TANINMIŞ TƏRCÜMƏÇI, ŞAİRƏ, PUBLİSİST A.BARTKULAŞVİLİ HAQQINDA SÖZ
ANNA BARTKULAŞVİLİ -70 ƏDƏBİ-TƏRCÜMƏ YARADICILIĞININ ZİRVƏ YOLUTANINMIŞ TƏRCÜMƏÇI, ŞAİRƏ, PUBLİSİST A.BARTKULAŞVİLİ
HAQQINDA SÖZƏdəbi-bədii yaradıcılıq nümunələri arasında tərcümə işi xüsusi əhəmiyyət daşıyan bir sənət növüdür. Bu peşənin özəlliyi orasındadır ki, yalnız tərcüməçinin deyil, müəllifin də əməyinin keyfiyyəti hiss olunmalıdır. Ona görə də, tərcüməçi eyni zamanda həm yaxşı şair, həm də yaxşı nasir olmağı bacarmalıdır. Əks halda, tərcümənin keyfiyyətindən danışmaq əbəsdir. Məsələn, Nizami Gəncəvi kimi dahi şairin “Xəmsə”si o səbəbdən dlimizə gözəl çevrilmişdir ki, bura daxil olan əsərləri Süleyman Rüstəm, Abdulla Şaiq, Səməd Vurğun, Məmməd Rahim, Mikayıl Rzaquluzadə, Xəlil Rza təki görkəmli sənət adamları tərcümə ediblər.Yabançı dildə yazıb-yaratmış klassiklərimizin, xarici ölkə yazarlarının əsərlərinın tərcümələri də eləcə. Təsadüfi deyildir ki, xalq şairi S.Vurğun böyük rus şairi A.S.Puşkininin “Yevgeni Onegin” poemasını müvəffəqiyyətlə tərcümə edib başa çatdırdıqdan sonra yazırdı:
Axıdıb alnımın inci tərini
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini,
Çevirdim Vaqifin şirin dilinə.Göründüyü kimi tərcüməçilik çətin və məsuliyyətli olduğu qədər də, şərəfli bir sənətdir. 60 illik ömrünün 40 ilini Azərbaycanda yaşayıb-yaradan, milliyyyətcə gürcü Anna Bartkulaşvilini bu cəhətdən uğurlu və peşəkar tərcüməçi adlandırmaq olar. ANNA BARTKULAŞVİLİ və ya sadəcə olaraq ANNA XANIM! İndi bu adı çətin ki, pespublikamızın ədəbi mühitində tanımayan tapılsın: Pedaqoq, şairə, publisist, tərcüməçi, ictimai xadim… Onun haqqında indiyədək ölkə mətbuatı dəfələrlə məqalələr dərc edib. Əsasən ömür yolunu və yaradıcılıq fəaliyyətini əks etdirən bu yazıların ardınca təkrarçılığa geniş yer vermədən müəyyən məqqamlara xronika şəklində nəzər yetirməyi zəruri sayıram.
Bartkulaşvili Anna Qriqori qızı 12 iyun 1952-ci ildə Gürcüstan Respublikasınlın Bolnisi rayonunun Akaurta (Ayorta) kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. Hələ I kursda oxuyarkən şərqşünaslıq fakultəsinin tələbəsi olan bir azərbaycanlı gənclə ailə qurub. Tədricən Azərbaycan dilini öyrənib. Bu işdə həyat yoldaşının ziyalı ailəsi ona yaxından köməklik göstərib. O, bu ailədə kifayət qədər xalqımızın dilini, adət-ənənələrini, mədəniyyətini, mətbəxini tezliklə mənimsəyə bilib. Anna xanımın bir qızı iki nəvəsi var.
