26 İyun – Azərbaycan Ordusunun qüdrət və şərəf günü

Bu gün, 09:57

26 İyun – Azərbaycan Ordusunun qüdrət və şərəf günü

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan 26 İyun – Silahlı Qüvvələr Günü ölkəmizin müdafiə qüdrətinin, milli təhlükəsizliyinin və hərbi gücünün təntənəsi kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunu, qazandığı uğurları və Vətən qarşısında göstərdiyi misilsiz xidmətləri bir daha yada salmaq üçün mühüm fürsətdir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk milli hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Bu tarixi hadisə milli ordunun formalaşmasının əsasını qoymuşdur. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında güclü və peşəkar Silahlı Qüvvələrin qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə orduda vahid komandanlıq sistemi formalaşdırılmış, nizami hərbi quruculuq prosesi sürətləndirilmiş, hərbi intizam və döyüş hazırlığı əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Azərbaycanın hərbi qüdrətinin formalaşmasında xalq ilə ordunun sıx bağlılığı mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyev ordu quruculuğunun yalnız hərbi sahə ilə məhdudlaşmadığını, onun milli-mənəvi dəyərlərlə, vətənpərvərlik ruhu ilə və gənc nəslin düzgün tərbiyəsi ilə sıx əlaqəli olduğunu dəfələrlə vurğulamışdır.
Ulu Öndər deyirdi: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir.”
Bu dəyərli fikirlər bu gün də öz aktuallığını qoruyur. Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, dövlətçilik ənənələrinə sadiq yetişdirilməsi və hərbi xidmətə hazırlığı ölkənin müdafiə qüdrətinin möhkəmlənməsində mühüm amillərdən biridir.
Xalqın öz ordusuna göstərdiyi etimad və dəstək, ordunun isə xalqın təhlükəsizliyinin keşiyində qətiyyətlə dayanması Azərbaycan dövlətinin gücünü və birliyini daha da möhkəmləndirir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir. Müasir dövrdə ölkənin təhlükəsizliyinin təmin olunması güclü və müasir ordu quruculuğundan keçir. Azərbaycan dövləti Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ordunun müasir silah və texnika ilə təchiz edilməsi, hərbi infrastrukturun yenilənməsi, hərbi hissələrdə xidmət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Hər il müdafiə sahəsinə ayrılan vəsaitin artırılması da dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir.
Hazırda Azərbaycanda formalaşan və sürətlə inkişaf edən hərbi sənaye kompleksi ölkənin müdafiə potensialının güclənməsində mühüm rol oynayır. Yerli hərbi sənaye müəssisələrində müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal edilir. Bunlara atıcı silahlar, döyüş sursatları, zirehli texnikalar, pilotsuz uçuş aparatları, optik cihazlar və digər müasir hərbi avadanlıqlar daxildir. Milli hərbi sənayenin inkişafı Azərbaycanın xarici təchizatdan asılılığını azaltmaqla yanaşı, ordunun ehtiyaclarının operativ şəkildə qarşılanmasına imkan yaradır. Bu gün Azərbaycan öz müəssisələrində istehsal olunan məhsullarla Silahlı Qüvvələrin əhəmiyyətli hissəsini təmin etmək imkanına malikdir. Yerli istehsalın genişlənməsi həm də ölkənin iqtisadi potensialının güclənməsinə, yeni texnologiyaların tətbiqinə və yüksək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verir.
Azərbaycanın müdafiə sahəsində əldə etdiyi uğurlar beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə də sıx bağlıdır. Dünyanın müxtəlif ölkələri ilə silah və hərbi texnikanın satın alınması, birgə istehsalı və texnologiya transferi sahəsində müqavilələr imzalanmışdır. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Ordusunun arsenalı ən müasir hərbi texnika və silah sistemləri ilə zənginləşdirilmişdir. Eyni zamanda, beynəlxalq hərbi təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri qabaqcıl təcrübələri mənimsəyərək peşəkarlıq səviyyələrini daha da artırırlar.
Son illərdə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında öz layiqli yerini tutmuşdur. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir silah və hərbi texnikalarla təchizatı, şəxsi heyətin peşəkarlığının artırılması və döyüş hazırlığının yüksəldilməsi bu uğurların əsasını təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun keçdiyi inkişaf yolunu belə qiymətləndirmişdir:
“1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik.” Bu fikirlər Azərbaycan Ordusunun son illərdə əldə etdiyi nailiyyətlərin ən dolğun ifadəsidir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər ordumuzun yüksək peşəkarlığını, müasir hərbi imkanlarını və güclü döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgərinin qəhrəmanlığı, komandanlığın peşəkar fəaliyyəti və xalqın dövlətə dəstəyi nəticəsində əldə olunan bu Qələbə müasir Azərbaycan Ordusunun gücünü və qüdrətini təsdiqlədi.
Bu gün də Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi, müasir texnologiyalarla təchiz olunması və müdafiə qabiliyyətinin artırılması istiqamətində ardıcıl işlər davam etdirilir. Güclü ordu Azərbaycanın müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin əsas təminatçısı olaraq qalır. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunmasını təmin edərək xalqımıza tarixi Qələbə bəxş etdi. Bu Zəfər orduda aparılan islahatların, müasir silahlanmanın, hərbi hazırlığın və xalq-ordu birliyinin parlaq nəticəsi oldu. Azərbaycan əsgəri və zabiti yüksək vətənpərvərlik ruhu, qəhrəmanlığı və fədakarlığı ilə tarix yazdı. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər də xalq–ordu birliyinin ən parlaq nümunəsi kimi tarixə yazılmışdır. Məhz bu birlik sayəsində Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.
Bu gün Azərbaycan Ordusu müasir texnologiyalarla təchiz olunmuş, yüksək peşəkarlığa malik şəxsi heyətdən ibarət, regionun aparıcı hərbi qüvvələrindən biri hesab edilir. Ordumuzun döyüş hazırlığının daim yüksəldilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkəmizin təhlükəsizliyinin etibarlı təminatıdır. 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün hərbi qulluqçularını, veteranlarını və şəhid ailələrini ürəkdən təbrik edir, Vətənimizin keşiyində ayıq-sayıq dayanan bütün əsgər və zabitlərə möhkəm cansağlığı, şərəfli xidmət və yeni uğurlar arzulayırıq.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil Azərbaycan!

Paşazadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi




Facebook'da Paylaş