Milli Qəhrəman İbad Hüseynlinin övladının toy mərasimi keçirilib

Bu gün, 11:38

Milli Qəhrəman İbad Hüseynlinin övladının toy mərasimi keçirilib
Noyabrın 15-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin qız övladının möhtəşəm toy mərasimi keçirilib. Planetinfo.az xəbər verir ki, paytaxtın nüfuzlu məkanlarından birində təşkil olunan mərasim həm coşqusu, həm də yüksək təşkilatçılığı ilə yadda qalıb.
Tədbirdə İbad Hüseynlinin ailə üzvləri, yaxın qohumları, dostları, döyüş yoldaşları, dövlət və hökumət nümayəndələri, Milli Qəhrəmanlar, diaspor təmsilçiləri, eləcə də xaricdən gəlmiş qonaqlar iştirak ediblər. Mərasimdə ölkəyə, xalqa və vətənpərvərlik ruhuna dəyər verən insanların bir araya gəlməsi xüsusi bir mənəvi ab-hava yaradıb.
Toy şənliyi Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Bu anlar tədbir iştirakçıları tərəfindən böyük ehtiramla qarşılanıb.
Daha sonra mərasimdə çıxış edən qonaqlar bu unudulmaz gündə xoşbəxtliklərini bölüşən bəy və gəlinə öz səmimi təbriklərini çatdırıblar. Nitqlərdə ailə dəyərlərinin önəmi, gənclərin həmrəylik və vətənpərvərlik ruhunda böyüməsinin vacibliyi vurğulanıb. Həmçinin gənc ailəyə uzun ömür, firavanlıq, bir-birinə daim dayağ olmaları arzulanıb.
Toy şənliyində çıxış edən qonaqlar öz nitqlərində yalnız gənc ailəyə deyil, həm də mərasimin ev sahibi olan Milli Qəhrəman İbad Hüseynliyə xüsusi ehtiramlarını ifadə ediblər. Çıxışlarda qeyd olunub ki, İbad Hüseynli təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qəhrəmanı kimi tanınır. Qonaqlar onun Qarabağ müharibəsində göstərdiyi misilsiz şücaətin, igidliyinin və türk coğrafiyasında böyük hörmət qazanan mübarizə yolunun gənclərə nümunə olduğunu vurğulayıblar. Bildirilib ki, İbad Hüseynlinin adı türk dövlətləri arasında qardaşlıq, həmrəylik və birlik rəmzlərindən biri kimi dəyərləndirilir.
Mərasim vətəpərvərlik ruhunda musiqili proqram, rəqslər və ənənəvi toy mərasimlərinə xas şənliklərlə davam edib.
Xatırladaq ki, İbad Hüseynli 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Onun Vətən müharibəsində göstərdiyi şücaət, cəsarət və fədakarlıq geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.











Fuad




Facebook'da Paylaş