Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiə komitəsi mətbuat konfransı keçirib.
AzVision.az-ın məlumatına görə, mətbuat konfransında Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində aparılan işlər, o cümlədən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əgərovun 11-22 sentyabr tarixlərində Varşavada ATƏT-in sammitində çıxışı barədə məlumat verilib.
K.Əsgərov bildirib ki, sammitdə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsi gündəmə gətirilib: “Sammitə gedərkən atamın Rusiya pasportunu götürmüşdük. Oradan rusiyalı deputatlara da səsləndik ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və siz hara baxırsınız?! Biz sammitdə Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanma şəraiti, onların qanunsuz olaraq ermənilər tərəfindən saxlanması barədə məlumat verdik və sammit iştirakçılarının diqqətini cəlb etməyi bacardıq”.
K.Əsgərov vurğulayıb ki, sammitdə Ermənistanın işğalçı olduğunu avroparlamentarilərin diqqətinə çatdırıb: “Çıxışımda bildirdim ki, ermənilər Azərbaycan torpaqlarında qanunsuz olaraq məskunlaşıblar. Ermənistan 20 faiz torpağımızı işğal edib. Əminəm ki, Azərbaycanordusu öz sözunu deyəcək və torpaqlarımızı işğaldan azad edəcəyik".
K.Əsgərov deyib ki, avropalı deputatlar emossional çıxışına reaksiya veriblər: "Hesab edirəm ki, avropalı deputatların diqqətini məsələyə cəlb edə bildik. Təkbətək görüşlərdə deputatlar bizə bildirdilər ki, bu məsələni öz ölkələrində gündəmə gətirəcəklər".