Parçalanmış millətin harayçısı
Ərkəm Rəhimli (Bije)
Əkrəm Rəhim oğlu Bije Cənubi Azərbaycanşünas alimlərimizdəndir. O, 1932-ci ildə Azərbaycan Respublikasının Qazax şəhərində anadan olub. Soykökü Cənubi Azərbaycandan olduğuna görə 1938-ci ildə valideynləri ilə birlikdə ata yurdu Cənubi Azərbaycana deportasiya edilmişdir.
Ə.Rəhimli 1939-1945-ci illərdə Cənubi Azərbaycanın Mərənd şəhərinin Yuxarı Dizə kəndində orta məktəbdə fars dilində oxumuşdur.Pəhləvilərin İranda hakimiyyəti illərində (1925-1979) İran dövləti tərkibində yaşayan azərbaycanlılara bu dövləti məhv edə biləcək qüvvə kimi baxıldığından hakim dairələr tərəfindən onlara qarşı amansız bir şəkildə assimilyasiya siyasəti həyata keçirilmişdir. Məktəblərdə təhsil fars dilində idi. Müəllimlər fars dilində dərs deməyə borclu idilər. Hətta, ibtidai məktəblərdə Azərbaycan türkcəsində danışanlar üçün cərimə qutuları da qoyulmuşdu. Yerli dillərdə təhsil, qeyri-fars dilində kitab və qəzet çapı dövlət tərəfindən rəsmi olaraq qadağan edilmişdi. Güneyşünas alim Ə.Rəhimli Mərəndin Yuxarı Dizə kəndində oxuduğu ibtidai məktbdə 1940-cı ildə baş vermiş bir hadisəni xatərlayaraq deyir ki, məktəbdə sinif yoldaşı Əhməd üzünü ona və Yunisə tutubAzərbaycan türcəsində “dərsdən sonra gedib Ağalar zəmisində futbol oynayarıq” ifadəsini işlətddiyinə görə hər üç şagirdə şallaq cəzası təyin edilmişdi. Heyva ağacından olan çubuqla onların əllərinin içinə 5-6 dəfə zərbə vurulmuş,sonra isə boyunlarındanüzərində “bədəxlaq şagird” yazılmış plakat asılmışdı. Şagirdə məktəb miqyasında belə bir adın verilməsi çubuq cəzasından daha ağır cəza hesab olunurdu. Belə ki, bu uşağın ruhunu, mənliyini və kimliyini təhqir edirdi.
Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə azərbaycanlıların milli-demokratik mübarizəsi qələbə çaldıqdan və12 dekabr 1945-ci il tarixində Cənubi Azərbaycanda Milli Hökumət təşkil edildikdən sonra bir il Azərbaycan dili rəsmi dövlət və təhsil dili elan olundu. Ə.Rəhimliyə də bu bir il içərisində Azərbaycan dilində oxumaq xoşbəxtliyi nəsib oldu. 1946-cı ilin dekabr ayının 12-də S.C.Pişəvərinin rəhbərlik etdiyi milli-demokratik hərəkat xarici imperializmin və daxili irticanın əli ilə məğlubiyyətə uğradıldıqdan sonra o, ailəsi ilə birlikdə yenidən Şimali Azərbaycana gəlmiş və yenə də Qazax şəhərində məskunlaşmışdır.
1949-1953-cü illərdə Gəncə pedaqoji texnikumunu, 1953-1957-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Sonra bir neçə il orta məktəbdə müəllimlik etmiş və mətbuat sahəsində çalışmışdır. 1960-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitunun aspiraturasında oxumuş və 1963-cü ildə Moskvada “SSRİ-Türkiyə iqtisadi əlaqələri (1923-1938)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.1965-ci ildə onun eyni adlı əsəri - “SSRİ-Türkiyə iqtisadi əlaqələri (1923-1938)” adlı monoqrafiyasıBakıda çap edilərək elmi ictimaiyyətə təqdim olunmuşdur. Gənc alim sonrakı illərdə də Türkiyə iqtisadiyyatı ilə bağlı tədqiqatlarını davam etdirmiş və 1970-ci ildə onun bu mövzuda daha geniş və dərin araşdırmalara söykənən “Türkiyənin xarici ticarət siyasəti (1920-1980)” elmi-tədqiqat əsəri Bakıda çap olunaraq oxuculara təqdim olunur.