Yaradıclıqla intensiv məşğulluq onu peşəkar sənətçiyə çevirir. Azərbaycan Dövlət Universitetini rus dilində bitirən Anna xanımın ailəsinin azərbaycanlı olması, digər tərəfdən valideynlərinin Azərbaycan və islam mədəniyyətinə bağlılığı (ata nəslinin muğamlarımıza hədsiz maraq göstərməsi) ona bu dili mükəmməl bilmək imkanı verir. Nəinki doğma gürcü, eləcə də rus və Azərbaycan dillərində şeirlər, esselər, elmi-publisistik məqalələr, aforizmlər yazır, tərcümələr edir. Hər üç dildən bir-birinə çevirmələri bu xalqlar arasında ədəbi-mədəni əlaqələrin inkişafına təkan verir. XV-XVI əsr klassik Azərbaycan aşıq sənətinin banisi Dirili Qurbani, çağdaş dövrümüzün yaradıcı insanlarından Paşa Qəlbinur, Hamlet İsaxanlı, Elçin İsgəndərzadə, Dirili Qurbani Məclisinin üzvləri Eluca Atalı, Əjdər Yunus Rza, Yusif Dirili və Rafiq Mirzənin əsərlərini rus və gürcü dillərinə, habelə görkəmli gürcü yazıçısı İlya Çavçavadze, Merab Eliozişvili, rus yazıçısı Stanislav Savelev və başqalarının yaradıcılıq nümunələrini müvafiq dillərə tərcümə edib. Qeyd etmək lazımdır A.Bartkulaşvilinin tərcüməsində bu əsərlər həm onun özünün çap olunmuş kitablarında, həm Dirili Qurbani Məclisinin müxtəlif (qəzet, jurnal və almanax) nəşrlərində, həm də xarici ölkələrin ədəbi toplularında (”В созвучии с Вами”, г.Севастополь, 2010 və b.) işıq üzü görüb. Mənim üçün daha maraqlısı 2004-cü ildən üzvü olduğu Dirili Qurbani Məclisinə, bu məclisin adını daşıdığı haqq aşığı, el şairi Dirili Qurbaniyə, eləcə də məclisimizin nəşrlərinə ehtiramla yanaşması, xüsusi diqqət göstərməsidir. Qurbaniyə həsr etdiyi şeirlə doymayan A.Bartkulaşvili, aşıq-şairdən etdiyi tərcümələr, onun yaradıcılıq fəaliyyətinə tədqiqatçı xarakteri ilə yanaşması (Dirili Qurbani Məclisini təqdim edir: Qurbani ocağı-5 il, Bakı, “Təfəkkür”, 2008) diqqətəlayiqdir. Qurbaninin şah əsəri sayılan “Bənövşə” şeirinə indiyədək yazılmış yüzlərlə nəzirələr (Bax: Tərtib edən Tariyel Abbaslı. Bənövşə çələngi. Bakı,”Adıloğlu”, 2007) arasında Annanın “Bənövşə”si öz “ətri ilə seçilir”. Təsadüfü deyil ki, dövrü mətbuatda yaradıcı dostları onu “Bənövşə təbəssümlü Anna xanım” kimi təqdim edirlər (Bax: Adil Mirseyidin eyni adlı məqaləsi. “Ekspress” qəzeti, 26-28 dekabr 2009-cu il). Qeyd etmək yerinə düşər ki, Qurbaninin “Bənövşə” şeiri ana dilimizin gözəlliyinin, təmizliyinin göstəricisidir. Bu şeirə məftun olan Anna xanım illər öncəsi onu əzbərlədikdən sonra gürcü dilinə çevirib. O, hər zaman Qurbani irsinin ruscaya tərcüməsi barədə düşünüb. Ümumiyyətlə, Dirili Qurbaninin şeirlərinin tam halda rus dilinə çevirməsi yoxdur. Doğrudir, 1984-cü ildə tanınmış tərcüməçi-şair Vladimir Qafarovun çevirməsində (Гурбани. Bakı, Yazıçı, 1984, 47 s.) aşıq-şairin qoşma və gəraylılarından ibarət 32 şeiri broşura şəklində çap edilib və onlar başlıqsız verilib. Mərhum V.Qafarovdan fərqli olaraq, A.Barkutaşvilinin tərcüməsində Dirili Qurbaninin müraciət etdiyi müxtəlif janrlardan nümunələr (o cümlədən deyişmələr) də əksini tapmış, Qurbaninin yaradıcılığını əhatə edən 60-a yaxın şeir Anna xanımın tərcüməsində bu kitaba daxil edilmişdir (Дирили Гурбани. Bakı, Təfəkkür, 2014, 96 s.). Hər bir şeir öz biçimində, orjinallığı, obrazlılığı, poetik biçimi, bədii üslubu Azərbayan ədəbi xüsusiyyətləri nəzərə alınaraq tərcüə olunmuş, şeirlərdə ustad aşığın yaradıcılıq ruhu, dili təravətilə qorunub saxlanmışdır.
Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov topluya yazdığı “Qurbani poeziyasindan seçmələr rus dilində” adlı ön sözdə yaddaqalan və maraqlı qeydləri ilə diqqəti cəlb edir: “
El sənətkarının ictimai zülmə, haqsızlıq və ədalətsizliyə etirazı ifadə edən şeirləri Anna Bartkulaşvilinin tərcüməsində özünəməxsus yer tutur. “Görkəmli ustad Qurbaniyə” adlı müqəddiməsində Anna Bartkulaşvili özünü yalnız istedadlı bir tərcüməçi kimi deyil, həm də bir şairə kimi təqdim edir. O, Qurbaniyə həsr etdiyi şeri ilə görkəmli el sənətkarının poeziyasına heyranlıq və valehliyini deyil, həm də bu söz ustadına sevgi və ehtiramını bildirir. Anna Bartkulaşvilinin Qurbani poeziyasından seçmə nümunələrin rus dilinə tərcüməsində xalq dilinin qüdrəti, təmizliyi, sözün ifadə imkanının dərinliyi, genişliyi, mətnin bütün bədii xüsusiyyətlərini imkan dərəcədə qorumağa müvəffəq olması bu tərcüməçi xanımın yüksək sənətkarlığından xəbər verir.” Müəlif haqlı olaraq belə nəticəyə gəlir ki, “Qurbani şerlərində konkret el gözəlinin ədası, naz–qəmzəsi, gözəlliyi uca Tanrının bəxş etdiyi yüksək təblə təsvir edilir. Şirin dilli, incə belli, altun ayaqlı, sürahi gərdənli, ceyran yerişəli, ayna qabaqlı gözəlin gözəllik cizgiləri, aşiqin sevgilisi yolunda iztirabları, sevən aşiqin duyğu və etirafları Anna Bartkulaşvilinin tərcüməsində öz orijinallığını, həyatiliyini itirmir”
Qeyd etmək lazımdır ki, Dirili Qurbani Məclisi yarandığı ilk dövrlərdən ustadın şeirlərini küll halında, kitab şəklində görmək bu yolun davamçıları və təssübkeşləri kimi əsas niyyətlərimizdən biri olub. Bu barədə mən arzumu dəfələrlə Anna xanıma bildirmışdim. O da məmnuniyyətlə, təmənnasız olaraq buna razılıq verdi və istəyimizi gerçəkləşdirdi. Qurbani irsinə qayğı və onun təbliği məclisimizin qarşısında duran priotet məslələlərdən biridir. Bu da təsadüfi deyil. Dirili Qurbani dövrünün özü kimi böyük sənətkarları ilə bir dövrdə yaşamış böyük el sənətkardır. Ona görə də həmişə diqqəti cəlb edib. Aşıq-şairin qeyri millətlərin, əcnəbi xalqların dilinə çevrilməsi, şübhəsiz Qurbani poeziyasının gülşənindən bir gül sevgisi