"Prezident İlham Əliyevin "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı qarşıdakı illərdə Azərbaycan gəncliyinin fəaliyyəti üçün yol xəritəsi rolunu oynayır. Bu proqram gənclərimizin yeni dövrün çağırışlarına adekvat formada inkişafını hədəfləməklə yanaşı, həm də gənclər qarşısında bir sıra mühüm vəzifələr də müəyyən etməkdədir”.
Modern.az xəbər verir ki, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı "Prezident İlham Əliyevin "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı haqqında danışarkən qeyd edib.
O vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bugün Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilir: "Bu proqramın təsdiq edilməsi Azərbaycan Prezidentinin ölkə gəncliyinə daha bir hədiyyəsi olmaqla yanaşı, eyni zamanda dövlətimizin reallaşdırdığı gənclər siyasətinin məntiqi davamıdır. Gənclərlə bağlı bundan əvvəl qəbul edilən dövlət proqramları da Azərbaycan gəncliyinin inkişafında mühüm rol oynamaqla, onların müasir bir gənc kimi formalaşmasına dəstək vermişdi. Gənclərlə bağlı qəbul edilən dövlət proqramları və atılan digər zəruri addımlar Azərbaycanda gənclərlə işin dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyinin nümunəsidir”.
Fərid Şahbazlı bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı” ölkə gəncliyinin bütün istiqamətlər üzrə inkişafını özündə əks etdirəcək: "Bu proqram gəncləri müasir dünyanın tələblərinə uyğun formada qlobal bir insan kimi yetişdirməyi hədəfləməklə yanaşı, həm də onların milli-mənəvi dəyərlər, milli dövlətçilik ruhunda formalaşmasını da qarşıya məqsəd kimi qoyub. Gənc nəslin vətənpərvərlik tərbiyəsi, elmi-mədəni inkişafı, beynəlxalq əməkdaşlıq məsələləri, yaradıcı gənclərin ideyalarının dəstəklənməsi, gənclərin sahibkarlıq təşəbbüslərinə diqqət ayrılması, gənclər təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi kimi bir sıra mühüm istiqamətlər Dövlət Proqramının ana xəttini təşkil edir. Əminəm ki, gənclərimiz bu proqramın yaradacağı imkanlardan faydalanaraq ölkəmizdə reallaşdırılan inkişaf siyasətinə öz töhfələrini verəcəklər”.