ŞƏHİDLƏR HAQDA YAZMAQ HƏM DƏ VICDANIMIZI OYATMAQDIR...

Bu gün, 12:24

ŞƏHİDLƏR HAQDA YAZMAQ HƏM DƏ VICDANIMIZI OYATMAQDIR...

Bəzən şəhidlər unudulmur cümləsini o qədər eşidirik ki,söz adiləşir.Halbuki hər şəhid bir evin susan səsidir.Bir ananın yarımçıq qalan nəfəsi bir atanın gizlətdiyi göz yaşı,bir bacının hər gün qapıya baxmasıdır. Naxçıvanda üç şəhid ailəsinin evində oldum.Reportaj çəkməyə getmişdim amma əslində insan ağrısının necə səssiz yaşandığını gördüm O evlərdə qəribə sakitlik var Divarda asılmış şəkillər ,səliqə ilə qorunan əşyalarhaqqında keçmiş zamanda danışmağa heç kimin tam alışmadığı insanlar.... Bir ana danışanda hiss edirsən ki,illər keçsə də onun üçün zaman həmin xəbərin gəldiyi gündən dayanıb. Ata danışanda qürurla kədər bir-birinə qarışır.’’Vətən sağ olsun’’ demək asandır amma onun itkisini yaşamaq çox çətindir.Bəzən bir reportaj çəkib çıxırsan, amma o evin abu-havasından tam çıxa bilmirsən. Bir ananın baxışı bir atanın susqunluğu səninlə qalır. Məncə şəhidlər haqqında yazmaq həm də öz vicdanımızı oyatmaqdır -unutmadığımızı özümüzə sübut etmək üçün. Onları anlamaq,ailələlərinin dərdini dərdini bölüşmək hekayələrini yaşatmaqdır,çünki bir xalq öz şəhidlərini nə qədər yaşadırsa ,vicdanını da bir o qədər qoruyur.

Hansı bölgəyə səfər etməyimdən asılı olmayaraq şəhid ailələsini ziyarət etməyi hər zaman mənəvi borc hesab etmişəm. Naxçıvandayam. Vətənimin təmiz,saf havasını ciyərlərimə çəkib ata yurdum Dəmirçi kəndinə gəldim. Ev-eşiyimizə əl gəzdirib üz tutdum Babək rayonu Qahab kəndinə. Bu kəndlə isti bağlılığım illər öncə ilk Qarabağ müharibəsinin qazisi Hüseyn Adəmoğluyla başlamışdı. Elə onun vasitəsiylə bu kənddə boya-başa çatan iki igid vətən oğlunun ailəsiylə tanış olmuşdum. Babək rayonu Dini İşlər üzrə sədri çox dəyərli el ağsaqqalı,sözünün ,əməlinin dürüstlüyülə sayılan,seçilən Hacı Qasım müəllimlə birgə ilk ziyarətimizi 44 günlük Vətən müharibəsində şəhid olmuş Baş Leytenant Abbasəli İsmayılovun ata ocağında baş tutdu.
Öncə igid vətən oğlu haqda kiçik xatırlatma. Abbasəli İmanqulu oğlu 1995-ci il sentyabr ayının 20 də Qahab kəndində dünyaya göz açıb.Abbasəli İsmayılov Cəbrayılın,Fizulinin,Qubadlının düşmən tapdağından azad olunmasında iştirak edib və 22 oktyabr Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.Uyuduğu məkan Qahab kəndi. Abbasəli İsmayılovölümündən sonra ’’Vətən uğrunda’’,‘’Azərbaycan Bayrağı’’, ‘’Fizulinin azad olunmasına görə’’,’’Cəbrayılın azad olunmasına görə’’,’’Qubadlının azad olunmasına görə ‘’ medalları ilə təltif olunmuşdur.



