20 YANVAR FACİƏSİ - XALQIMIZIN QAN YADDAŞIDIR

12-09-2017, 12:17




1980-ci illərin sonlarında yaranmış ictimai-siyasi vəziyyət və 20 Yanvar faciəsini doğuran səbəblər1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi.


Keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər bütün respublikalarda olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma "Dağlıq Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin Azərbaycanın ərazilərinə iddiaları və dinc əhaliyə qarşı azğın cinayətləri haqlı olaraq xalq kütlələrinin hiddətinə səbəb oldu. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini qorxuya salmaya bilməzdi. Ona görə də SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törədərək ermənilərin və rusların talanını təşkil etdi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi əldə etmiş SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı.

Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcəkdir və belə tədbir nəzərdə tutulmayıb. Ancaq bu vaxt DTK-nın diviziyasının və desant hissələrinin Bakıya atılması başa çatmaqda idi.

Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldı. 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası tərəfindən sübut edilmişdir ki, həmin partlayış DTK tərəfindən planlaşdırılıb və həyata keçirilib.

Yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyotlardan və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 132 nəfər həlak olmuşdur ki, onlardan da 123-ü kişi, 5-i qadın, 4-ü uşaq idi.

20 Yanvar faciəsində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan 6 rus, 3 tatar, 3 yəhudi həlak olmuşdur. Həlak olanların arasında 4 milis işçisi, 1 həkim, 1 aspirant, 3 elmlər doktoru olub. Qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.

Bakı şəhərinə 20 Yanvar tarixindən fövqəladə vəziyyət tətbiq olunması haqqında SSRİ Ali Soveti Heyətinin 19 yanvar tarixli fərmanı isə ancaq yanvarın 20-də səhər saat 6-dan zirehli maşınlardan xalqa elan edilirdi.

Elə həmin gün ərzində 5 nəfər dinc sakin imperiya ordusu tərəfindən güllələndi. Yanvarın 21-də o zaman Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etdi.

Sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edib, "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi" deyərək öz günahını etiraf etmişdir.
 
20 Yanvar faciəsinin Azərbaycan milli-azadlıq hərəkatında yeri və roluAzərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların əziz xatirəsini dərin ehtiramla yad edir.

20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi, bu hadisələrin təşkilatçıları olan Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və başqalarının cəzalandırılmasını tələb etdi.

Sonrakı illərdə qəbul olunmuş rəsmi sənədlərdə də 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyəti yüksək qiymətləndirilmişdir.

20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyin əldə olunmasından artıq 21 il keçmişdir. Müstəqil Azərbaycan Respublikası dünya dövlətlər arası münasibətlər sistemində öz yerini tutmuş və bütün dünyaya sübut etmişdir ki, müstəqilliyimiz əbədidir, dönməzdir.

Ancaq müstəqilliyimizin ilk illərində, 1991-1993-cü illərdə Ermənistanın Azərbaycana ədalətsiz ərazi iddiası və təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu və bu günə qədər respublikamızın ərazi bütövlüyü bərpa olunmamışdır. Ona görə də 20 Yanvar faciəsinin 21-ci ildönümü ərəfəsində hər bir Azərbaycan vətəndaşı, Azərbaycan ordusunun hər bir əsgəri, giziri və zabiti bir daha dərk etməlidir ki, şəhidlərimizin qanı bahasına müstəqil olmuş Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan Respublikası tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması sahəsində görülən işlərlə bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyini bəyan edərək demişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".

Artıq 2011-ci tədris ilinin döyüş hazırlığı planına əsasən hərbi hissələrdə və birləşmələrdə döyüş və ictimai-siyasi hazırlıq dərsləri başlanmışdır. Qarşıda şəxsi heyəti gərgin dərs prosesi, çöl məşğələləri, taktiki təlimlər gözləyir. Azərbaycan ordusunun hərbi qulluqçusunun bu dərslərdə və təlimlərdə əldə etdiyi yüksək nəticələr, hər bir nailiyyət, hər bir uğur bizi Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda müqəddəs müharibədə qələbəyə daha da yaxınlaşdırır. Müasir döyüşdə ancaq yüksək döyüş hazırlıqlı, həvalə olunmuş texnikanın və silahların sirlərinə mükəmməl yiyələnmiş, intizamlı, mənəvi-psixoloji və fiziki cəhətdən dözümlü olan əsgər qalib gələ bilər. Hər bir Azərbaycan əsgəri bu keyfiyyətləri əldə etmək üçün dərslərdə və təlimlərdə komandirlər tərəfindən keçirilən tədris proqramlarını, hərbi vərdişləri yaxşı mənimsəməli, onları döyüşdə tətbiq etməyi bacarmalıdır ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin qisasını almağa hazır olsun.






Facebook'da Paylaş