Acıdərə Türk Şəhidliyinə "Hər gələn bir bardaq su ilə gəlsin" devizi altında yürüş keçirilib

15-09-2017, 11:48



Bakının erməni-bolşevik işğalından və daşnak quldurlarından azad edilməsinin 99-cu ildönümü ilə bağlı Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.

 Ordum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, respublikamızın ərazisindəki Türk Şəhidlikləri ziyarət olunur, Osmanlı Türkiyəsi Qafqaz İslam Ordusunun Azərbaycan Demokratik Respublikasının yeni yaranmaqda olan milli ordu hissələri ilə birlikdə Bakı və ətraf rayonları erməni-bolşevik işğalından azad etmələri tariximizin şanlı səhifələrindən biri kimi xatırlanır, Türkiyə və Azərbaycanın - sevinci və kədəri bir olan "bir millət, iki dövlət"in tarixi dostluq və qardaşlığının bu gün daha da möhkəmləndiyi qeyd edilir.


Müdafiə Nazirliyi rəsmilərinin, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelik aparatı əməkdaşlarının, hərbi qulluqçuların, müharibə veteranlarının və ictimaiyyət nümayəndələrinin Bakı-Şamaxı yolunda, Qobustan rayonu ərazisindəki Acıdərə Türk Şəhidliyinə yürüşü ötən əsrin əvvəllərində xilaskarlıq missiyası ilə Azərbaycana gələn və erməni-bolşevik qoşunları ilə qanlı döyüşlərdə şəhid olan "mehmetciyin" xatirəsinə əbədi ehtiramın nümayişinə çevrilib.
"Hər gələn bir bardaq su ilə gəlsin" vətənpərvərlik aksiyasının iştirakçıları əvvəlcə Türk Şəhidliyi abidə-kompleksini ziyarət edərək önünə çələng və qırmızı qərənfillər qoyublar. Tənha türk şəhidinin məzarı qarşısında keçirilən xatirə mitinqini açan Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani Göyçay, Kürdəmir, Ağsu, Şamaxı, eləcə də Bakının daşnak quldurlarından azad edilməsi uğrunda gedən döyüşlər haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, bu döyüşlərdə Qafqaz İslam Ordusunun yüzlərlə əsgər və zabiti şəhidlik zirvəsinə ucalıb. Bununla yanaşı həmin dövrdə havaların son dərəcə isti keçməsi, quraqlığın hökm sürməsi, hətta çayların, bulaqların suyunun quruduğu vaxtlarda neçə-neçə döyüşçü susuzluqdan can verib. Şəhidlərin ruhları şad, yerləri sərin olsun deyə anım mərasiminə gələn hər kəs qanla suvarılmış Acıdərəyə bir bardaq su ilə gəlib.
Şəhidlərin xatirəsinə əbədi ehtiram əlaməti olaraq əsgərlər öz su qablarını çıxararaq tənha türk şəhid qəbrinə və vaxtilə qanlar tökülmüş əraziyə su çiləyib və bir an içində bütün aksiya iştirakçıları da onlara qoşulub.


Türkiyənin ölkəmizdəki hərbi attaşesi briqada generalı Zafer Ocak bu ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.


Hərbi hissələrdən birində keçirilən "Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının qələbəsidir" adlı tədbirdə şəhidlərin xatirəsi sayğı duruşu ilə yad edilib.


Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü A.Qurbani "Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr tariximizin şanlı səhifəsidir", Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, tarix elmləri doktoru Mehman Süleymanov "Qafqaz İslam Ordusunun Azərbaycana xilaskarlıq yürüşü" mövzularında çıxış ediblər.


Bildirilib ki, görkəmli türk sərkərdəsi Nuru Paşanın komandanlığı ilə Bakının erməni-bolşevik işğalından azad edildiyi şərəfli tarixi günlərdən 99 il ötsə də Azərbaycan xalqı xilaskarlıq missiyası ilə Azərbaycana gəlmiş şanlı türk əsgərinin qardaşlıq köməyini heç vaxt unutmur. Xalqımız yaxşı bilir ki, məhz Qafqaz İslam Ordusunun sayəsində Bakımız bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak quldurlarından - "Sentrokaspi diktaturası"ndan təmizlənmiş, iki gün sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədən Bakıya köçürülərək Bakı paytaxt elan edilmiş, Şərqin ilk demokratik dövləti olan AXC-nin qurulması və sonrakı mövcudluğunda tariximizin bu şanlı səhifəsi - Bakının işğaldan azad edilməsi mühüm rol oynamışdır.


Briqada generalı Z.Ocak Çanaqqala zəfərinin qazanılmasında, Türkiyə Cümhuriyy
ətinin qurulmasında Azərbaycan xalqının unudulmaz xidmətlərini yada salıb, Bakının erməni-bolşeviklərdən azad edilməsində Qafqaz İslam Ordusunun iştirakını bir qardaş köməyi kimi dəyərləndirib. Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının bu gün də uğurla davam etdirildiyini, hər iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə artıq "TurAz Qartalı - 2017" taktiki təlimlərinin keçiriləcəyini qeyd edərək tədbir iştirakçılarını əlamətdar və tarixi hadisə münasibətilə təbrik edib.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə  Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev ötən əsrin əvvəllərində nəinki Bakı və onun ətraf rayonlarında, eləcə də respublikamızın bir çox bölgələrində baş verən erməni-daşnak qətliamlarından və bu qətliamların qarşısının alınmasında qardaş Türkiyədən gəlmiş sərkərdələrin, qəhrəman "mehmetcik"lərin igidliklərindən söhbət açıb, Kazım Qarabəkir paşanın Naxçıvan uğrunda xidmətlərindən bəhs edib, sınaqlardan çıxmış Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən daha da möhkəmləndirildiyini və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində uğurla inkişaf etdirildiyini vurğulayıb.


Nəzərə çatdırılıb ki, Müdafiə Nazirliyi şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədilə hərbi şöhrət tariximizin öyrənilməsinə, təbliğinə xüsusi önəm verir. Bugünkü tədbir də bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.


Tədbirin sonunda vətənpərvərlik mahnılarının və hərbi marşların ifaçısı Şəmistan Əlizamanlının iştirakı ilə "Qafqaz dağı, yol ver bizə!" adlı ədəbi-musiqili kompozisiya və  Qafqaz İslam Ordusuna həsr olunmuş videoçarxlar təqdim edilib.




Facebook'da Paylaş