Elə qapıdaca ən əziz adamları kimi qarşılandıq. Tamara xanımın boynuna sarılıb əllərindən öpdüm. Həyətdə masa ətrafında əyləşməyi çox sevdiyim üçün təklifimə heç kəs etiraz etmədi. Xeyli söhbət etdik. Sonra Abbasəlinin ev-muzeyinə keçdik.Abbasənin şəkildən boylanan məsum baxışlarıyla salamlaşdım,qarşısında baş əydim.Hiss etdim ki,danışa bilmirəm,qəhər məni boğurdu. Sanki bu halımı duyan Qasım müəllim vətənlə bağlı bir neçə hikmətli misallar çəkdi və xeyli sakitləşdim. Bu arada Tamara xanımın gözləri elə hey yol çəkir.... mən sıxılmayım deyə gülümsəsə də gözlərinin dərinliyindəki əbədi yurd salmış oğul həsrətini oxumaq üçün bir baxış kifayət edirdi. İmanqulu kişinin tez-tez doluxsunan gözləri ürəyinin fəryadını aydın yansıdırdı. Əlimdən bir şey gəlməsə də, igid vətən oğlunun valideynlərinin arzularını dilə gətirməyi mənəvi borc hesab edirəm. Ayrılarkən Tamara xanım ‘’Ana kimi ən böyük təsəllim o olardı ki, oxuduğu məktəbə Abbasəlinin adını verəydilər ay qızım...’’ Tərlan qızımız (bacısı) evdə olmasa da bu gün də qulaqlarımda möhür vuran göz yaşlarını içimdə eşidirdim... ‘’Nə vaxt Naxçıvana gəlsəm sizləri ziyarət etməmiş getmərəm ‘’deyib maşına tərəf getdim...




Növbəti ziyarətimiz Leytenant Məmmədov Şəhriyar Bayramqulu oğlunun ocağı idi.
Məmmədov Şəhriyar Bayramqulu oğlu 1988-ciildə Qahab kəndində dünyaya göz açıb. 2011-ci ildə ‘’N’’ hərbi hissədə xidmətə başlayan Şəhriyar 2013-cü il aprel ayının 8 də Ağdam rayonunun Kəngərli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.Ölümündən sonra ‘’İgidliyə görə’’ medalı ilə təltif olunmuşdur. Bayramqulu kişinin də ocağını Qasım müəllimlə birgə açdıq.Qapılarının kandarına ayaq basan kimi bir il öncə necə sevgiylə,sayğıyla qarşılamışdılarsa yenə həmən istiliyi ,səmimiyyəti hiss etmək çox xoş idi. Əlbəttə bir-birindən dəyərli,ürəkləri illərdir qardaş həsrətindən param-parça olan bacıların(Gülnar,Çinarə ) kövrək xatirələrinə,danışarkən titrəyən əllərinə, aramsız axan göz yaşlarını sakit seyr etmək mümkün deyil...və zaman da bu ağrı-acıları unutdurmur.... Çox çəkmir Ceyran xanım görsənir.Ananı bərk-bərk qucaqlayıb əllərindən öpürəm. ‘’Ay başaa dönüm ,gəl çıx da bə... uşaqlar maşın səsi gələn kimi atılıb qapıya getməkdən ləliy oldular’’.deməsi məni yerdən göyə qaldırdı sanki... Və bir daha əmin olursan ki, analara hər şeydən önəmli bizlərin diqqəti, sayğısıdır.Biz bu evlərin qapısını açanda sanki oğulları uzaq bir yolçuluqdan illər sonra qayıdıbmış kimi yerə-göyə sığmırlar. Elə burda da həyətdə əyləşib Ceyran xanımın başına toplaşdıq. Həyətdə qaçışan uşaqların arasında dayısının adını daşıyan məktəbli Şəhriyarı bağrıma basdım. Yaşı az olsa da, daşıdığı adın məsuliyyətinin fərqindədir,bunu bir il öncə gəldiyimdə hiss etmişdim. Sağ olsun Qasım müəllim,yenə müdrik söhbətləriylə içimizə bir huzur qatdı. Qızlar xeyli zəhmət çəkmişdilər,süfrə ətrafında yenə Şəhriyarı,keçdiyi döyüş yolunu xatırladan xatirələr içimi tərpətdi. Ceyran xanımın ,bacıların nəvazışi içimi elə tərpətdi ki...