qədər ehtiyacdan doğur. Anna xanımın bu tələbin ödənilməsi sahəsindəki xidmətləri böyük əhəmiyyət kəsb edir. Çox yaxşı haldır ki, Anna xanım bizim təşəbbüsə məmnuniyyətlə dəstək verərək Dirili Qurbaninin yaradıcılığından etdiyi tərcümələrin sayını artırıb kitab şəklində nəşr etdirmişdir. Bizə belə gəlir ki, A.Bartkulaşvilinin Azərbaycan türkcəsindən ruscaya çevirdiyi bu toplunu onun yaradıcılıq fəaliyyətində zirvə saymaq olar. Bu, həm də bizim üçün, eləcə də ədəbi cəmiyyət üçün ona görə əhəmiyyətlidir ki, Dirili Qurbani Məclisinin 10 illik yubileyi ərəfəsində işıq üzü görüb. Bu kitabı həmçinin Anna xanımın məclisimizə, eyni zamanda Azərbaycan folkloru ədəbiyyatına ən dəyərli hədiyyəsi hesab edirik. Bu da təsadüfi deyildir. Şairə-tərcüməçinin yaradıcılığı ilə tanış olan hər kəs yaxşı bilir ki, Anna xanımın Qurbani poeziyasına sevgisi böyükdür. Artıq qeyd etdiyimiz kimi, əbəs yerə şair-rəssam Adil Mirseyid onu “Bənövşə ətirli Anna xanım” adlandırmayıb.
Milliyyətcə gürcü olmasına baxmayaraq, Azərbaycan türkcəsində səlis yazıb-oxumağı bacaran Anna xanım, xalqımızın milli adət-ənənələrinə, ədəbiyyat və mədəniyyətinə, tarixinə yaxından bələd olduğu üçün indiyə qədər bir neçə ədəbi yazıları ustalıqla rus və gürcü dillərinə çevirmiş və bununla da millətlər arasında sanki ədəbi körpü rolunu oynamış, ədəbiyyat və mədəniyyətlərimizin təbliğinə ciddi təkan vermişdir. Bu cəhətdən onun Dirili Qurbaninin yaradıcılığına, həyat fəaliyyətinə özəl münasibəti omuşdur. Təsadüfi deyildir ki, o, 2004-cü ildən aşıq-şairin adını daşıyan Dirili Qurbani Məclisinin (DQM) üzvlərindən biri kimi onun bütün nəşrlərində rus və Azərbaycan dilində müxtəlif janrlarda yazdığı ədəbi nümunələrlə diqqəti cəlb etmişdir. Onun “Bənövşə” şeiri filiologiya üzrə fəlsəfə doktoru, DQM-nin elm bölməsinin rəhbəri T.Abbaslının tərtibçiliyi ilə nəşr olunan “Bənövşə çələngi” adlı fundamental topluya daxil edilmişdir. Məclisin digər nəşrlərində (qəzet, jurnal, almanax) də Qurbaninin yardıcılığı Anna xanımın elmi xarakterli məqaləsində əksini tapmış, aşığın bir neçə şeiri isə onun tərcüməsində çap olunmuşdur.
