Tanınmış yazıçı, publisist Nüşabə Məmmədlinin yaradıcılıq gecəsi keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış yazıçı, publisist, “Azərbaycan yazıçı qadınlar” İctimai Birliyinin sədri, “Yazıçı qadınlar” jurnalının təsisçisi və baş redaktoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Nüşabə Məmmədlinin yaradıcılıq gecəsi keçirildi.
Tədbiri Yasamal rayon MKS-nin direktoru, Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, AJB-nin üzvü Lətifə Məmmədova açaraq qonaqları salamladı. Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
L.Məmmədova yazıçı, publisist Nüşabə Məmmədlinin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi və onun çoxlu sayda romanlarının, povestlərinin, hekayələrinin Qarabağa, şəhidlərə, qaçqınlara və əsir düşmüş qadınlara həsr olunduğunu vurğuladı. O qeyd etdi ki, N.Məmmədlinin əsərləri oxucuların böyük marağına səbəb olur, onun kitabları əldən-ələ gəzir. Yazıçı baş verən hadisələrə dərhal reaksiya verir, çeviklik göstərərək hadisələri bədii dildə təsvir edir və oxucuların ixtiyarına verir. L.Məmmədova Nüşabə Məmmədlinin YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin Fəxri fərmanı ilə təltif olunduğu haqqında tədbir iştirakçılarını məlumatlandırdı.
Milli Məclisin deputatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Aydın Mirzəzadə qeyd etdi ki, mən Nüşabə xanımı kəşf etdim, onun milli ədəbiyyatımıza verdiyi samballı töhvələrini, əsərlərindən götürülmüş dəyərli fikirlərini gördüm. Bu qabiliyyət yalnız Azərbaycan xalqının qadınında var. Bizim xalqın Xurşidbanu Natəvanı, Sara Xatunu, Aşıq Pərisi, Mədinə Gülgünü, Əzizə Cəfərzadəsi var və N.Məmmədli də öz əsərlərində bu ənənəni uğurla davam etdirir. Azərbaycan qadınının acı taleyi, sevgisi, poeziyası bizim tarixi romanlarımızın sujetidir. XIX əsrdə Azərbaycan qadını hələ hüquq və azadlıqlarını qazanmamışdır, qadınlar xurafatın, cahilliyin hökm sürdüyü çətin şəraitə öz cəsurluqlarını göstərirdi. XIX əsrdə A. Düma Qafqaza səyahət edərkən məhz Xan qızı Xurşidbanu Natəvanla görüşmüş və onu dinləmişdir. Azərbaycan qadınları öz qabiliyyətini bu gün də göstərir, onlar Azərbaycançılığı təbliğ edir. Nüşabə Məmmədli də o qadınlardandır. Onun “Qarabağı Qarabağ qəlbli insanlar xilas edər” fikrini çox bəyəndim. Bu tədbirdə çox yaxın dostlarımı, yaxınlarımı, düşünən beyinləri gördüm. Çıxışının sonunda A.Mirzəzadə N.Məmmədliyə yaradıcılıq uğurları arzuladı.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova qeyd etdi ki, kitabxanaların oxucuları N.Məmmədlinin əsərlərinə yüksək dəyər verərək, bu əsərlərə tez-tez müraciət edirlər. O, N.Məmmədliyə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanını təqdim etdi.
Yasamal rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Emin Babayev çıxışında qeyd etdi ki, N.Məmmədli dəyərli əsərlərində ölkə ictimaiyyətinə, dünyaya Böyük Qələbədən öncə yaşadığımız acılarımızı, Qarabağ həqiqətlərini göstərib. Onun əsərləri, hekayələri Qarabağın qayıdışı ilə, 44 günlük müharibə ilə, 23 saatlıq antiterror əməliyyatı ilə bağlıdır, yazıçının yaradıcılığı milli ədəbiyyatımıza böyük töhvədir.
Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Asif Rüstəmli qeyd etdi ki, ad insanın həyatına, mənəviyyatına təsir edir və tarixdən bildiyimiz kimi Bərdə hökmdarı Nüşabə müdrüklüyü və dərin ağlı ilə sülh yaradır. Nüşabə Məmmədlinin əsrlərinin bədii publisistikası çoxdur. A.Rüstəmli “Zəngulə” romanı ilə bağlı təəssuratlarını bölüşərək qeyd etdi ki, əsərdə bütövlükdə Xocalı faciəsi əks olunur, burada ermənilərin azərbaycanlılara verdiyi zülmü görmək insana böyük acı verir. Roman Qarabağda baş vermiş hadisələrin bədii dillə təsvir olunan tarixidir. Bu əsər 2005-ci ildə “İlin kitabi” elan olunmuşdur. Əsərin birinci hissəsi film üçün orijinal materialdır. A.Rüstəmli “Zəngulə” romanının ali məktəblərdə tədris olunmasını təklif etdi.
