SEPAH-a bağlı media təbrizli millət vəkilini hədəfə alıb
SEPAH-a bağlı media təbrizli millət vəkilini hədəfə alıbİran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Cavan” xəbər saytı Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyanı gənclərin problemləri ilə bağlı çıxışına görə hədəfə alıb. Sayt millət vəkilini qeyri-peşəkarlıqda və başqa cərəyanlara qulluq etməkdə günahlandırıb, nüvə danışıqlarından tutmuş uşaq bezinə qədər bütün məsələlərə münasibət bildirməyini tənqid edib.
Qeyd edək ki, Təbriz, Üskü və Tufarqanın İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan iyunun 19-da isfahanlı millət vəkilinin demoqrafik problemlə bağlı çıxışına münasibət bildirib:
"Deyirlər ki, ölkədə kişilərlə qadınların sayı bərabərdir və qızlar xarici vətəndaşlarla evləndirilməlidir. Belə olduğu təqdirdə bəs kişilər üçün nə təklif edirlər"-deyə, Pezeşkiyan bildirib. Təbrizin millət vəkili gənclərin evlənməməsi ilə bağlı fikirlərin yanlış olduğunu, bunun əsas səbəbinin deyilmədiyini söyləyib.
"Gənclərin evlənməməsi problem deyil. Əsas məsələ işsizlik, yoxsulluq və gələcəyə inamsızlıqdır"-deyə, Məsud Pezeşkiyan bu səbəblər ucbatından ölkədə boşanmaların sayının artdığını deyib.
Xatırladaq ki, İran parlamentinin üzvü və Gənclik Planı Komissiyasının sədri Əmirhüseyn Bankipurfərd iranlı qızların dünya şiələri ilə evləndirilməsini təklif edib.
O, hesab edir ki, bu, dünyada şiə birliyinin möhkəmləndirilməsi və İranda subaylıq probleminin həllinə yardım edəcək.
Deputatın iranlı subay qızların və 30-dan çox yaşı olan boşanmış qadınların ölkə xaricində şiə və müsəlman həyat yoldaşı tapmaları ilə bağlı çıxışı sosial mediada ən çox müzakirə olunan mövzuya çevrilib. O, deyib ki, siyahıyaalmanın nəticələrinə əsasən, 2016-cı ilə qədər İranda 30 yaşlarında təxminən 1,5 milyon qız və 30-50 yaş arasında 700 min boşanmış qadın var.
Timur
Facebook'da Paylaş