Ümumən, Azərbaycan folkloruna maraq Anna xanıma başqa dillərə cətinliklə tərcümə olunan bayatılarımızı çətinlik çəkmədən rus və ya gürcü dillərinə çevirməyə imkan verir. Bütün bunlar tərcüməçi şairənin bu istiqamətdəki fəaliyyətini daha da uğurlu etmiş, tərcümə sahəsindəki işlərinə yeni, mahiyyətcə zəngin yön vermişdir. Zənnimcə, bir sıra ödüllərin sahbi, Dirili Qurbani Məclisinin elm bölməsinin üzvü, şairə-tərcüməçi
A.Bartkulaşvilinin Dirili Qurbanidən etdiyi tərcümələrin bir kitab şəklində nəşr olunması, Azərbaycan ədəbi tərcüməsinə, eləcə də milli folklorumuza bir töhfədir. Bizdən Anna xanıma bu nəcib işinə uğur diləmək qalır...Anna xanınımın fəaliyyət dairəsi çox genişdir. Rəfiqəsi və sənət dostu Eluca Atalı ilə birgə Tiflisdə ədəbi-bədii tədbirlərdə təşkil etməsi, müxtəlif xalqların iştirakı ilə “Qafqaz Evi”nin yaradılmasında fəallıq göstərməsi, Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsində monitorinq qrupunun rəhbəri kimi fəaliyyəti, ümumiyyətlə, QHT sektorlarındakı alternativ informasiya layihələrində uğurla çalışmaları, o cümlədən Azərbaycan Mətbuat Şurasında aktiv iştirakı, jurnalistlərin qurultay və konfranslarında nümayəndə təki önə çəkilməsi Anna xanımın xeyli dərəcədə təşəbbüskar və səriştəli partnyor olduğunu sübut edir. Bundan başqa, “Qızıl qələm” beynəlxalq ədəbi-bədii dərgisində rus bölməsinin redaktoru, “Eko-İnter” Beynəlxalq İctimai-Siyasi jurnalınının redaktoru kimi fəaliyyəti isə onun peşəkar jurnalist olduğuna işarədir. Bu cür intensiv, yorulmadan ardıcıl fəaliyyəti halal haqqı kimi ona çoxlu mükafatlar qazandırıb.
Belə ki, o, “Qafqazmedia”tərəfindən“Vicdanlı qələm”,“Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Xalqlar arasında mədəniyyət həftəsində iştirakına görə” və “Azərbaycan ədəbiyyatını təbliğinə görə” fəxri diplomuları, Misir Səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən “Xalqlar arasında mədəniyyətin inkişafında fəaliyyətinə görə” isə medalla təltif edilmişdir. 2008-ci ildə aktiv jurnalistlik fəaliyyətinə ğörə Azərbaycan Qadın Jurnalistləri Assosiasıyası tərəfindən “İlin jurnalisti” elan olunub. Çoxşaxəli yaradıcılıq imkanları və aktiv fəaliyyəti onu Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyi kimi nüfuzlu qurumların üzvü edib. A.Bartkulaşvilinin yüksək səviyyədə təşkil olunan və təntənəli şəkildə keçirilən 60 illik yubiley törənində də o, bir sira diplom və mükafatlarla təltif olunub (Yubiley törəni Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilib). Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupu və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən diplom və mükafatla, Azərbaycan ədəiyyatını təbliğinə və bu sahədəki tərcüməçilik işlərinə görə “Dədə Qorqud” Fondu onu “Mehriban ana” ordeni, ədəbiyyatı və mədəniyyəti təbliğinə görə “Birləşmiş Millətlər İctimai Mükafat Şurası, Mükafat Birliyi” tərəfindən (Moskva şəhəri) Avropa medalı, ekoloji marifçiliklə bağlı silsilə məqalələrinə görə isə “Eko-İnter” Beynəlxalq jurnalının diplomuna layiq görülüb. 2016-cı ildə “BORÇALI” İctimai Birliyinin Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin möhkəmkəndirilməsindəki xidmətlərinə görə “İLİN ŞƏRƏF MEDALI”ı ilə təltif edilib. Bundan başqa o, Türkiyənin Samsun şəhərində keçirilən Şeir Şöləninə 3 dəfə dəvət alıb və hamısında da I yerə layiq görülüb.
Görkəmli Azərbaycan alimi, tanınmış şair, professor Elçin İsgəndərzadə A.Bartkulaşvilinin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək, ona rəhbərlik etdiyi “VEKTOR” Beynəlxalq Elm Mərkəzinin fəxri professoru diplomunu təqdim edib.
