“Hərə bir əsgər, hər ev bir səngər”

20-09-2017, 16:31



 Ordum.az xəbər verir ki, “Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər və "ordum.az" saytının yaradılması” layihəsi çərçivəsində,  sentyabrın 16-da Tovuz rayonunun Ağdam kəndində  “Hərə bir əsgər, hər ev bir səngər” adlı tədbir  keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən görüş-tədbirin məqsədi düşmənlə təmas xəttində, sərhəd kəndlərimizdə yaşayan vətəndaşlarımıza mənəvi dəstək olmaq;

Onları vətənin keşiyini çəkən əsgərlərimizə arxa durmağa, tarixi torpaqlarımız olan ata- baba yurdlarına daha möhkəm bağlanmağa sövq etmək;
Yerli əhalini- əsasən də yeniyetmə-gəncləri düşmənlərimizin millətimizə, dövlətimizə qarşı törətdiyi cinayətlər barədə maarifləndirmək;
Gəncləri ölkəmizin mənafeyini, xalqımızın milli-mənəvi dəyərlərini, öz yurdlarını qorumağa, işğalçılara qarşı  mübarizəyə səfərbər etməkdir. Elə bu ovqat üstə köklənmiş   Hərbi mövzular Üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin üzvləri və qonaqlar şəhid ailələri ilə birlikdəTovuz rayonunun Ağdam kəndində şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin və Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun qəbri üzərinə tər çiçəklər qoyaraq xatirələrini yad ediblər. Xatırladaq ki,Qarabağ müharibəsi başlayandan ərazi bütövlüyümüz uğrunda Ağdam kəndi 15 şəhid verib ki, onlardan biri –Naiq Yusifov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Milli Qəhrəmanın adını daşıyan məktəbin qarşısında kənd sakinləri ilə keçiriləngörüşdə Müstəqil Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi naminə,xalq-ordu əlaqələrini möhkəmləndirmək kimi mühüm vəzifələrdən söz açılıb.Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov qonaqları salamlayaraq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Tovuz rayonu düşmənlə təmas xəttində daim mərdliklə dayanıb.





Sonra tədbirin aparıcısı, “Bütöv Azərbaycan” qəzetinin redaktor müavini Azadə Bayramova  sözü layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğluna verdi.  Biz sizlərdən vətən sevgisini, yurda necə can-dildən bağlanmağı öyrənməyə gəlmişik, deyə sözə başlayan Layihə rəhbəri “Hərə bir əsgər, hər ev bir səngər” mövzusunda məruzə etdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014 –cü il tarixli sərəncamını xatırladaraq  döyüş bölgəsində yaşayanəhalinin ayıq-sayıqlığının artırılması zərurətindən söz açıb.  Qürur huissilə qeyd edib ki, torpaqlarımızı indi 1990-cı illərdəki kimi əliyalın könnüllülər deyil, nizami ordumuz qoruyur. Azərbaycan oğulları Silahlı Qüvvələrimizin bütün qoşun növlərində şərəflə xidmət keçirlər. İstər sərhədlərimizin keşiyində, istərsə də, təhlükəsizliyimizin, asayişimizin qorunmasında vətənəlayiq xidmət  edirlər.Hərbçilərimiz NATO Sülhməramlı Qoşunlarının tərkibində İraqda, Kosovada nümunəvi xidmətləri ilə Azərbaycanımıza həmişə başucalığı gətiriblər.Silahlı Qüvvələrimiz hazırda Cənubi Qafqazın ən güclü ordusuna çevrilib.Ötən ilin aprel döyüşləri bunu bir daha sübüt elədi.Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndinin düşməndən azad edilərək, orada ilkin olaraq 50 evin inşası və daha 100 evin tikintisinə başlanması yurd yerlərimizə böyük qayıdışın başlanğıcı oldu. İnanırıq ki, tezliklə Azərbaycanın əraziləri işğaldan azad ediləcək və xalqımız əmin-amanlıq şəraitində indiki inkşaf dinamikasını daha yüksək səviyyədə davam etdirəcək. Bütün bunlar isə xalq-ordu birliyində öz təcəssümünü tapacaq. Biz daimi olaraq ordumuza dəstək olmalı,ordumuzun şəxsi heyəti ilə təmaslarımız sıx olmalıdır. Çıxışçı  ”Hərə bir əsgər, hər ev bir səngər” mövzusunda  hərbi vətənpərvərlik polemikası açdı.




Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun atası Nəsir Yusifov qeyd etdi ki, Azərbaycan xalqının tarixində qəhrəmanlıq ənənələri davam edir. Böyük Vətən Müharibəsində təkcə Tovuz rayonundan 3 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.Mənim oğlum kimi neçə-neçə oğullar da vətənin müdafiəsinə qalxıb, torpaq, xalq uğrunda canlarını fəda ediblər. Milli Qəhrəmanın adını daşıyan məktəbin direktoru Şahnaz Eyubova yetirmələrinin qəhrəmanlığını qeyd etməklə bərabər bildirib ki, 25 ilə yaxın davam edən münaqişə dövründə bir nəfər də olsun kəndi tərk etməyib, hər kəs təsərrüfat işləri ilə məşğuldur. Eyni zamanda kənddə Alı Baba ziyərətgahı və kənd qəbiristanlığı hələ də düşmən nişangahındadır.




          Məktəbin direktoru Şahnaz Eyubova: Qeyd edim ki, məktəbimizdə vətənpərvərlik tərbiyyəsi daha yüksək aşılanır. Neçə-neçə şagirdlərimiz hərbi akademiyada təhsil alır,Türkiyədə, Cəmşid Naxçıvanski adına  Hərbi Liseylərdə təhsil alırlar. Biz Azərbaycanın Prezidenti cənab İlham Əliyevə arxalanırıq və onun daimi sərhəd kəndlərinə verdiyi qiymətlə və qəraqlarla fəxr eliyirik və ümidvarıq ki, nə vaxtsa bizim kəndimizdə də əmin-amanlıq olacaq və Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi kimi bizim Alı Dədəmiz, tarixi abidə olan  “Alı Dədə” qəbiristanlığımız, köhnə qəbiristanlığımız ermənlərin nəzarəti altından azad olunacaq və biz öz doğma torpağımıza, öz ziyarətgahımıza, öz qəbirstanlığımıza üz tutub onları ziyarət edəcəyik.Müharibə başlanan dövrdən bizim kəndimizdən bir nəfər də olsun kənd sakini kənara çıxmayıb. Onlar həmişə öz təsərrüfatlarını əkib-becərməklə və kəndin abadlaşması ilə məşğuldurlar.





 Xoşbəxt günlərimin acı göz yaşları” , “Başkəsənlər”, “Anama məktub”, “Novruzda açılan atəş”, “Tanrı ürəklərdədir”  və.s. kitabların müəllifi-publisist  Elman Rüstəmov öz ürək sözlərini söylədi: “Müharibə dəhşətdir, faciədir, ölümdür. Müharibə şəhərlərin, kəndlərin viranə qalması, xarabazarlığa çevrilməsi deməkdir. Müharibə səfalətdir. Müharibə anaların göz yaşı axıtması, körpələrin atasız böyüməsi deməkdir. Ona görə də məhşur alman alimi Stevan Şvaq demişdir: “Ən ədalətli müharibədən ədalətsiz sülh qat-qat yaxşıdır”. Çünki sülh insanlara əminamanlıq, firavanlıq bəxş edir. Ancaq biz ədalətsiz deyil ədalətli sülh istəyirik, işgal altında olan torpaqlarımızın azad olunmasını ıstəyirik. Məhz ona görə də bütün bu çətinliklərə dözürük, bütün əzablara mərdliklə sinə gəririk. Bu çətinlik ən çox düşmənlə üzbəüz sərhəd bölgəsində məskunlaşan əhalinin üzərinə düşür. Məhz buna görə də sizlərin dövlət qayğısına daha cox ehtiyacınız var və elə bilirəm ki, bu qayğını hiss edirsiniz. Söhbət təkcə maddiyyatdan getmir, Əgər bu gün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Bakıdan ziyalılar, bir qrup musiqiçilər sizin görüşünüzə gəlirsə, bu daölkə başçısının  qayğısının təzahürüdür.” Sonra yazıçı öz  kitablarından bir neçə nüsxə kitabxanaya, məktəbə və kənd camaatına hədiyyə etdi.




