Latviyadan son məktub…

Dünən, 19:41

Latviyadan son məktub…


Latviyadan son məktub…

İkinci Dünya Müharibəsinin qan-qadası milyonlarla ananın oğluna yığdığı toy boxçasına qara bağlatdı, ər, nişanlı gözləyən 100 minlərlə qız-gəlinin gözü illərlə yollarda qaldı. Təəssüf ki, müharibəyə gedən 600 min Azərbaycan vətəndaşının yalnız yarısı Vətənə salamat döndü. Onların da kimisi yaralı, kimisi şikəst, kimisi kontuziyalı. Bir sözlə, millətimizin genefondu sağalmaz yara aldı. Ən acınacaqlısı isə odur ki, Qərbi Azərbaycandan müharibəyə gedən soydaşlarımız həm Ermənistan Sovet Sosialist Respublikasının tarixindən kənarda qaldılar, həm də Azərbaycan Sovet Sosialist Respublikasının hərb tarixindən ayrı düşdülər. Belə nakam, izsiz, soraqsız oğullarımızdan biri də Əsgər Kazımovdur.
Kazımov Əsgər Usub oğlu 1920-ci ildə Gığı kəndində anadan olub. 1928-ci ildə kənddə yenicə fəaliyyətə başlamış məktəbin birinci sinfinə daxil olub. 1936-cı ildə Gığı kənd yeddiillik məktəbini bitirib. Təhsilini davam etdirməyə, oxumağa çox həvəsli olduğu üçün 20 km aralıda olan Şəhərcik kənd orta məktəbinə getməyin əzab-əziyətinə qatlaşıb.
Onda çox çətin zamanlar idi. Maddi çətinlik bir yana, nəqliyyatın olmaması bu çətinliyi birə beş qat artırırdı. Bütün çətinliklərə baxmayaraq 1937-ci ildə Şəhərcik məktəbinə daxil olub. 1940- cı ildə orta təhsili yaxşı qiymətlərlə başa vuraraq attestat alıb. Həmin dövrlərdə Əsgər Gığı və ətraf kəndlərdən tam orta məktəbi bitirən tək-tək məzunlardan biri olub. 1940 - cı ildə imtahan verərək İrəvan Pedaqoji Texnikumuna qəbul olunub. Elə həmin ilin payızında hərbi xidmətə aparılıb.
Əsgər Usub oğlu Kazımov çox ailəcanlı övlad olub. Şəhərcikdə oxuduğu vaxtlarda valideynlərinə təsərrüfat işlərində kömək edə bilməməsinə görə nə qədər əzab çəkdiyinə, üzüldüyünə tay-tuşları şahid olublar. Əsgərlikdə olanda da valideynləri nigaran qalmasın, deyə mütəmadi məktublar yazıb göndərirdi, məndən nigaran qalmayın deyirdi.
Əsgərin son məktubu Latviyadan gəlib. Məktub “Ana südünü halal elə, bu gün mənə serjant rütbəsi verib müharibəyə yola salırlar” cümləsi ilə bitir. Məktubun içərisində əsgər yoldaşları ilə bir şəkil də göndərib. Məlum olduğu kimi 1941-ci ildə İkinci Dünya Müharibəsi başlayıb və faşistlərin ilk hücumlarından biri Baltikyanı ərazilərə olub. Bununla da Əsgər Kazımovun sonrakı taleyindən heç bir xəbər - ətər gəlməyib.
(Şəkil 1941-ci ildə müharibə başlamazdan əvvəl çəkilib. Şəkildə sağdan birinci Əsgər Kazımovdur)




Facebook'da Paylaş