Oxucu, BDU-nun tələbəsi Jalə Əlizadə fikirlərini bölüşərək qeyd etdi ki, Nüşabə Məmmədlinin əsərlərini oxuduqdan sonra onun mənfur qonşulara nifrəti daha da artdı.
Şair, yazıçı, publisist Gülarə Munis Nüşabə Məmmədlinin yaradıcılığının çoxşaxəli olduğunu tədbir iştirakçılarına çatdırdı. O, yazıçının “Zəngulə” əsərini 15 il bundan öncə oxuduğunu söylədi və qeyd etdi ki, Nüşabə xanımın əsərlərindəki yaşanan acılar tariximizi əks etdirir və gənclərimiz tərəfindən oxunmalıdır. G.Munis Azərbaycan qadınlarına həsr etdyi yeni qəzəlini səsləndirdi.
Yazıçı, publisist, texnika elmləri üzrə fəlsəfə doktoru Turan İbrahimov qeyd etdi ki, N.Məmmədlini 2001-ci il 29 dekabr tarixində görüb. O, anamın 80 illik yubileyinə “80 budağın hərəsindən bir yarpaq” romanını yazmışdı. Bu əsər N.Məmmədlinin ilk böyük həcmli əsəri idi.
Şair-publisist Fəxrəddin Meydanlı Nüşabə Məmmədlinin əsərlərinin çox maraqlı olduğundan danışdı və qeyd etdi ki, bu gün Vətən sevgisi ilə yazan şairlərimiz, yazıçılarımız hələ də azdır. O, yazçıya yaradıcılıq uğurları arzuladı.
Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Sahib Həsənov Qarabağ uğrunda gedən döyüşlərdən danışaraq qeyd etdi ki, Şuşanı azad edəndə heç kim biri birindən soruşmadı ki, sən şuşalısan, ya yox. “Zəngulə” əsərini oxuyanda nə qədər ismətli qızlarımızın acı taleyini, igid oğullarımızın qəhrəmanlığını görürük.
“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili çıxışında qeyd etdi ki, Nüşabə Məmmədlinin əsərlərində cəsurluq, mətinlik, qəhrəmanlıq, vətənpərvərlik ön plana çəkilir.
Ədəbiyyatşünas, esseist, filologiya elmləri doktoru, professor Rüstəm Kamal qeyd etdi ki, müharibədən yazmaq çox çətin, çox şərəfli və çox müqəddəsdir. Ədəbiyyat obraz deməkdir, obrazlılıq deməkdir. Qarabağın hər şəhərinin, hər yerinin öz simvolu var. Ağdamın da öz simvolu var, bu Ağdam Cümə məscididir. Yəni təkcə insanlar deyil, əşyalar da Qarabağın simvolu olmalıdır. N.Məmmədli əsərlərində Qarabağ simvollarını, Qarabağ etnonimlərini, toponimlərini, Qarabağ musiqisini geniş təbliğ edir. O, əsərlərindəki dialoqlarda Qarabağ ləhcəsindən də geniş istifadə edir.
Aktrisa, bədii qiraətçi Zülfiyyə Eldarqızı qeyd etdi ki, “Zəngulə” əsərindəki epizodları oxuyarkən mən dəhşət yaşadım. Mənfur düşmənlərimizlə bağlı tarixi hadisələri xalqımız zaman-zaman yaşayıb.
Yazıçı-publisist, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçısi Mənzər Niyarlı N. Məmmədlini 20 ildən çox tanıdığını qeyd etdi. Yazıçı uzun illərdir ki, Qarabağ nisgili ilə yaşayırdı, o bunu əsərlərində də bildirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor, əməkdar artist Azad Şükürov vurğuladı ki, N.Məmmədli əsərlərində mənfur düşmənlərimizi bütün çılpaqlıqları ilə göstərir. O, N.Məmmədlinin əsərindən ermənilərin Azərbaycan qadınlarına qarşı qəddar rəftarını əks etdirən bir epizodu səsləndirdi.
Müəllim İlhamə Səthi N.Məmmədlini Qarabağın ağbirçəyi adlandırdı. Qeyd etdi ki, yazıçı mərddir, sədaqətlidir, onun əsərlərini oxuyan zaman oxucu N.Məmmədli dünyasına daxil olur.