Anna xanım eyni zamanda pedoqoq kimi bir sıra universitetlərdə, o sıradan BDU-da, MDU-nun Dağıstan filalında, Azərbaycan Universitetində, Xəzər Universitetində çalışmışdır. Gürcüstan səfirliyində, digər qurumlarda Azərbaycan, gürcü və rus dillərini maraq göstərən hər kəsə həvəslə öyrədir.A.Bartkulaşvili yaradıcı insandır. Onun məahrətlə qələmə aldığı şeirlər, hekayə və esselər, aforizmlər mütamadi olaraq Azərbaycan və Gürcüstan, eləcə də digər xarici ölkələrin nəşrlərində dərc olunur. Təkcə fəal üzvü olduğu Dirili Qurbani Məclisinin “Poeziya-II (xüsusi buraxılış, 2005)”, “Bir ağacın budaqları (elmi, ədəbi-bədii toplu, 2006)”, “ Qurbani.Poeziya almanaxı-IV(2007)”, “ Rafiq Mirzə-60. Ömrün altmışı, təbrik yağışı (xüsusi buraxılış-2007)”, “Dirili Qurbani Məclisi üzvlərinin nəsr əsərləri-I (2008) ”, “Dirili Qurbani Məclisi üzvlərinin nəsr əsərləri-II (2011)”, “Qurbani ocağı-5 il (elmi,ədəbi-bədii toplu)”, «Yusif Dirili. Nuh Peyğəmbər, Mazan Nənə, Sofu Ocağı («Nərgiz», 2012)», “Dirili Qurbani” dərgisi (elmi, ədəbi-bədii nəşr -2,3/2011, 1/2012)”, həmçinin 2005 və 2006- cı illərdə nəşr olunmuş eyni adlı qəzetin müxtəlif saylarında çoxlu yaradıcılıq nümunələri dərc olunub. Bu sətirlərin müəllifinin “Mənim tanıdığım Anna” adlı məqaləsi A.Barkutaşvilinin ilk kitabında – ( “Наедине” (2005) çap olunduqdan sonra “Dirili Qurbani” qəzetində dərc edildi. Ümumən, Annanın bu kitabını onun kitablaşma işində uğurlu başlanğıc saymaq olar. Ardınca “От Анны” (2008) və “И мед, и жало” (2011) kimi əsərlər toplusu çap olunaraq oxucularında heyrət doğurdu. Xüsusən də, aforizmləri. Əvəz Rüstəmov nahaq yerə yazmırdı: “Görəsən, xanım Bartkulaşvili elmə, müxtəlif fəaliyyət istiqamətlərinə dair neçə kitab oxuyub, hansı müşahidələri aparıb ki, həmin sahələrin incəliklərinə bi qədər həssaslıqla vara bilib?” (Bax: Ə. Rüstəmov.Yığcam fikirlərin dərinliyi.”525-ci qəzet”, 19.12.2008). İctimai fəaliyyəti yaradıcılıq fəaliyyəti ilə çulğaşan bu maraqlı insanın həyat tərzi də xeyli dərəcədə düqqətçəkəndir. Onun bu cəhəti dövri mətbuatda xüsusi olaraq bir nümunə kimi qabardılıb. Düşünürəm ki, cəmiyyətimiz üçün görk kimi bunun müəyyən əhəmiyyəti vardır. Bu baxımdan, Anna xanımla bağlı qəzet və jurnal səhifələrində yer almış məqalələrdən yuxarıdakılardan başqa daha ikisi (Bax: Natiq Cavadlı. Bu dəfə də Əli, ancaq Nino yox, Anna. “Bizim yol” qəzeti, 27.01.2012 və Nüşabə Səməndər. Gürcüstanda 2-3 gün qalanda Bakı üçün darıxıram. “Olaylar” qəzeti, 1-4.09.2005) mənimçün sanballı və dəyərlidir. Ümumilikdə, bu müəlliflərin hər biri - Adil Mirseyid, Əvəz Rüstəmov, Natiq Cavadlı və Nüşabə Səməndər yaradıcı şəxs kimi Azərbaycan ədəbi mühitində kifayət qədər tanınmış simalardır. Əlbəttə, A.Bartkulaşvili haqqında yazılanları qəzet məqalələri ilə məhdudlaşdırmaq omaz. Onun birinci kitabındakı (“Наедине”) ön söz (professor Elçin İsgəndərzadə. “Üç xalqın övladı”) əslində mahiyyətcə elə birincidir. Fikrimizcə, ondan sonra yazmamaq da olardı. Fəqət, bu sətirlərin müəllifinin də ən şirin yazılarından biri duyğulanaraq qələmə aldığı və həmin kitabda getmiş
