Sumqayıt karate məktəbinin inkişafı Rafael Məmmədovun adı ilə bağlıdır
Azərbaycanın Əməkdar məşqçi, idman ustası və 6-cı DAN qara kəmər sahibi olan Rafael Məmmədov uzun illər ərzində öz bilik və təcrübəsini gənc nəslin yetişdirilməsinə, idmanın təbliğinə və yüksək səviyyəli idmançıların hazırlanmasına həsr edib.
Sevastopol şəhərində Beynəlxalq şərq döyüş növləri Akademiyasının, həmçinin Simferopol İdman Bədən Tərbiyə Universitetinin məzunu olan Rafael Məmmədov peşəkar fəaliyyəti boyunca karate idman növünün incəliklərini gənc idmançılara öyrətməklə yanaşı, onlarda iradə, əzmkarlıq, intizam, məsuliyyət və qələbə əzmi kimi mühüm keyfiyyətlərin formalaşmasına da xüsusi diqqət yetirib. Onun məşqçilik fəaliyyəti təkcə fiziki hazırlığın artırılmasına deyil, həm də sağlam həyat tərzinin təşviqinə, gənclərin zərərli vərdişlərdən uzaq tutulmasına və onların cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə xidmət edib.
Rafael Məmmədovun adı, xüsusilə, Sumqayıt karate məktəbinin inkişafı ilə sıx bağlıdır. O, illər ərzində yüzlərlə gəncin karate idmanına cəlb olunmasına, onların peşəkar idman yoluna qədəm qoymasına və müxtəlif səviyyəli yarışlarda uğur qazanmasına töhfə verib. Onun yetişdirdiyi idmançılar arasında fərqlənənlərin əldə etdiyi nailiyyətlər məşqçinin zəhmətinin, peşəkarlığının və öz işinə olan bağlılığının bariz göstəricisidir. Bu baxımdan, Rafael Məmmədovun fəaliyyəti yalnız fərdi idmançıların uğurları ilə məhdudlaşmır, bütövlükdə regionda karate idmanının inkişafına və idman ənənələrinin möhkəmlənməsinə mühüm təsir göstərir.
Qeyd edək ki. bu günlərdə Azərbaycan idmanının inkişafında, xüsusilə də Sumqayıt şəhərində karate idman növünün formalaşmasında və geniş yayılmasında mühüm xidmətləri olan tanınmış idman mütəxəssislərindən biri Rafael Məmmədovun qız övladının xeyir işi olub. Toy mərasimində dünya şöhrətli karateçi Rafael Ağayev də iştirak edib. Rafael Məmmədovun məşqçilik fəaliyyətində xüsusi yer tutan məqamlardan biri də dünya karate tarixində özünəməxsus mövqeyə malik olan, karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayevin ilk məşqçisi olmasıdır. Rafael Ağayevin şəxsi məşqçisi isə Azərbaycan Karate Fedеrasiyasının vitse-prezidenti, Fövqaladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi, polkovnik, Budokan Şərq Döyüş Növləri İdman Mərkəzinin Fəxri Prezidenti, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyə idman xadimi, 8-ci DAN qara kəmər ustası Füzuli Musayevdir.
Rafael Ağayev xeyir işdə çıxış edərək öz müəllimi və onun övladı haqda ürək sözlərini bildirib: “Hər kəsi salmlayıram. Gələn ayaqlarınız var olsun. Bilirsiniz ki, Rafael Məmmədov mənim ilk müəllimimdir və ömrümün sonuna kimi də belə olacaq. Bəy və gəlini təbrik edirəm və xoşbəxtlik arzulayıram. Allah uzun ömür, cansağlığı versin. Təşəkkür edirəm”.
Facebook'da Paylaş