Kolumbiya mətbuatı Nizami Gəncəvi irsi barədə yazıb

31-12-2021, 09:00

Kolumbiya mətbuatı Nizami Gəncəvi irsi barədə yazıb

Kolumbiyanın nüfuzlu xəbər agentliklərindən “LaOtraCara” portalında tanınmış kolumbiyalı jurnalist Roberto Trobaxonun dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Böyük Nizami Gəncəvi – bəşəriyyətin nəhəngi” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən Ordum.az-a verilən məlumata görə, yazıda ilk olaraq, dahi Nizaminin həyatı və doğulduğu Gəncə şəhərinin Azərbaycanın ən önəmli ictimai-siyasi və mədəni mərkəzlərindən biri olması haqda məlumat verilir.

Şairin yaradıcılığından danışan müəllif, dahi söz ustasının 20 minə qədər nəzm nümunəsi yaratdığını bildirir və bu misralarda, eləcə də “Xəmsə”yə daxil olan poeamalarda toxunduğu bəşəri mövzuların və qələmə aldığı dərin fəlsəfi fikirlərin bu gün də dünya ədəbiyyatında öz təsirini qoruyub saxladığını qeyd edir.

“Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” kimi əsərlərin ədəbi-bədii önəmindən bəhs edən müəllif, N.Gəncəvinin bu əsərlərlə Şərq ədəbiyyatına misilsisz töhfələr verdiyini və istər müasirlərinin, istərsə də xələfləri olan şairlərin yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərdiyini diqqətə çatdırır.

Sonda YUNESKO tərəfindən dünya ədəbiyyatı və mədəniyyətinin ən parlaq simalarından biri kimi qəbul edilən N.Gəncəvinin 800 illik yubileyi münasibətilə başa çatmaqda olan ilin Azərbaycanda “Nizami ili” kimi qeyd olunduğu deyilir.

https://laotracara.co/recomendados/el-gran-nizami-ganjavi-gigante-de-la-humanidad/




Facebook'da Paylaş