Ay mirvari şəhərim...[

Dünən, 08:20

Ay mirvari şəhərim...[


Ay mirvari şəhərim...

Möhtəşəm Zəfərimizin 6-cı ildönümündə Xankəndidə olmaq, bu candan əziz bayramımızı arzularımızın şəhərində keçirməyin sevincini yəqin ki, heç vaxt unutmarıq. Xankəndidə uşaq vaxtı bircə dəfə olmuşdum. Oradan qayıdanda avtobusda anamla şirin-şirin danışıb güldüyümüz hələ də yadımdadı. Bundan sonra isə müharibə başladı və bizim üzümüz bir daha gülmədi...
Yadımdadır ki, Xankəndiyə gedən avtobuslar o vaxt bizim - Ağdamın Qiyaslı kəndinin içindən, məscidimizin yanındakı böyük asvalt yoldan keçirdi. Nə biləydik ki, maşınlar ara verəndə uşaq ağlı ilə çıxıb sevincək oynadığımız o yollara sonra illərlə həsrət qalacağıq...
Bu gün nə xoşbəxtik ki, 30 il ayrılıqdan sonra Xankəndi şəhərini özümüzə qaytardıq. İndi burada bircə nəfər də erməni yaşamır. Ən gözəl şəhərlərimizdə, kəndlərimizdə harınlayıb, bizə qənim kəsilən nankor qonşumuz Xankəndiyə elə sahiblənmişdi ki, öz xanımızın, bəyimizin yurd-yuvası, oymağı olan doğma şəhərimizi əvvəlcə bizə qısqandı. Sonra isə öz havadarları ilə onu zorla bizdən qoparmağa çalışsa da sonunda ilahi ədələt öz yerini aldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin güclü iradəsi, düşünülmüş siyasəti və qalib ordumuzun gücü, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına yenidən özümüzə qaytarıldı.
Xankəndini gəzdikcə, bu təbiət gözəlinin qoynunda dolandıqca düşündüm ki, nədən ona “Mirvari şəhər” deyirlər. Elə özüm də sualıma cavab tapdım. Xankəndi hər tərəfdən sıx meşəli dağlar, təpələr, gözəlliklərlə əhatə olunub. O sanki bir inci kimi sal qayaların, dağların əhatəsində yerləşib. Xankəndi sakinləri deyirlər ki, buranın havası yaşamaq üçün çox gözəl, həm də əlverişlidi. Xankəndinin küləyi də, yağışı, qarı da insanın ruhunu oxşayır. Yağış nə qədər yağsa da sanki bircə anda yerdən havaya sovrulur. Küçələri tərtəmiz, ancaq payızın sarı, qızılı yarpaqları ilə naxış-naxışdır.
Xankəndinin payızı da bir başqadı, yolboyu elə ağaclar var ki, onların göyqurşağı kimi rəngbərəng yarpaqlarından gözünü ayıra bilmirsən. Xankəndiyə payız necə yaraşır, üçrəngli bayrağımız da onun qoynunda sanki daha sevinclə, qürurla dalğalanır...
Qonağı olduğumuz evin eyvanından bir tərəfdən Şuşanın, digər yandan isə Xocalı dağlarının ən hündür yerləri görünür. Zəfər günü isə bu dağlara yağan ilk qarın sevincini yaşamaq bizə də nəsib olur. Zəfər günü yağış demək olar ki, ara vermədi. Bayraq günündə isə Xankəndiyə elə bir gün doğdu ki, insanın ruhunu oxşadı. Sanki günəş də Xankəndidə qürurla dalğalanan bayrağımızı salamlayırdı...
8 Noyabr Zəfər və 9 Noyabr Bayraq günləri kimi möhtəşəm bayramlarımızda ölkə başçımız müzəffər Ali Baş Komandan İlham Əliyevlə bərabər Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Xankəndiyə səfəri də xalqımız tərəfindən böyük sevinc və qürurla qarşılandı.
Müzəffər sərkərdəmiz İlham Əliyev Xankəndiyə yağan o nurlu yağışda Zəfər parkında çıxış etdi. Dedi ki, biz haqlı olaraq qazandığımız qələbə və möhtəşəm Zəfərimizlə fəxr edirik. Azərbaycan xalqı buna layiqdir. Bu bayram günündə şəhidlərimizin əziz xatirəsini sonsuz ehtiramla yad edirik. “Əminəm ki, bu gün hər birimiz özümüzə söz veririk, elə güclü olmalıyıq ki, bundan sonra heç kəsin ağlına belə gəlməsin ki, Azərbaycana bir zərər verə bilər. Və mən əminəm ki, belə də olacaq! Azərbaycan bu gün güclü bir dövlətdir! Heç kimdən asılı olmyan bir dövlətdir! Özü müstəqil siyasət aparan, həm də ləyaqətli bir dövlətdir!
Azərbaycan xalqına eşq olsun!
Silahlı qüvvələrimizə eşq olsun!
Ordumuza, əsgər və zabitlərimizə eşq olsun!
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan xalqı!”
Xankəndidən sonra isə qardaş ölkənin prezidentləri doğma, azad Şuşaya səfər etdilər.
R.T.Ərdoğan Şuşada çıxışı zamanı türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin dilimizin əzbəri olan şeirindən bir nümunə ilə könlümüzü oxşadı və ruhumuza qanad taxdı:

Birdir bizim hər halımız,
Diləyimiz, amalımız,
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə!


Və bununla da Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha bütün dünyaya mesaj verərək, qəlbimizi dağa döndərdi.
...Yağışı da, günəşi də ruhumuzu oxşayan bu mirvari şəhərimizdən, onun gözəl payızından, nənələrimizin toxuduğu xalı kimi naxış-naxış küçələrindən ayrılarkən Xankəndi, onun azadlığının sevinci ilə yazılmış bu misralar qəlbimdə bir daha baş qaldırdı:

Sən qəlbimin sevinci,
Nurlu, aydın səhərim.
Şəhərlərin içində
Ay mirvari şəhərim!

Yadındamı uşaqkən
Biz qoynuna gəlmişdik.
Onda anam sağ idi,
Necə sevimli idik...

…Sonra anam vaqonda
Həsrətindən saraldı.
Dözmədi ayrılığa
Ömrümüzü qar aldı.

Səni heç unutmadım,
Nələr çəkdim, can yurdum!
Xəyalınla qəlbimə
Naxış saldım, gül vurdum…

İndi anam sevinir,
Ruhu şaddır, bilirəm.
Çünki Ağdamdan yenə
Xankəndiyə gedirəm!


Mina RƏŞİD




Facebook'da Paylaş