Azərbaycan ordusu üçün iki oğul böyüdən, övladları həqiqi hərbi xidməti başa vurduqdan sonra da talelərini Vətən üçün xidmətə bağlayan ziyalı Kamran Rzayev Ağdam camaatı ilə görüşdən məmnunluğunu bildirdi. Soydaşlarının belə məğrurluğundan qürurlandığını söylədi.
Azərbaycanın Milli Qəhrəmanı –şəhid Naiq Yusifovun atası Nəsir Yusifov və digər çıxış edənlər  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında gündən-günə qüdrətlənən ordumuza güvəndiklərini, silahlı qüvvələrimizin gücünə arxalanaraq öz rahat həyatlarını yaşamaqda davam etdiklərini və bundan sonra ata-baba yurdunun daha da abadlaşmasına  çalışacaqlarını söylədilər. Onları yad edənlərə, şəhidlərimizin xatirəsini əziz tutanlara minnətdarlıqlarını bildirdilər.




 Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov qeyd etdi ki, Respublikamızın hər yerində  olduğu kimi Tovuz rayonunda da hərbi vətənpərvərlik çox yüksək səviyyədədir. Bunun nəticəsidir ki, bir qarış da olsun torpağımız düşmən tərəfindən işğal olunmayıb. Məlumat üçün bildirim ki,Tovuz rayonu Ermənistanla 69 km sərhəddir. Eyni zamanda 11 yaşayış məntəqəsi Ermənistanla həmsərhəddir, burda 12 mindən çox əhali yaşıyır. Qarabağ müharibəsi zamanı bilavasitə 300-dən artıq şəhid vermişik, 3 milli qəhrəmanımız var. Bu Milli Qəhrəman və şəhid ailələrinə rayon rəhbərliyi tərəfindən,ölkə rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilir. Bu gündə biz yerləşdiyimiz Ağdam kəndində şəhid Naiq Nəsir oğlu Yusifovun büstünü ziyarət elədik. Rayonumuzda hərbi vətənpərvərlik tərbiyəsi demək olar ki, günün tələbləri səviyyəsindədir. Belə ki, rayon ərazisində yerləşən N saylı hərbi hissə ilə rayon rəhbərliyinin tapşırığına uyğun olaraq mütamadi olaraq orduyla xalqın birliyi mövzusunda görüşlər keçirilir. Əlamətdar günlərdə, Ordu günündə bilavasitə orduyla xalq birlikdə olur, təntənəli bayram günlərini birlikdə qeyd edirlər. İctimaiyyət, rayon rəhbərliyi, aidiatı qurumlar daim oruya dəstək olur. Bir faktı qeyd etmək istəyirəm ki, təkcə 2007-15-ci illər ərzində Tovuz rayonundan Ali Hərbi məktəblərə və hərbi Liseylərə 563 məzunumuz daxil olub. Republikanın demək olar ki, bütün bölgələrində hərbi hissələrində Tovuzlu zabitlərə rast gəlmək olar.Təbii ki, bu çox qururverici haldır. Bir nəfər də olsun əhali öz yaşayış yerini tərk etməyib. Çünki xalq öz ordusuna güvənir, Ali Baş komandanına inanır. Ordu ilə xalq birdir və bu birlik ümidvarıq ki, yaxın vaxtlarda Qarabağda öz qələbə səsini, necə deyərlər, çatdıracaq və əhalimiz də həmin ərazilərin abadlaşdırılmasında çox fəal iştirak edəcək.







İllərdi erməni faşistlərinin atəşi altında mərdliklə dayanan Tovuz rayonun Ağdam camaatı ilə görüşünün rəsmi hissəsindən sonra gənc aşıqlar
Zirəddin Cilovdarlı və Muxtar Məmmədov Firuddin Süleymanovun balabanda müşayiətilə sazlarını  “ Qəhrəmanı” və “Şahsevəni” üstündə kökləyərək meydana girdilər. Zəngulələr dağlara yayıldı. Dağlar qoynunda sazın, sözün şirinliyinə  bələnmiş bu görüş hər kəsdə xoş ovqat yaratdı. Yerli camaat qonaqlarla xatirə şəkilləri çəkdirdilər.Görüş iştirakçılarına şair Hafiz Baxışın “Bütöv Azərbaycan” qəzetiredaksiyasında çapa hazırlanmış “Ana layla deyir” kitabı və təhlükəsizlik tədbirlərinə aid bukletlər paylandı. Sonra görüş iştrakçıları Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun ailəsinin qonağı olub, çay süfrəsi ətrafında söhbət etdilər.

Hərbi Jurnalistlər Birliyinin
Mətbuat xidməti









Facebook'da Paylaş