NASA: “Orion” kosmik gəmisi Aya uğurlu uçuş edib
“Artemis” proqramının birinci mərhələsində Aya buraxılan “Orion” kosmik gəmisinin uçuşu insidentsiz və plana uyğun olaraq davam edir.
Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə onlayn brifinqdə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Ay üzrə proqramının birinci mərhələsinin rəhbəri Hovard Hu bildirib.
"Orion” ümumilikdə yaxşı nəticələr göstərir. Hərəkət sistemi əla işləyir. Günəş panelləri gözləniləndən daha çox elektrik enerjisi istehsal edir və gəmi ondan daha az istifadə edir", - o deyib.
Hu həmçinin qeyd edib ki, gəmi buraxılış zamanı fiziki cəhətdən zədələnməyib və missiyanı başa vurduqdan sonra uğurla Yerə qayıda bilər.
“Artemis”in Ay missiyası proqramının rəhbəri Maykl Sarafin, öz növbəsində, “Orion”un uçuşunun plana uyğun getdiyini bildirib. Onun noyabrın 30-da Ay ətrafında uzaq retroqrad orbitini tərk edəcəyi və dekabrın 11-də Sakit Okeana düşəcəyi gözlənilir.
Xatırladaq ki, “Space Launch System” (SLS) raketinin “Orion” kosmik gəmisi ilə birgə buraxılışı noyabrın 16-da Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən baş tutub. Gözlənildiyi kimi, kosmik gəminin pilotsuz uçuşu 26 gün davam edəcək. O, Ayın ətrafında iki orbit etməli, sonra Yerə qayıtmalıdır. “Orion”un göyərtəsində uçuş zamanı radiasiya səviyyəsini ölçmək üçün istifadə olunan üç maneken var.
Facebook'da Paylaş