MN Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin iclası keçirildi

13-10-2021, 11:57

MN Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin iclası keçirildi

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin rəyasət heyətinin geniş tərkibdə iclası keçirildi. İclasda həmkarların üzvləri iştirak etdi.

Öncə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri açıq elan edən komitə sədri Abiyat Ağadadaşova bildirdi ki, bir ilə yaxındır xalqımız Qələbə sevincini yaşayır. "Uzun həsrətdən sonra işğal altında olan torpaqlarımızın azad olunduğunu görmək, Azadlıq meydanında Zəfər paradını izləmək çox qürurvericidir. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın əzmini, Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu nail olduğu Zəfəri qızıl hərflərlə tarixin səhifələrinə həkk etdi.

Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə dediyi bu fikir; "Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq" öz təsdiqini tapdı. Tarixi ədalət bərpa edildi. Ali Baş Komandanın rəhbərliyi ilə görülən bütün tədbirlər, ordu quruculuğu sahəsində aparılan islahatlar və məqsədyönlü siyasət öz nəticəsini verdi. Müharibə ərəfəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ali Baş Komandanla çiyin-çiyinə durması, qazilərimizə göstərdiyi diqqət və qayğı hamımızı ruhlandırdı.

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və onun üzv təşkilatları da Vətən müharibəsi dövründə şanlı ordumuza, əsgər və zabitlərimizə, həkimlərimizə, eyni zamanda arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirdi.

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən 2020-ci il oktyabrın 2-də Silahlı Qüvvələrin yardım fonduna pul vəsaiti köçürüldü...".

Komitə sədri 2020-ci il oktyabrın 8-də Rəyasət Heyətinin bir neçə üzvü ilə Beyləqana səfər etdi. Komitə tərəfindən səfər zamanı döyüşçülərimizə sovqat, tibbi ləvazimatlar apardı.

Abiyat Ağadadaşova qeyd etdi ki, Vətən müharibəsində həmkar sədrləri və üzvləri də iştirak edib. "Onlardan 3 nəfər şəhid olub. Şəhid olan həmkar üzvlərinin ailələrinə maddi dəstək verilib və onların sosial-məişət şəraiti daim nəzarətimizdədir. Vətən müharibəsinin həmkar üzvü olan 100 nəfərdən çox qazimizə də tərəfimizdən maddi köməklik göstərilib.

2020-ci il dünya əhalisi üçün də çox çətin bir dövr kimi yadda qaldı. Dünyada tüğyan edən COVID-19 pandemiyasının iqtisadi fəsadları çox böyük oldu və insanların yaşayış tərzinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərdi. Respublikamız pandemiyaya qarşı mübarizədə, habelə zərərçəkmiş vətəndaşlarımıza maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən 2.5 milyard manat vəsait ayırdı. Bu baxımdan Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi də imkanlarını səfərbər edərək bir sıra addımlar atdı: pandemiya dövründə koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyevin qətiyyətli addımlarını dəstəkləyərək işəgötürən tərəfindən işçilərin sayının əsassız azaldılmasının qarşısının alınması məqsədilə bir sıra dövlət qurumları ilə birgə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası işəgötürənlərə bildirişlər göndərdi. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin onlayn iclasında da qeyd edildi ki, həmkarlar ittifaqı bu çətin günlərdə ölkə Prezidentinin yanında olmalı, imkanları daxilində pandemiya şəraitində aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi üçün bütün imkanlarını səfərbər etməlidir. Biz Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi olaraq 2020-ci il martın 13-də Respublikamızda xüsusi karantin rejiminin tətbiq edildiyi ilk gündən etibarən üzv təşkilatlarımız ilə bir sıra tədbirlər həyata keçirdik. Pandemiya dövründə hərbi hissə və müəssisələrdə çalışan aztəminatlı işçilərin sosial müdafiəsini diqqət mərkəzində saxlayaraq, komitənin büdcəsi hesabına həmkarlar təşkilatının üzvü olan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və müharibə veteranlarına, qazilərə, aztəminatlı ailələrə, 65 yaşdan yuxarı tənha insanlara 2500-dən çox ərzaq qutusu paylandı. Təşkilatımız işçilər arasında yoluxma hallarının qarşısının alınması məqsədilə maarifləndirmə və məlumatlandırma işlərini həyata keçirərək işəgötürənlə birgə iş yerlərində işçilərin yoluxmaması üçün sosial məsafəni gözləmək şərti ilə tənəffüs yollarını qoruyan fərdi tibbi vasitələr (tibbi maska, spirt, respirator və s.) alınaraq işçilərə təqdim edildi".

Komitə sədri bu işlərin görülməsində təşkilatlarına daim əməli köməklik, maddi və hüquqi yardım göstərən Müdafiə Nazirliyinə, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinə minnətdarlığını bildirdi.

Abiyat xanım çıxışının sonunda bildirdi ki, komitənin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasəti dəstəkləyərək, xalq ilə ordu birliyinin möhkəmləndirilməsinə bundan sonra da öz töhfəsini verəcək. Yaranan fürsətdən istifadə edərək xalqımızı qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Vətənimə aydın səmalı firavan günlər arzulayıram. Ölkəmiz bundan sonra da daim inkişaf etsin və çiçəklənsin".

Tədbirdə yubiliyar həmkar üzvləri, ali məktəbə daxil olan və birinci sinfə gedən HİK sədrlərinin övladları təbrik olunaraq Fəxri fərmanlar, pul mükafatları və gül dəstələri təqdim olundu.

Sonda həmkar üzvlərindən İsa Qasımov, Sahib Əsədov, Əlisahib Nəsirov və başqaları çıxış edərək 44 günlük Vətən müharibəsindən, qüdrətli ordumuzun qazandığı Qələbədən, işğaldan azad olunan tarixi torpaqlarımızın abadlaşmasından danışdılar.




Facebook'da Paylaş