ELMİN ÖMÜRLƏ VƏHDƏTİ[
Oqtay Babayev -90 ELMİN ÖMÜRLƏ VƏHDƏTİMən bütün həyatını elmə həsr etmiş babam-Əməkdar Kənd Təsərrüfatı İşçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Babayev Oqtay Kərəm oğlundan müsahibə aldım. Qeyd edim ki, babam taxıl toxumçuluğu sahəsində elmi potensialı və peşəkarlığı ilə Respublikada tanınmış mütəxəssislərdən biridir. O, uğurlu əmək fəaliyyətinə görə dəfələrlə yarış qalibi olmuş, rayon və qəsəbə sovetinə deputat seçilmiş, “Əməkdə fərqlənməyə görə” medalına layiq görülmüşdür. Babam 1997-ci ildən əmək veteranıdır. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 31 oktyabr 2008-ci ildən “Əməkdar Kənd Təsərrüfatı İşçisi”dir.
Baba, zəhmət olmasa özünüz barədə məlumat verərdiniz. Uşaqlıq və gənclik illəriniz yaddaşınızda necə iz buraxıb? -Aysel, mən 1934-cü il yanvarın 12-də Gədəbəy rayonunda anadan olmuşam. Uşaqlıq və gənclik illərim İkinci Dünya müharibəsi illərinə və ondan sonrakı illərə təsadüf edib. Çox çətin illər idi. Atam İkinci Dünya müharibəsində həlak olmuşdur. 1954-cü ildə Gədəbəy orta məktəbini, 1959-cu ildə isə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) aqronomluq fakultəsini bitirmişəm. 1965-ci ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun aspiranturasını bitirmiş və 1967-ci ildə müvəffəqiyyətlə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışam. 1959-cu ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Sabirabad Təcrübə Stansiyasında Professor R.Rzazadənin şöbəsində elmi işçi kimi fəaliyyətə başlamışam. Professorla birlikdə Muğan zonasını qarış-qarış gəzərək bitki örtüyünü dərindən öyrənmiş və heyvandarlığın yem bazasının artırılması üçün 1961-ci ildə ilk dəfə olaraq, “Muğan zonasında topinanburunun (yerarmudunun) aqrotexnikasına dair” və “Muğanda qızıl sarmaşığın növləri və onlarla mübarizə tədbirləri” adlı elmi məqalələr dərc etdirmişəm. 1960-1962-ci illərdə Azərbaycan EA-nın Torpaq ekspedisiyasında torpaqşünas-mühəndis, baş mühəndis, daha sonra isə Genetika və Seleksiya İnstitutunda Akademik Ə.Quliyevin rəhbərliyi altında kiçik və baş elmi işçi vəzifəsində işləmiş, 1972-ci ildən akademik İmam Mustafayevin göstərişi ilə Qarabağ Elmi-Tədqiqat bazasına direktor vəzifəsinə göndərilmişəm. 1976-1983-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Toxum Müfəttişliyinin rəisi işləmiş, 1983-1996-cı illərdə Nazirliyin Əkinçilik və İpəkçilik idarəsində müxtəlif vəzifələrdə fəaliyyətimi davam etdirmişəm. 1996-cı ildən yenidən Dövlət Toxum Müfəttişliyinə qayıdaraq əvvəl baş aqronom kimi, 1999-cu ildən 2009-cu ilədək isə həmin Müfəttişliyin rəisi vəzifələrində işləmişəm. Bu sahədə çoxsaylı elmi məqalələrin, tövsiyələrin, bir ixtiranın və standartların müəllifiyəm.
-Ömür yolunda və elmi fəaliyyətinizdə həyat yoldaşınız Gövhər Rasizadə ilə birlikdə addımladınız. Geriyə baxanda o illəri necə xatırlayırsınız?-Mən o illəri çox xoş xatirələrlə xatırlayıram.
Gövhər xanımla 1965-ci ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda işləyərkən tanış oldum. 1967-ci ildə biz ailə həyatı qurduq. Gövhər Rasizadə biologiya elmləri sahəsində alim olmaqla bərabər, həm də qayğıkeş, fədakar ana və həyat yoldaşı idi. Biz tez-tez elmi işlərimizlə əlaqədar bir-birimizlə fikir mübadiləsi aparırdıq. Bizim “Fillokseranı bioloji aktiv maddələrin qarışığından yeni alınmış cövhərlə məhv etmək olar!!” adlı bir ixtiramız var. Bu üsul ekoloji cəhətdən təmiz, təhlükəsizdir. Ətraf mühitin çirklənməsinin, insanların zəhərlənməsinin, eyni zamanda müxtəlif xəstəlik və zərərvericilərin yayılmasının qarşısı alınır. Bu mübarizə üsulu demək olar ki, yenilikdir.
-Siz yetişdirdiyiniz yeni soğan sortunun adını niyə “Aytac” qoydunuz?
-Bəli Aysel, Mən bir neçə soğan sortu yetişdirmişəm. Onlardan biri də “Aytac” sortudur. Mən yeni soğan sortuna ilk nəvəm Aytacın adını qoymuşam. Məqsədim də bu olub ki, Aytacı elmə alışdıraq.
-Baba, səni Aytacın bu il Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə qəbil olunması münasibətilə təbrik edirəm.
-Çox sağ ol Aysel. Allaha şükür olsun. Bu məni çox sevindirdi. Aytaca yeni-yeni uğurlar arzulayıram.
-Siz elm sahəsində çalışan gənclərə nə arzu edərdiniz?-Elm sahəsində çalışan gənclərə arzu edirəm ki, heç vaxt nail olduqları ilə kifayətlənməsinlər, daim öz biliklərini təkmilləşdirsinlər. Onlara çalışdıqları sahədə böyük uğurlar, böyük müvəffəqiyyətlər arzulayıram.
Baba, bəs mənə nə arzulayırsan?-Adam balasına nə arzulayar?! Arzum sənin xoşbəxtliyindir. Yaxşı oxuyub universitetə qəbul olunduğun üçün qürurlandım. İndi də təhsilini uğurla başa vurub həyatına firəvanlıqla davam etməyini arzulayıram. Allah səni min budaq eləsin.
Minnətdaram, baba. Bu, bacımın və mənim elmə, təhsilə xüsusi diqqət olunan ailədə böyüməyimizdən irəli gəlir. Sizin kimi nənə, babanın nəvəsi olmaq mənim üçün böyük şansdır. Sizinlə fəxr edirəm.
Aysel MÜBARİZQIZI (Babayeva),
BDU jurnalistika fakultəsinin 4-cü kurs tələbəsi
Facebook'da Paylaş