Kəlbəcər Şəhəri Günü

22-11-2024, 22:43

Kəlbəcər Şəhəri Günü

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
25 noyabr Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən dörd il ötür. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü.
İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar.
Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident cənab İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdu. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər nəticəsində strateji yüksəkliklərin götürülməsi həmin istiqamətdə erməni silahlı qüvvələrinin hərəkətlərini böyük dərəcədə məhdudlaşdırmağa imkan yaratdı. Əks-hücum əməliyyatının tərkib hissəsi olan bu əməliyyatların gedişində Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi, amma əksər hissəsi Ermənistan kapitulyasiya aktına imza atandan sonra azadlığına qovuşdu.
2021-ci il avqustun 16-da Prezident cənab İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək dedi: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.
Kəlbəcər zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır. Rayonun əlverişli relyefi, saf dağ iqlimi, mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafı üçün geniş imkanlar yaradır.
Kəlbəcər həm də turistlərdə maraq yarada biləcək bir çox tarixi abidələrlə zəngindir. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır. Otuz il əvvəl məcburi köçkünə çevrilərək respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilər doğma yurda qayıdacaqları günü gözləyirlər. Bu məqsədlə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən bu yolunun layihə uzunluğu 80,7 kilometrdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın 2021-ci ilin avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Səfər çərçivəsində 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı olub. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində 3,4 kilometr uzunluğundakı tunelin tikintisinə start verilib.
2022-ci il iyunun 26-da Azərbaycan Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub.
Həmin gün Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, rayondakı su istehsalı zavodunun, İstisu sanatoriyasının təməli qoyulub.
Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu tədbirin xüsusi məna daşıdığını vurğulayıb: “Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır”.
Kəlbəcər rayonunda tikintisi gedən mühüm infrastruktur obyektlərindən biri də “İstisu” sanatoriyasıdır. Təməlqoyma mərasimində Azərbaycan Prezidentinin də iştirak etdiyi İstisu qəsəbəsində yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılır.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il mayın 27-də Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi hospitalın, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib.
Bu il avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna daha bir səfər ediblər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik stansiyasının açılışı olub, Zar kəndinin təməli qoyulub.
Göründüyü kimi, Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.
Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ümumilikdə ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır.
Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Adil Həmid, Şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü




Facebook'da Paylaş