Sən bu ada layiqsən
44 günlük Vətən müharibəsində qazandığımız qələbənin nəticələri o dərəcə möhtəşəmdir ki, bəlkə də müasiri olduğumuz bu hadisələrin içində olduğundan bunu layiqincə tədqiq edə bilmirik. Bu qələbə xalqımızın, dövlətimizin həyatında elə bir işıqlı səhifə açdı ki, həmin savaş başlayandan indiyədək ötən hər bir gün tarixə yazılır, daha doğrusu tarix yazılır. Biz artıq təqvim günlərini vərəqləyərkən, hansısa yaşayış məntəqəsinin düşmən tərəfindən işğalı, növbəti faciə və ya bir igidimizin şəhid olduğu gün kimi yada salıb köks ötürmürük- qisas alındı. Biz ötən 5 ildə hansı günün hansı əlamətdar hadisə ilə yadda qalmasının fərqindəyik.
Belə əlamətdar günlərin biri də 9 dekabr 2020-ci ildir.Həmin gün Prezident İlham Əliyevin sərəncamı ilə torpaqlarımızın müdafiəsində mərdlik göstərmiş bir qrup hərbçilərin Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif edilməsi ilə yadda qalacaq. İbad Hüseynli yeganə hərbçidir ki, dövlətimizin ərazi bütövlüyü uğrunda savaşan və bu ada layiq görülən son canlı Milli Qəhrəmandır. İnsanların mental şüuruna hakim kəsilmiş “qəhrəman şəhid olmalıdır” stereotipi İbad Hüseynlinin timsalında cənab Prezident İlham Əliyev tərəfindən sındırıldı.
Bir qayda olaraq, qəhrəmanlar ən kritik anlarda, başqalarının həyatını, vətəni müdafiə etmək anında meydana çıxır. İstərdik ki, xalqımızın, dövlətimizin həyatında daha heç zaman fövqəladə bir hadisə yaranmasın və şəhid olacaq qəhrəmanlara gərək olmasın. Yetər ki, bu hadisələrə hazır olan layiqli vətəndaşlar yetişdirək. İbad Hüseynli yaddaşlarda və tarixdə sonuncu canlı qəhrəman kimi xatırlansın. Qəhrəmanımızın geniş təqdimata ehtiyacı yoxdur.O, bir anın içində parlayan, öz qəhrəmanlıq missiyasını başa vurub, geri çəkilən döyüşçü deyil. İbad Hüseynli yeganə savaşçıdır ki, döyüş yolu bu qədər araşdırılır.Hər bir xalq özünə reallıqdan uzaq mifik qəhrəman obrazı yaradarkən, nədən biz real qəhrəmanlarımızı dünyaya tanıtmayaq? Bu kimi hadisələr durmadan tirajlanmalıdır ki, yetişən gənc nəsillər məsələdən hali olsun, onların formalaşmasında belə faktların misilsiz xidməti var. Hər bir kəs öz əməyi və xidmətinə görə qiymətləndirilməlidir. Savaş illərində İbad Hüseynlinin xidmətləri və fərdi qəhrəmanlığı canlı şahidlərin heyrətinə səbəb olub. O, xalqımızın hərb tarixinə, eləcə də dünya hərb tarixinə fərdi qəhrəmanlığı ilə dərin iz buraxmış nadir döyüşçüdür. Əgər 44 günlük Vətən müharibəsi öz unikallığı baxımından dünya hərbi strateqləri tərəfindən diqqətlə tədqiq olunursa, İbad Hüseynlinin fərd kimi hərbi uğurları araşdırılarkən, insan potensialının düzgün qiymətləndirilməsi istiqamətində əsl tədqiqat obyektinə çevrilməsi də faktdır. Elmi-texniki tərəqqinin son nailiyyələrinin hərb elminə tətbiqi insan amilinin heç zaman ikinci plana düşdüyü anlamına gəlmir. Başqa sözlə, süni intellekt ilahi ruhun daşıyıcısı olan insanı və insan zəkasını əvəz edə bilməz.İnsanın fiziki və əqli potensialının hiss və ilahi ruhla çulğalaşması və hərbdə tədbiqini biz İbad Hüseynlinin timsalında təzahür etdiyini müşayət edirik.
9 dekabr məhz həmin tarixdi – qəhrəmanımızın layiq olduğu adla təltif edildiyi gün. Cənab Prezidentin qəhrəmana xitabən söylədiyi “Sən bu ada layiqsən” cümləsini İbad Hüseynli ən böyük mükafat sanır.
Bir gün sonra bütün dünyanın diqqətini cəlb edəcək başqa bir hadisə baş verəcəkdi: Azərbaycanın və qardaş Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakıda məhv edilmiş və qənimət kimi ələ keçirilən düşmənin hərbi texnikalarının nümayiş etdirilməsi müşayət edilən hərbi parad keçiriləcəkdir – Zəfər Paradı.
Sahib Şirinov, qazi
Facebook'da Paylaş