Avropa İttifaqı ilə diplomatik münasibətlərdə yeni dinamika

Bu gün, 18:28

Avropa İttifaqı ilə diplomatik münasibətlərdə yeni dinamika

Prezident İlham Əliyev: “Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk”

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının xarici siyasəti qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqların qorunması prinsipləri üzərində qurulmuşdur. Son illər ərzində ölkəmizin həyata keçirdiyi balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmiş, müxtəlif dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla münasibətlərin yeni məzmun kəsb etməsinə şərait yaratmışdır. Bu siyasətin mühüm istiqamətlərindən biri də Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və strateji tərəfdaşlığın dərinləşdirilməsidir.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır. Enerji təhlükəsizliyi, ticarət və investisiya, nəqliyyat-logistika, rəqəmsal transformasiya, yaşıl enerji, iqlim dəyişiklikləri ilə mübarizə, humanitar əməkdaşlıq və regional təhlükəsizlik kimi çoxsaylı istiqamətləri əhatə edən bu əlaqələr zaman keçdikcə daha sistemli və çoxtərəfli xarakter almışdır. Xüsusilə qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji bazarlarında yeni reallıqların formalaşdığı və beynəlxalq əməkdaşlığın yeni çağırışlarla üzləşdiyi bir dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın əhəmiyyəti daha da artmışdır. Bu baxımdan 2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri iki tərəf arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və aparılan müzakirələr əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirməklə yanaşı, tərəflərin qarşılıqlı etimada və uzunmüddətli strateji maraqlara əsaslanan münasibətlərinin daha da möhkəmləndiyini nümayiş etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfər zamanı verdiyi bəyanat məhz bu yeni mərhələnin mahiyyətini əks etdirən mühüm siyasi mesaj kimi diqqət çəkir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birgə bəyanat zamanı çıxış edərək bildirdi: "Əməkdaşlığımız müsbət mənada sürətlə inkişaf edir. Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik". Bu fikirlər Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşan yeni əməkdaşlıq mərhələsinin əsas istiqamətlərini və perspektivlərini aydın şəkildə ifadə edir.
Prezident İlham Əliyevin bəyanatında diqqəti cəlb edən əsas məqamlardan biri münasibətlərin "görünməmiş dinamika" ilə inkişaf etməsinin vurğulanmasıdır. Bu ifadə təkcə diplomatik münasibətlərin intensivləşməsini deyil, həm də siyasi dialoqun daha səmərəli və nəticəyönümlü xarakter aldığını göstərir.
Son illərdə Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşlarından biri kimi mövqeyini daha da möhkəmləndirib. Tərəflər arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat, rəqəmsal inkişaf, yaşıl enerji, iqlim dəyişiklikləri və regional sabitlik kimi sahələrdə əməkdaşlığın genişlənməsi qarşılıqlı etimadın artmasının göstəricisidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu son illərdə daha da artıb. Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan etibarlı enerji təchizatçısı kimi beynəlxalq nüfuzunu möhkəmləndirib. Avropa İttifaqı üçün enerji mənbələrinin şaxələndirilməsi prioritet məsələlərdən biri olduğu üçün Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Təbii qaz ixracı ilə yanaşı, yaşıl enerji sahəsində həyata keçirilən layihələr də tərəflərin strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir. Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması, bərpa olunan enerji layihələrinin inkişafı və yaşıl elektrik enerjisinin Avropaya ixracı gələcək əməkdaşlığın əsas istiqamətlərindən hesab olunur.
Prezident İlham Əliyevin bəyanatında əməkdaşlığın genişləndirilməsi ilə bağlı ifadələr iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi niyyətini əks etdirir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Qarşılıqlı investisiyaların artırılması, sənaye əməkdaşlığının genişləndirilməsi, innovasiya layihələrinin həyata keçirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı hər iki tərəf üçün yeni imkanlar yaradır. Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatlar, biznes mühitinin təkmilləşdirilməsi və xarici investisiyaların təşviqi Avropa şirkətlərinin ölkəyə marağını artırır.
Azərbaycanın coğrafi mövqeyi Avropa ilə Asiya arasında mühüm tranzit körpüsü rolunu oynayır. Orta Dəhlizin inkişafı, beynəlxalq nəqliyyat marşrutlarının genişləndirilməsi və logistika infrastrukturunun müasirləşdirilməsi Avropa İttifaqı ilə əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu layihələri və regional nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq yükdaşımalarda rolunu artırmaqla yanaşı, Avropa üçün də alternativ və təhlükəsiz marşrutlar təqdim edir.
Görüş zamanı müzakirə olunan geniş gündəlik regional təhlükəsizlik və sabitlik məsələlərini də əhatə edib. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və iqtisadi əməkdaşlığın tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Regionda kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın gücləndirilməsi və qarşılıqlı etimadın artırılması Avropa İttifaqının da maraq dairəsində olan məsələlər sırasındadır.
Azərbaycan son illərdə yaşıl iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji zonası" kimi inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələrinin genişləndirilməsi və karbon emissiyalarının azaldılması istiqamətində görülən işlər Avropa İttifaqının iqlim siyasəti ilə uyğunluq təşkil edir. Bu baxımdan yaşıl enerji layihələri tərəflər arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri hesab olunur.
Prezident İlham Əliyevin "qarşılıqlı iradəni əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur" fikri diplomatik münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Bu dinamika qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar əsasında qurulan əməkdaşlıq modelini ifadə edir. Tərəflərin yüksək səviyyəli təmaslarının intensivləşməsi gələcəkdə yeni layihələrin və təşəbbüslərin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Bəyanatda vurğulanan əməkdaşlığın sürətli inkişafı, qarşılıqlı siyasi iradə, geniş gündəlik və strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Enerji təhlükəsizliyi, yaşıl enerji, iqtisadi inkişaf, nəqliyyat-logistika, regional sabitlik və innovasiya kimi sahələrdə əməkdaşlığın genişlənməsi hər iki tərəfin maraqlarına xidmət etməklə yanaşı, Avrasiya məkanında dayanıqlı inkişaf və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə də mühüm töhfə verə bilər.


Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent




Facebook'da Paylaş