Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı qalmaqal yaşanıb.
AzVision.az-ın məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar arasında dava düşüb.
Davaya erməni əsilli deputat səbəb olub. Belə ki, Ermənistana səfəri ilə gündəmə gələn erməni əsilli HDP-nin İstanbul millət vəkili Karo Paylanın Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun açıqladığı “Man Adası” sənədlərini xatırlatması müzakirələr zamanı gərginliyə səbəb olub.
Ardınca Paylanın AKP-dən olan millət vəkili İlknur İncesözə çıxışı zamanı replika ataraq "əxlaqsızlıq etmə" deməsi vəziyyəti daha da gərginləşdirib.
Bu sözlərdən hiddətlənən AKP-li millət vəkili həmkarına "Siz parlamentdə əxlaq dərsi verə biləcək ən son adamsınız", - deyə cavab verib.
Söz dueli iki partiyadan olan millət vəkilləri arasında dava ilə yekunlaşıb. Nəticədə parlamentdə müzakirələrə fasilə verilib.