Şair, yazıçı, AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz vurğuladı ki, bu gün Azərbaycan cəmiyyəti ədəbiyyatımıza ciddi yanaşmalıdır. Sürətlə baş verən hadisələrin içərisində biz əzilə bilərik. O, N.Məmmədlinin istedadından, qətiyyətindən, dönməzliyindən danışaraq qeyd etdi ki, N.Məmmədli qadın yazarların təmsilçisi kimi öz haqqını almalıdır. S.Aruz Nüşabə Məmmədlini Yazıçılar Birliyinin adından təbrik edərək ona diplom təqdim etdi.
Yazıçı-dramaturq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Əli Əmirli tədbir iştirakçılarının diqqətinə çatdirdı ki, Qarabağ həqiqətlərindən bu qədər əsər yaratmaq hər yazıçıya nəsib olmur. Təbii ki, Qarabağdan çıxan dərdli olar və dərdini qələm vasitəsi ilə insanlara çatdırar və N.Məmmədli bunun öhdəsindən gələ bilmişdir.
Yazıçı, publisist Mina Rəşid Nüşabə Məmmədlini çoxdan tanıdığından danışdı və dedi ki, mən Nüşabə xanımın bir sözünü həmişə yadıma salıram: “Müharibə sözünü görüm qar, çovğun aparsın”.
İqtisadçı Azər Əlizadə çıxışında qeyd etdi ki, N.Məmmədli ilə daha dərindən tanış olanda gördüm ki, onun daxili gözəlliyi bir leysan yağışıdır. O, N.Məmmədlinin əsərlərindən tədbir iştirakçılarına qısa məlumat verərək vurğuladı ki, yazıçının sağlam ailəsi və vətənpərvər oğlu var.
Oxucu Leyla Səthi N.Məmmədlinin “Zəngulə” əsərindən çox təsirləndiyini bildirdi.
Şair, yazıçı-publisist Şövkət Horovlu qeyd etdi ki, N.Məmmədlinin əsərlərində təsvir olunan hadisələr şəhidlərimizin keçdiyi məşəqqətli yolları xususi göstərir. O arzu etdi ki, N.Məmmədli “Qarabağ” əsərini İkinci Qarabağ müharibəsi ilə tamamlasın.
Jurnalist, rezonans.az saytının baş redaktoru Sahilə Bayramlı “Zəngulə” əsərinin möhtəşəmliyindən danışdı və N.Məmmədliyə yaradıcılıq uğurları arzuladı.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova çıxış edərək dedi: “Mən çox sevinirəm ki, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin irsinə, dövlətçilik fəaliyyətinə həsr olunmuş tədbirlərlə yanaşı, görkəmli yazıçılarımızın, alimlərimizin yaradıcılıq gecələri, yubileyləri keçirilir. Bu günki tədbirimiz də çox dəyərlidir. Biz müzəffər bir xalqıq!” Daha sonra o vurğuladı ki, N.Məmmədlinin əsərlərində təkcə Qarabağ deyil, keçdiyimiz, yaşadıqlarımız həqiqətlər göstərilib.
Tədbirin sonunda yazıçı, publisist, “Azərbaycan yazıçı qadınlar” İctimai Birliyinin sədri, “Yazıçı qadınlar” jurnalının təsisçisi və baş redaktoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Nüşabə Məmmədli Yasamal rayon Mərkəzi Kitabxanasına, Yasamal rayon Heydər Əliyev Mərkəzinə və bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi. O qeyd etdi ki, mənfur düşmənlərimizlə sosial şəbəkələrdə də mübarizə aparır. N.Məmmədli dedi: ”Mən bu gün ancaq Qələbə haqqında yazıram. Qələbəni öpürəm, Qələbəni bağrıma basıram. Bu gecə Qələbə haqqında hekayə yazdım və 44 günlük müharibənin 45-ci gününü bədii formada təsvir etdim. Artıq 44 yox, 45 gün var. Qələbəmiz haqqında yazanda ermənilərin asan təslim olmasını qeyd etmişəm. Mənim içim doludur və arzu edirəm ki, məni cəsur Nüşabə kimi tanıyasınız!”
Tədbirin bədii hissəsində vokalçı, Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının məzunu, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu İslam Qasımov Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etdi. Aktrisa, bədii qiraətçi Zülfiyyə Eldarqızı N.Məmmədlinin “Zəngulə” romanından parçalar və bayatıları səsləndirdi. Xanəndə Maya Cəbrayılova “Yaşa Azərbaycan” və “Qarabağ şikəstəsi”ni ifa etdi.
Yaradıcılıq gecəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxana tərəfindən hazırlanan və Nüşabə Məmmədlinin yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.
Tədbir iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki heykəlini ziyarət etdilər və Heydər Əliyev muzeyinə baxış keçirdilər.
Facebook'da Paylaş