1963-cü ildən indiyədək AMEA Şərqşünaslıq İnstitutunda çalışan Əkrəm Rəhimli (Bije) hazırda həmin Institutda Cənubi Azərbaycan şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 2009-2014-cü illərdə o, bu şöbəyə rəhbərlik etmişdir.
Keçən əsrin 60-70-ci illərində elmi fəaliyyəti ilə yanaşı Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətini də davam etdirmişdir, bu ali təhsil ocağında tarix fakültəsində Şərq tarixi üzrə xüsusi kurs təşkil edərək mühazirələr oxumuşdur.
O, Türkiyə, İran, eləcə də Cənubi Azərbaycanın sosial-siyasi və iqtisadi-mədəni durumuna aid yüzdən çox publisistik və elmi məqalələrin, bir sıra kitabların müəllifi və tərtibatçısıdır.
1828-ci ildə Türkmənçay müqaviləsi əsasında vətənimiz Azərbaycan ikiyə bölündükdən bu günə kimi onun cənub hissəsində baş verən tarixi olaylar haqqında oxuculara ətraflı məlumat verən “Güney Azərbaycan” (Bakı, “Orxan” nəşriyyat və poliqrafiya evi, 2000)adlı məlumat kitabı Şövkət xanım Tağıyeva, Əkrəm Rəhimli və Səməd Bayramzadənin birgə müəllifliyi ilə hazırlanmış və çap olunmuşdur. Qeyd olunmalıdır ki, bu kitab Ə.Rəhimlinin Cənubi Azərbaycan mövzusu ilə bağlı yaradıcılığında ciddi təşəbbüslərdən biri olmuş və qətiyyətlə demək olar ki, bu kitab Azərbaycan tarixşünaslığında xüsusi yerə və çəkiyə malikdir. Bu kitabda Cənubi Azərbaycanın yaxın-uzaq tarixi, ərazisi, əhalisi, təsərrüfatı, maarif və mədəniyyəti, ədəbiyyatı, siyasi şəxsiyyətləri və s. barədə gərəkli bilgilər toplanmışdır.
“Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946)”(Bakı, “MEQA” nəşriyyatı, 2003) adlıkitabı Ə.Rəhimlinin elmi yaradıcılığının zirvəsi hesab etmək olar. Kitabda keçən yüzilliyin 40-cı illərində Cənubi Azərbaycandakı milli-demokratik hərəkatdan bəhs olunur,21 Azərə gedən mübarizə yolu tədqiq və təhlil edilir, sosial, siyasi, iqtisadi və mədəni durum, baş vermiş olayların məzmun və mahiyyəti, 21 Azərin qələbəsindən sonra yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti yetərincə öz əksini tapır. 1941-1945-ci illər Cənubi Azərbaycanda milli-demokratik mübarizənin zirvəsi hesab olunan 21 Azər hərəkatının və Azərbaycan Milli Hökumətinin qurulmasının (12 dekabr 1945) 70 illiyi ilə bağlı kitab 2015-ci ildə işlənərək “21 Azərə gedən yol” adı ilə yenidən çap olunmuşdur. Kitabın əvvəlində (s.4) müəllifin özünün qeyd etiyi kimi, onun “Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946)” adlı əsəri gənc yaşlarında apardığı müşahidələrin, şahidi olduğu hadisələrin, uzun müddət etdiyi mütaliələrin və apardığı tədqiqatların nəticəsində monoqrafiya şəklində elm aləminə təqdim edilmişdir. Ə.Rəhimlinin adıgedən əsəri Cənubi Azərbaycanın bir sıra problemləri sırasında dayanan 1941-1946-cı illər milli-demokrati hərəkatın öyrənilməsində, o dövr və hərəkatla bağlı düyünlərin açılmasında qiymətli bir təşəbbüsdür. Kitabın elmi redaktorlarının təbirincə desək, “biz təkcə tariximizin deyil, eyni zamanda taleyimizin də maraqlı bir dövrünü əhatə edən bu kitabda bir tərəfdən oyanmış xalqın öz milli haqları uğrunda mübarizəsinin salnaməsi ilə tanış olur, ağrılı-acılı, fəqət həqiqətən də qəhrəmanlıqla dolu bir tarixi yenidən yaşayır, digər tərəfdən də o dövrə məxsus sistem ziddiyyətləri fonunda öz qardaşlarına kömək əli uzadan Sovet Azərbaycanının, onun ilk növbədə ziyalılarının keçirdiyi tarixi və fərəhli yolunun şahidlərinə çevrilirik” (s.6). Kitab 2005-ci ildə eyni adla əski əlifbada Kanadada və 2006-cı ildə isə fars dilinə tərcümədə İranda çap olunmuşdur.
