Qarabağın investisiya potensialı Cənubi Koreyada təqdim edilib

26-11-2021, 14:00

Qarabağın investisiya potensialı Cənubi Koreyada təqdim edilib

Cənubi Koreyanın paytaxtı Seulda “Azərbaycan – Cənubi Koreya Forumu” keçirilib.

Ordum.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, tədbirdə idxalın təşviqi sahəsində fəaliyyət göstərən Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) üzv şirkətləri iştirak edib.

Tədbirdə çıxış edən nazir müavini Elnur Əliyev sahibkarlığın stimullaşdırılması və rəqabət qabiliyyətinin artırılması üçün görülən işlər, pandemiya dövründə kiçik və orta biznesə (KOB) dəstək mexanizmləri, maliyyə resurslarına sadələşdirilmiş çıxışın təmin olunması və digər tədbirlər nəticəsində qeyri-neft ixracında əldə olunmuş uğurları diqqətə çatdırıb. Belə ki, pandemiyanın təsirlərinə baxmayaraq, 2021-ci ilin ilk 10 ayı ərzində qeyri-neft sektoru 5.9%, ixrac 37.7%, qeyri-neft ixracı isə müstəqilliyimizin bərpasından indiyədək olan dövrdə ən yüksək həddə - 42% artıb. Torpaqlarımızın işğaldan azad edilməsi ilə yaranan yeni reallıqları və innovativ təşəbbüslərin həyata keçirilməsi imkanlarını vurğulayan nazir müavini bu ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib, koreyalı investorları fəal əməkdaşlığa dəvət edib.

Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov isə qeyd edib ki, “Made in Azerbaijan” brendi altında Azərbaycan məhsullarının Koreya da daxill olmaqla Asiya bazarlarına ixracı üçün KOIMA ilə əməkdaşlıq əhəmiyyətlidir. Bu baxımdan, belə tədbirlərin təşkil edilməsi, biznes əlaqələrinin intensivləşdirilməsi zəruridir.

KOIMA-nın sədri Qvanq-hee Honq biznes və ixracın təşviqi sahəsində həyata keçirilən tədbirlərin işgüzar dairələr arasında tərəfdaşlıqda önəmini vurğulayıb, Koreya şirkətlərinə Azərbaycanın işgüzar şəraitindən yararlanaraq ölkəmizin biznes dairələri ilə əlaqələri genişləndirməyi tövsiyə edib.

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev isə Azərbaycanda reallaşdırılan təşviq tədbirləri, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması və ölkəmizin ixrac potensiallı məhsulları barədə təqdimatla çıxış edib.

Tədbir çərçivəsində Azərbaycan məhsullarının sərgisi keçirilib.

Azərbaycan nümayəndə heyəti ilə KOIMA arasında keçirilən ikitərəfli görüşdə isə ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmin gün Seulda Ticarət və İnvestisiya Forumu da keçirilib. Forumda sənayenin müxtəlif istiqamətlərində fəaliyyət göstərən şirkətlər iştirak edib.

Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu tədbirdə E.Əliyev, R.Teymurov, KOTRA-nın icraçı vitse prezidenti Tae-ho Kim və digər şəxslər iştirak edib.

Tədbirdə işğaldan azad olunmuş ərazilərimizin inkişafı, Qarabağ regionunda icra olunan infrastruktur layihələri, bərpa-quruculuq işləri, həmçinin bu ərazilərin investisiya potensialı və zəngin təbii ehtiyatları barədə məlumat verilib, Azərbaycanda sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühiti, vergi güzəştləri, sektoral imkanlar barədə təqdimat nümayiş olunub.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə KOTRA arasında görüş keçirilib, investisiya və biznes əlaqələrinin genişləndirilməsi müzakirə edilib.




Facebook'da Paylaş