Üçüncü ziyarətim şəhid Sadiqov Emin Rəşadət oğlunun ev muzeyində baş tutdu. Görüşə dəyərli ziyalımız Şəhidlər Zirvəsi layihəsinin ideya müəllifivə rəhb Vaqif Şahsuvarovla birgə getdik. Emin ailənin yeganə övladı idi. Hər gün, hər saat nəfəsini nəfəsində gəzdirən əziz Gülşad xanım həməşə olduğu kimi yenə kübarlığınının şahidi olduq. Əlbəttə bu gəlişimizdə də Eminin ev muzeyini gəzdik. Bildiyim qədər hər gün burada ən azı iki-üç ziyarətçi olur. Gülşad xanım da sevgiylə,sayğıyla Eminin adını çəkib qapımızı açan hər kəs ən əziz qonağımızdır deyib nur çöhrəli üzündəki təbəssümü kimsədən əsirgəmir. Xeyli söhbət etdik,bizi narahat edən məqamlara da toxunduq. Ayrılarkən Gülşad xanıma da ən əziz doğmam kimi sarılaraq igid vətən oğlu Eminin ətrini içimə çəkdim.Vaqif müəllimin təşəbbüsü ilə ziyarətimizi Naxçıvan Qazilər İctimai Birliyinində başa çatdırdıq. Birliyin təşkilatı işlər üzrə sədr müavini Rasim Zülfüqarovun səmimi söhbətləri vaxtın necə gəlib keçdiyini unutdurdu. Birliyin möhtəşəm kitabxanası,müxtəlif bölgələrdən hədiyyə edilən şəhidlərimizin portretləri bu məkana qəribə huzura qərq etmişdi. İgid oğullarımızın məsum baxışları sanki səninlə söhbət edirdi. Qasım müəllim bu ziyarətimizdə yenə bizi tək qoymadı. 1993-94 -cü illərdə keçdiyi döyüş yollarından danışdı,bütün şəhidlərimizin mübarək ruhuna dualar oxudu. Bizi narahat edən,bəzən də sarsıdan məsələləri də müzakirə etdik. Artıq vətəndən vətənə getmək vaxtı idi. Vaqif müəllim məni Naxçıvan Beynəlxalq Hava limanına qədər yola saldı. Ürəyimin bir parçasını havasından,suyundan, əziz dostlarıma əmanət edib sağollaşdım. Yolboyu keçirtdiyim hissləri qısa şəkildə indi sizlərlə paylaşmaq istəyirəm.
PS. Biz şəhidləri xüsusi günlərdə xatırlamamlıyıq.Çünki onların həyatı bir tarıxdən ibarət deyil Onların arzuları vardı,sevdiyi insanlar vardı.Onlar sadəcə statistik rəqəm deyil,yarımçıq qalan ömürlərdir. Şəhid ailələərini ziyarət etdikdən sonra uzun müddət özümə gələ bilmirəm.Bir ananın gözündəki boşluq,bir otaqda qorunub saxlanılan xatirələr adamın içinində qalır .Bəlkə də şəhidləri Biz şəhidləri xüsusi günlərdə xatırlamamlıyıq.Çünki onların həyatı bir tarıxdən ibarət deyil unutdurmayan məhz budur-onların yoxluğu ilə yaşamağa çalışan insanların səssiz mübarizəsi. Şəhidlər unudulmur.Amma onları unutmamaq yalnız bir cümlə demək deyil...




Jalə Cəfərova, filologiya üzrə fəlsəfə doktoru,yazıçı-publisist
Naxçıvan-Bakı




Facebook'da Paylaş