Ə.Rəhimlinin böyük zəhməti sayəsində tərtib edilmiş irihəcmli “Parçalanmış millətin harayı (həsrət şeirləri və bayatılar)”(Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007)kitabı isə vüsal həsrətilə dünyamızdan köçmüş soydaşlarımızın əziz xatirəsinə ethaf olunmuşdur. “Parçalanmış millətin harayı” adlı bu toplu 190 ilə yaxınlaşan bir müddət ərzində zorla ikiyə parçalanmış Azərbaycan xalqının şeir və bayatılar dili ilə bu haqsızlığa və ədalətsizliyə qarşı çıxış və etiraz səsidir. Kitabda o taylı-bu taylı 100-dənçox şairlərimizin həsrət, hicran,nisgili və vüsal arzusu ilə bağlı şeirlərindən və bu mövzuda deyilmiş bayatılardan nümunələr oxuculara təqdim olunur. Müəllifin özünün qeyd etdiyi kimi, parçalanmış Vətənin ağrısını köksündə gəzdirən hər bir azərbaycanlı və bu ağır tarixi faciəyə biganə qalmayan insanlardan ötrü onların diqqətinə təqdim olunan bu kitab çox oxunaqlı və cazibəlidir.
Ə.Rəhimlinin “Mübarizə burulğanında keçən ömür. Seyid Cəfər Pişəvəri”(Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009)adlı kitabı dr.Bəşarət xanım İsmayıl və Elmira Fikrətqızının tərcüməsində Türkiyə türkcəsində Trabzon şəhərində (çap ili yoxdur) və 2013-cü ildə fars dilində (tərcüməçinin adı onun ad və familiyasının baş hərfləri ilə “Ğ.M.” kimi göstərilmişdir) İran İslam Respublikasının Məşhəd şəhərinin “Samen” nəşriyyatında “Əbədi məşəl. Seyid Cəfər Pişəvəri (həyatı, siyasi və ictimai fəaliyyəti)” adı ilə çap olunmuşdur. Kitabda İranın və Cənubi Azərbaycanın tanınmış mütəfəkkir-ziyalısı, inqilabçı-demokrat Seyid Cəfər Pişəvərinin həyatından və mübarizəsindən bəhs olunur. Çoxsaylı mənbə və sənədlər əsasında S.C.Pişəvərinin 55 illik həyatının müxtəlif dövrlərinin çalarları, 1945-1946-cı illərdə Cənubi Azərbaycandakı milli-demokratik hərəkatda onun xidmətləri və rolu, hərəkatın süqutundan sonra isə həyatının axır günləri və ölüm səbəbləri tədqiq və təhlil olunur.