“Mənim tanıdığım Anna”dır (Yusif Dirili). Rus yazıçısı Stanislav Savelyevin Annanın çoxşaxəli yaradıcılığına verdiyi qiymət də elə həmin cürdür. Milli Məclisin Mədəniyyət komissiyasının sədri Qənirə Paşayeva haqlı olaraq qeyd edir ki, Anna Bartkulaşvili Azərbaycanın və Gürcüstanın görkəmli ədəbiyyat xadimidir. Onun yaradıcılığı Gürcüstanla Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynayıb. Onun yaradıcılıq fəaliyyəti, xüsuslilə mükəmməl tərcüməçilik işləri Azərbaycanın elmi-ədəbi simaları yüksək qiymətləndirilir, Dəyirmi Masalar təşkil edilir. Belə tədbirlər daha çox AMEA-nın müxbir üzvü, Milli Məclisin Elm komisyasının üzvü, Nizami Cəfərovun rəhbəri olduğu Atatürk Mərkəzində və Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Klubunda keçirilir. Belə tədbirlərdə bir qayda olaraq Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, alimləri ilə bərabər Gürcüstanın ölkəmizdəki səfirliyinin əməkdaşları da iştirak edirlər. Qeyd etmək lazımdır ki, gürcü, Azərbaycan və rus dillərini mükəmməl bilən Anna Bartkulaşvilinin gürcü və Azərbaycan yazıçılarının çoxlu şeir və nəsr əsərlərini tərcümə edib. Təsadüfi deyildir ki, indiyə qədər onun tərcüməsində “Sehrli körpü”, “Dirili Qurbani” və digər kitabları çap olunaraq oxucuların ixtiyarına verilib. Bu baxımdan tərcüməçi-şairənin Cəlil Məmmədqulu-zadənin “Ölülər” komediyasının gürcü, Dirili Qurbaninin əsərlərinin isə rus dilinə çevirməsi səciyəvidir.
Demək lazımdır ki, Mirzə Cəlilin “Ölülər” komediyasını tərcümə etməsi AMEA Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tərəfindən rəğbətlə qarşılanıb. Buna görə, hətta Anna xanıma institutda iş də təklif edib. Bildirib ki, “bu janrın tərcüməsi heç də asan deyil. Xüsusilə, “Ölülər” kimi bir əsərin. Ancaq Siz bunu həm təşəbbüs göstərərək, həm də təmənasız olaraq yüksək səviyyədə tərcümə etmisiniz. Ona görə də həm öz adımdan, həm də Azərbaycan xalqı adından Sizə böyük-böyük təşəkkür edir və minnətdarlığımı bildirirəm.
Gürcüstan Respublikasının Azərbaycandakı səfiri isə deyib: “Əgər başqa bir millə-tin nümayəndəsi Azərbaycan Respublikasında belə bir hörmət qazanıbsa, yəni tanı-nıbsa, bunu o, özü qazanıb. Anna xanım Azərbaycan ölkəsi üçün bu fəaliyyətindən xüsusi zövq aldığını, bununla fəxr etdiyini məmnunluqla qeyd edir: “Fəxr edirəm ki, Azərbaycan Respublikası üçün köməyim olub.” “Mənim üçün ən böyük mükafat dostlarımın mənə qarşı hörməti, onların məni anlamaları və düşünmələridir.”
