Azərbaycan Qırğızıstanı Qarabağın investisiya potensialı haqqında məlumatlandırıb
İqtisadiyyat, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri və sahibkarlardan ibarət Azərbaycan nümayəndə heyəti Qırğızıstana səfər edib.
Bu barədə Ordum.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumatda deyilir ki, səfər çərçivəsində nümayəndə heyəti Qırğızıstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirib, müzakirələr aparıb.
Qırğızıstanın investisiya naziri vəzifəsini icra edən Nuradil Bayasovla görüşdə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizin Qırğızıstanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdırıb, Azərbaycanda aparılan uğurlu islahatlar, əlverişli biznes və investisiya mühiti, işğaldan azad olunmuş ərazilərimizin investisiya potensialı barədə məlumat verib.
N.Bayasov ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayb, birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib.
Görüşdə investisiya tərəfdaşlığının inkişafı barədə fikir mübadiləsi aparılıb, Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini Kanat Abdrahmanovla görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri müzakirə olunub.
Bişkekə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Qırğızıstanın Prezident Administrasiyasının Siyasi və iqtisadi araşdırmalar şöbəsinin müdiri Almaz İsanov, kənd təsərrüfatı nazirinin müavini Azamat Mukaşev, rəqəmsal inkişaf nazirinin müavini Aynura Tuybayeva, energetika nazirinin müavini Tilek Aytaliyev və digərləri ilə keçirdiyi görüşlərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan-Qırğızıstan işgüzar görüşü keçirilib. Hər iki ölkənin rəsmi şəxslərinin və biznes dairələrinin iştirak etdiyi görüşdə N.Səfərov Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin Milli Prioritetləri, pandemiya şəraitində biznesin dəstəklənməsi tədbirləri, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib. Nazir müavini kənd təsərrüfatı, sənaye, ticarət, investisiya, turizm və.s. sahələr üzrə əməkdaşlıq imkanlarını vurğulayıb, Qırğızıstanın özəl sektor nümayəndələrini Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, biznes layihələrində iştiraka dəvət edib.
N.Bayasov Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişafı barədə fikirlərini bildirib.
Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Qırğızıstanın Azərbaycanda səfiri Kayrat Osmonaliyev və digərləri iki ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətləri barədə çıxış ediblər.
İşgüzar görüşdə Azərbaycanın və Qırğızıstanın ticarət, investisiya və turizm potensialına dair təqdimatlar keçirilib.
Tədbir işgüzar dairələrin ikitərəfli görüşləri ilə davam edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Bişkek” Xüsusi İqtisadi Zonası ilə tanış olub.
Facebook'da Paylaş