Doktor Salamullah Cavidin “O günün həsrətilə...” başlığı altındakı xatirələri 2008-ci ildə Ə.Rəhimlinin tərtibatı və redaktorluğu ilə çap olunmuşdur. Kitabda həyatının 50 ildən çoxunu Cənubi Azərbaycanın milli azadlıq və demokratik hərəkatına həsr etmiş bir insanın – Salamullah Cavidin keçdiyi həyat və mübarizə yolundan bəhs edilir. Kitabın əsasını dr. S.Cavidin yazdığı xatirələr təşkil etsə də, onu yaxından tanıyanların, oğlu Azad Cavidin qeydləri, həmçinin kitab tərtibçisi Ə.Rəhimlinin (Mişovdağlının) qeydləri də xatirələrin əlavəsində verilmişdir. Xatirələrdə bəhs olunan dövrlə bağlı ara-sıra bəzi məsələlərə tam aydınlıq gətirmək məqsədilə tərtibçi-redaktor Ə.Rəhimli (Mişovdağlı) o dövrün tədqiqatçısı kimi öz şərhlərini vermişdir. Tərtibçı-redaktor eyni zamanda bu xatirələrin müəllifi Cavidin şəxsiyyətinə işarə edərək yazır ki, doktor Salamullah Cavid XX əsr Güney Azərbaycandakı milli azadlıq və demokratiya uğrunda xalq hərəkatının yetişdirdiyi liderlərdəndir. Onun keçdiyi mübarizə yolu və həyatı öyrənilməyə layiqdir. Ə.Rəhimlinin tərtibatında oxuculara təqdim olunan “O günün həsrətilə” adlı xatirələr kitabında görkəmli siyasi-ictimai xadim, həkim, folklorşünas tədqiqatçı alim doktor Salamullah Cavidin keçdiyi ömür yolu ilə qısa olsa da, tanış olmaq mümkündür.
Əkrəm müəllimin tərtibatında və elmi redaktorluğu ilə 2014-cü ildə işıq üzü görmüş “Zindan xatirələri” (Bakı) toplusu da S.C.Pişəvərinin 1930-1941-ci illərdə İranın Tehran şəhərindəki “Qəsri-Qacar” zindanında həbsdə olduğu illərdəki müşahidə və qeydlərindən ibarətdir. Xatirələrdə Rza şah zindanındakı ağır və dözülməz həyat, məmur özbaşınalıqları, günahsız insanlara verilən əzab və işgəncələr oxucuya çatdırılır. Bu xatirələr XX əsrin 30-cu illərində İranda mövcud olan siyasi mühiti, Rza şah diktaturasının törətdiyi saysız-hesabsız cinayətləri öyrənmək və məlumat əldə etmək baxımından çox önəmlidir.
“Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim (başlıca tarixi olaylar, siyasi və ədəbi şəxsiyyətlər)”(Bakı, “Apostroff, 2014) adlı kitab Əkrəm Rəhimli və Səməd Bayramzadənin tərtibatında hazırlanmış və çap olunmuşdur. Oxuculara təqdim olunan bu kitab müəlliflərin çox gərgin axtarış və zəhmətləri nəticəsində ortaya qoyulmuşdur. Belə ki, adıgedən ensiklopedik təqvimin tərtib olunmasında Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatına aid çoxlu sayda Azərbaycan, rus, fars və ingilis dillərində qaynaqlar, arxiv materialları, elmi monoqrafiya və toplular dövrəyə cəlb edilmiş, hətta müvafiq dövrlərdə yaşamış tarixi-ədəbi simaların, günümüzdə yaşayan insanların xatirələrindən belə istifadə edilmişdir. Təqvimin tərtibində əsas və istiqamətləndirici mənbə kimi o taylı-bu taylı bir çox Azərbaycan tarixçilərinin əsərlərindən və yazılarından istifadə olunmuşdur. Bu ensiklopedik təqvimin tərtibindən müəlliflərin əsas məqsədi güneyli-quzeyli Azərbaycanın keçmişi, ən qədim dövrdən çağdaş günümüzədək baş vermiş tarixi olayları, bir sıra siyasi və ədəbi şəxsiyyətləri barədə məlumatları oxuculara yığcam şəkildə məlumat verməklə tariximizə münasibətdə bəzən göstərilən biganəlik və unutqanlığı aradan götürmək olmuşdur.
