ƏSGƏR OĞLUMA MƏKTUB

5-09-2017, 11:02


Əziz oğlum, ƏSGƏR balam!
Bilirəm ki, ailənin yeganə kişisi olaraq çox darıxacaq, fikir çəkəcəksən. İlk
vaxtlar darıxıb sıxılacaqsan. Amma bu da keçəcək. Çünki hər gün daha çox
iradə toplayacaq, daha çox cəngavər görkəmində olmaq istəyəcəksən.
Evdə, məktəbdə nə qədər Vətən sevgisindən danışsaq da bu insanın
ruhuna o qədər də hopmur. Əsl Vətən sevgisini, orda, xidmətdə hiss
edəcəksən!

Əsgər oğlum, igid balam! 
Əsgər sözünün altında böyük bir məfhum yatır. Əsgərlik- palçıqlı su içməyi
bacarmaq, günün odunda, qışın ayazında oyaq və ayıq olmaq, Vətən
torpağının hərarətini dirsəklərində hiss etmək, dizinin qanıyla çınqıllara
torpaq sevgisini əta etmək, qayalardan atlanarkən qaya dözümünü
yumruğuna yığıb hayqıraraq atlanmaq, addım-addım, qarış-qarış sərhədləri
dolanıb Vətəni düşməndən qorumaq, qayasını-daşını yastıq bilib, havasının
ritmlərindən musiqi yaradıb zümzümə etmək, otunun sığalından xoşlanmaq
deməkdi!
Mən səni uşaqlıqdan BAYRAQ sevgisiylə böyütdüm, oğlum! YURD
sevgisini aşıladım. Öz əlinlə otağının qapısına gözəl bayrağımızı asdın. Və
beləcə böyüyüb ƏSGƏR oldun! Balacalıqda "əsgər-əsgər" oynadığın
yadındamı? “Dömbəz deri, Azzəbaydan əsdəri" - deyə addımlardın
həyətdə..Bir oyuncaq qılıncın vardı. Bəzən gecələr əlində qılıncla
başımızda dururdun. Deyirdin"-rahat yatın, mən qəhrəmanam, keşikdəyəm,
əjdahanı öldürəcəm, düşmənlə savaşacağam". Bax, oğlum, bu gün o
gündür! Biz indi rahat yatır, sən Vətənin keşiyini çəkirsən. Bu sənin NAMUS
borcun, VİCDAN borcundu! Şanlı Azərbaycan bayrağını öpüb and içəndə
VƏTƏN dəyərini daha çox anlamış oldun. Bu bayrağın sənin şəxsiyyətin,
gələcəyin olduğunu daha dərindən hiss etmiş oldun, oğlum! Bu yurdun, bu
Vətənin varlığının sənin kimi oğulların, igidlərin əlində olduğunu daha yaxşı
anladın! Dünənə qədər ana qoynuna sıxıldığın, qoxusunu duyduğun qədər,
bu gündən ana Vətənin qoynuna sıxılacaq, ana torpağın ətrini ciyərlərinə
çəkəcəksən! Vüqarınla, əzminlə VƏTƏN borcunu ödəyəcəksən! Hər gün
məşq edəcək, qollarına, dizlərinə qüvvət yığacaqsan! Bu torpaqda yüzlərlə
şəhidin qan damlası var. Hər torpaq qoxusunu canına çəkdikcə qan
qoxusunu da hiss edəcəksən. Doğmalarımızın qanı tökülən bu torpağı
yenidən abadlaşdırmaq, işğaldan azad etmək, yeni nəsillər yaratmaq,
qorumaq sizlərin boynuna düşən borc yüküdür, oğul!




"Hər şey VƏTƏN üçün!" -şüarıyla addımlarkən ananın bu məktubunu
xatırla. Addımını daha möhkəm at! El dilində belə bir məsəl var ki, general
olmaq istəməyən əsgərdən əsgər olmaz! Bir gün evinə vüqarla dön, oğlum!
Qoy çiynində parıldayan ulduzlarla evin də, elin də qürur duysun. Yüzlərlə
mübariz oğullar yetişdir ordumuza! Dünən evini qoruduğun kimi, bu gün
elini qorumalısan! Qorumalısan ki, evin də, elin də yaşasın!
Əziz oğlum! Uzun illər kimsəsizlərə ANA oldum. Çoxları məni "Əsgər
anası!"-çağırdı. Bu gün isə həqiqətən də əsgər anasıyam sayəndə! Səninlə

qürur duyuram, oğlum! Xidmətdə olduğun bu az müddətdə, "təşəkkür
edirik, intizamlı əsgərdi oğlun!"-sözləri qürurlandırdı! Belə davam et! Hər ay
sənə bir məktub yazacam. 16-ci məktubda xidmətin bitmiş olacaq. Əminəm
ki, hər məktubun cavabı oğlum barədə bir təşəkkür olacaq!
Əziz balam! Yanında kimsəsiz, yanına valideyni gələ bilməyən
əsgərlər də olacaq. Onlara qardaş-sirdaş ol! Təsəlli yeri ol! 
Bütün əsgər və zabitlərimizi Allaha əmanət edirəm! Vətən xidmətində
uğurlarınız bol olsun! 
Sevgiylə, 
anan Şərafət Şəfa




Facebook'da Paylaş