Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət

Dünən, 21:49

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət

Hörmətli cənab Prezident,

Oxu.az informasiya portalına istinadən 26 iyun 2026-cı il tarixində Bakı şəhərində “Braziliya karnavalı” adlı tədbirin keçirilməsinin planlaşdırıldığı bildirilir.
Məlum olduğu kimi, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması günüdür və dövlət əhəmiyyətli bayram kimi ölkəmizin bütün bölgələrində rəsmi tədbirlərlə qeyd olunur. Bu əlamətdar gündə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılır, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu ehtiramla yad edilir, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilir.
Belə bir mühüm və müqəddəs gündə ictimai mənəvi dəyərlərimizə uyğun olmayan, karnaval xarakterli və əxlaqi baxımdan mübahisə doğuran tədbirin keçirilməsinin planlaşdırılması cəmiyyətdə haqlı narahatlıq doğurur. Xüsusilə, həmin gün ailələrin şəhid məzarlarını ziyarət etdiyi, ümummilli hüzn və qürur hisslərinin yaşandığı nəzərə alınarsa, bu kimi tədbirlərin keçirilməsi uyğun hesab edilmir.
Bununla əlaqədar olaraq, qeyd olunan tədbirin keçirilməsinin məqsədəuyğunluğunun yenidən nəzərdən keçirilməsini, eləcə də belə həssas günlərdə ictimai-mənəvi dəyərlərə uyğunluğun təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini Sizdən xahiş edirik.


Hörmətlə,
E.o.polkovnik Akif QASIMOV
Qarabağ Müharibəsi Qazisi




Facebook'da Paylaş