Bakıda Milli Qəhrəman Yuri Kovalyovun büstü ucaldılıb

4-10-2021, 11:54

Bakıda Milli Qəhrəman Yuri Kovalyovun büstü ucaldılıb

Bakının 229 nömrəli tam orta məktəbində Milli Qəhrəman Yuri Kovalyovun büstünün açılış mərasimi keçirilib.
Ordum.az xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi aparatın rəhbəri Tahir Budaqov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, deputatlar Mixail Zabelin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov, Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Daxili İşlər Nazirliyinin nümayəndəsi Orxan Bədəlov, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva Birinci Qarabağ müharibəsi iştirakçısı olan Yuri Kovalyov kimi müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanların gənc nəslə hər zaman örnək olduğunu, vətən uğrunda canını qurban verən igidlərin heç zaman unudulmayacağını bildirib.

İdarə müdiri Prezident İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində 44 gün ərzində torpaqlarımızın azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları sayəsində 2020-ci ilin xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qaldığını diqqətə çatdıran M.Vəliyeva Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi və onların şücaətinin təbliğində təhsil müəssisələrinin böyük rolu olduğunu qeyd edib.

Tədbirdə çıxış edənlər Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimizin milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirdiyini bildiriblər. Həmçinin Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhid, qazi və Milli Qəhrəmanların ailələrinin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu vurğulanıb.

Tədbirdə çıxış edən Milli Qəhrəmanın ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda, eyni zamanda Milli Qəhrəman Yuri Kovalyova həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.




Facebook'da Paylaş