiyadan xilas olmasına kömək edir.
Lakin Naxçıvanda olan vəzifəli ermənilərə Balo bəyin sağ qalması ağır gəlirdi. Böyük Vətən müharibəsi başlayanda ermənilər Balo bəyi müharibəyə göndərməyə cəhd etsələr də, onun yaşının çoxluğu ermənilərin murdar niyyətini həyata keçirməyə mane olur.
1943-cü ildə Balo bəy Naxçıvanda dükanda satıcı işləyir. Balo bəy burada da ermənilərin hiyləsindən xilas ola bilmir. Ermənilərin şahidliyi ilə Balo bəyin guya ticarətdə etdiyi saxtakarlığa görə həbsinə nail olurlar. Məhkəmə hətta Balo bəy haqqında ölüm hökmü çıxarır, lakin hökm icra edilmir. Balo bəy iki il həbsdə olur. Sonra isə Naxçıvan MR Nazirlər Sovetində işləyən əmisi oğlu İlyas Vəkilovun köməyi ilə həbsdən azad olur.
Balo bəy Vəkilov 1982-ci il tarixdə Naxçıvan şəhərində vəfat edib.
Balo bəy Vəkilov Kəngərli nəslinin nümayəndəsi olan Dostu Xanım Qoçəli bəy qızı Gəngərli ilə ailə qurmuşdur. Onun bu nikahdan Tofiq və Güşvər adlı iki övladı doğulmuşdur. Qızı Güşvər xanım atasını və o hadisələri xatırlayarkən aşağıdakıları deyib:
“Bizim bütün ömrümüz fırtınalardan, təlatümlərdən keçib. Ata nəslim əsilzadə olub. Sovet dövründə coğrafiyasına görə Qazax-İrəvan, Naxçıvan -Dərbənd və digər yerləri əhatə edən Vəkilovlar nəsli ağır repressiyalara məruz qalıb. Ana nəslim də əsilzadə olub. Anam Dostu xanım Kəngərli nəslindəndir. Bibin Xanım məşhur maarifpərvər Tağı bəy Səfiyevin həyat yoldaşı olmuşdur. O biri bibim Münəvvər xanım isə Abbasqulu bəy Şadlinskinin əmisi oğlu Rzaqulu bəy Şadlinskinin həyat yoldaşı olmuşdur”.
Balo bəy Vəkilovun oğlu Tofiq Vəkilov görkəmli dövlət xadimi olmuşdur. O, 1929-cu il tarixində Naxçıvan şəhərində anadan olub. Naxçıvanda tibb məktəbini bitirib, 2 il tibb sahəsində çalışıb. Sonra Bakıda Azərbaycan Dövlət Xalq Təsərüfatı İnstitunu fərqlənmə diploma ilə bitirir. Ordubad rayonunun və Naxçıvan şəhərinin I katibi vəzifəsində çalışır. Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyətinin katibi olur.

Kamil Dərələyəzli




Facebook'da Paylaş