2016-cı ildə Bakının “Nurlar” Nəşriyyatı-Poliqrafiya Mərkəzində çap olunmuş “Seyid Cəfər Pişəvəri. Məqalə və çıxışlarından seçmələr (1945-1946-cı illər)” kitabı da Əkrəm Rəhimli tərəfindən nəşrə hazırlanmışdır.Kitaba yazılmış ön söz və şərhlərin müəllifi də o özüdür. Adıgedən topluya S.C.Pişəvərinin Cənubi Azərbaycan mətbuatında 1945-1946-cı illərdə çap olunmuş məqalə, çıxış və bəyanatlarından seçmələr daxil edilmişdir. Bu seçmələrdə 1945-1946-cı illərdə Cənubi Azərbaycandakı xalq hərəkatının, o dövr sosial-iqtisadi və mədəni durumun ayrı-ayrı cəhətləri açıqlanır. Azərbaycan Demokrat Firqəsinin sədri olmaqla 21 Azər kimi milli-demokratik hərəkata başçılıq etmiş və Azərbaycan Milli Hökumətinin baş naziri olmuş S.C.Pişəvərinin qələminin məhsulu olan bu yazılarda oxucu həmin dövrdə Arazın o tayında baş vermiş olaylarla, dövrün təzadlı cəhətləri və Azərbaycanla İran şahlıq rejiminin münasibətlərindəki barışmazlıq və Azərbaycandakı hərəkata Tehran mərkəzi hökumətinin düşmən münasibəti, baş vermiş zorakılığa və qanlı olaylara ABŞ, İngiltərə və SSRİ kimi müttəfiq dövlətlərin göz yumması və s. kimi tarixi faktlarla tanış olmaq imkanı əldə edir.
Ə.Rəhimlinin “Cənubi Azərbaycan: düşüncələr, problemlər” (Bakı, “Nurlar”, 2017) adlı son əsəri, 2017-ci ilin yayında işıq üzü görmüşdür. Müəllifin bu kitabında isə onun son 17 ildə yazdığı məqalə, müsahibə və rəylərindən seçmələr verilmişdir. Məqalələrdə Cənubi Azərbaycanda baş vermiş olayların elmi-siyasi və tarixi-ədəbi səpgidə şərhi verilir.
Əkrəm müəllim yuxarıda adları çəkilən qiymətli elmi və tarixi əsərləri ərsəyə gətirməklə yanaşı eyni zamanda da əməkdar incəsənət xadimi, kinorejissor Ənvər Əblucun Məhəmməd Hüseyn Şəhriyar, Məhəmməd Biriya, Cavad Heyət və Söhrab Tahir haqda çəkdiyi filmlərin elmi məsləhətçisi olmuşdur.
Güneyşünas kadrların yetişdirilməsində də Əkrəm müəllimin zəhmət və qayğısı böyükdür.
Ə.Rəhimli həm də gözəl, sədaqətli və qayğıkeş bir ailə başçısıdır. O, uzun illər orta məktəbdə müəllimlik etmiş ömür-gün yoldaşı Fatma xanımla birlikdə çiyin-çiyinə çalışmış və üç övlad böyüdüb ərsəyə çatdırmışdır. Bu gün ocağında nəvə-nəticələrinin qayğısı ətrafında həyatının ən gözəl çağlarını yaşamaqdadır.
85 illik yubileyi münasibətilə bu elm fədaisini təbrik edir, ona möhkəm can sağlığı arzulayır və yeni maraqlı əsərlərini gözləyirik. Eyni zamanda da inanırıq ki, Azərbaycan Respublikasının elmi ictimaiyyəti, müvafiq dövlət orqanları da 21 Azər hərəkatı yadigarlarından olan bu fədakar və zəhmətkeş alimin elmi fəaliyyətini onun 85 illik yubileyi münasibətilə layiqincə dəyərləndirəcək və qiymətləndirəcəkdir.
Səməd Bayramzadə,
tarix üzrə fəlsəfə doktoru,
AMEA akad. Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan
şöbəsinin müdiri