Anna xanımın yaradıcılıq fəaliyyətinə qısa ekskursumuz bir daha göstərir ki, onun həyat və yaradıcılığına münasibətdə hər kəs bu dolğun insanı qələminin və mənəviyyatının gücünə görə təqdim edib. Yaradıcı insan kimi də, şəxsiyyət kimi də, dost kimi də o, buna layiqdir: Anna xanımın dostluğa sədaqəti həyat tərzidir. Bunu onu taıyanların hər biri söyləyə bilər. O, iki dost xalqın - mənsub olduğu gürcü və ömrünün əksər hissəsini verdiyi Azərbaycan xalqlarının sarsılmaz birliyini “Dostluq himni”ndə dürüst əks etdirib:
Bizi birləşdirən dostluq, qardaşlıq
Müdrik babalardan qalıb yadigar.
Sözləri bir olmuş, əməlləri bir
Çökərkən Qafqaza boranlar, qışlar.
Verərək əl-ələ, çiyin-çiyinə
Keçmişik ən çətin çağlarımızdan.
Günəşdən nur alıb ürəklərimiz,
Vüqar götürmüşük dağlarımızdan.Son dərəcə qayğıkeş və diqqətcil insandır Anna xanım. Məclisimizin ağsaqqal və fəal üzvlərindən olmuş, bir neçə il iflic vəziyyətdə xəstə yatan, hazırda haqq dünyasına qovuşmuş mərhum şairimiz Sofu Bilala yataq xəstəsi olduğu vaxtlarda xeyirxahlıqla baş çəkməsi, könlünü oxşaması nəyə desən dəyərdi. Əbəs yerə deyildir ki, Anna xanımın bu qayğısı qarşısında çox çətin durumuna baxmayaraq ona bir neçə şeir həsr edən Sofu riqqətə gələrək yazırdı:
Ovqatım xoş oldu bir neçə saat
Ovqat toplusudur yaşanan həyat.Son olaraq, Məclisimizin sıra üzvü, sədaqətli və mehriban dost, ləyaqətli insan, tanınmış tərcüməçi-şairə, publisit, Qurbani irsini tərcümə işi və elmi-publisistik məqalələri ilə təbliğ edən həmkarımız, sevimli Anna xanım Bartkulaşvilini anadan olmasının 70 illiyi münasibətilə məclisimiz və dərgimiz adından təbrik edir, ona can sağlığı, uzun ömür və bütün işlərində daimi uğurlar arzulayıram! Bir daha Yu-biley yaşın mübarək, əziz Anna Xanım! Qoy bu yazı ilə bərabər, aşağıdakı şeir parçası da məndən Sizə anadan olmağınızın 70 illiyi münasibətilə bir yubiley hədiyyəsi və xoş bir xatirə olsun!
DEYƏSƏNO gürcü mələyi, gürcü gözəli
Mehrdə, ülfətdə türkdü deyəsən.
Ədəbi-ərkanı, dünyagörüşü
Cəmi xanımlara görkdü deyəsən.
Qoyaq gözəlliyin qalsın bir yana
Dəyər xasiyyəti cümlə-cahana.
Özü də anadır, adı da Ana
Vəfada, ilqarda bərkdi deyəsən.
Hamı tək qərq olub möhnətə, oda
Zaman girdabında boğulur o da.
Görmədim əyilə namərdə, yada
Səbirdə, dözümdə təkdi deyəsən.
Ürəyi bu yurda, dövlətə bağlı,
Onunçün hörmətə, izzətə bağlı.
Xalqa, ənənəyə, adətə bağlı
Bizim tərəflərə çəkdi deyəsən.
Köməyi dəyibsə olmaz minnəti
Nə cah-cəlal sevər, nə də şöhrəti.
Mayası halallar gözlər mərfəti,
Bu dünya onunla pakdı deyəsən.YUSİF DİRİLİ (
Mahmudov)
Dirili Qurbani Məclisinin sədri,
tarix üzrə fəlsəfə doktoru,
şair-publisist
Facebook'da Paylaş