Krasnoyarskda Azərbaycan Nar bayramı keçirilib

19-10-2023, 14:02

Krasnoyarskda Azərbaycan Nar bayramı keçirilib

Oktyabrın 15-də Rusiyanın Krasnoyarsk şəhərində yaşayan soydaşlarımız ənənəvi Nar bayramını qeyd ediblər. “Diaspornew.az” xəbər verir ki, tədbir Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) yerli nümayəndəliyi tərəfindən Krasnoyarsk diyarının qubernatorunun İctimaiyyətlə əlaqələr şöbəsinin və Xalqlar Dostluğu Evinin təşkilati dəstəyi ilə keçirilib.

Tədbirdə Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının rəhbərliyi, RATİ-nin yerli nümayəndəliyinin üzvləri, yerli rəsmilər, digər xaqların ictimai birliklərinin rəhbərləri, KİV nümayəndələri, azərbaycanlılar iştirak ediblər. Bayramın tədbirnin rəsmi hissəsi Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədovun, Krasnoyarsk diyarı Xalqlar Dostluğu Evinin nümayəndələrinin təbrik nitqi ilə açılıb.
Krasnoyarsk şəhərindəki Əmək və Anlaşma Sarayında keçirilən bayram çərçivəsində Azərbaycan xalqının ədəbiyyatı, milli geyimləri, dekorativ-tətbiqi sənət əşyaları, fotosərgi, nardan hazırlanmış ənənəvi milli mətbəxin nümunələrindən ibarət sərgi nümayiş etdirilib. Tədbirin keçirildiyi səhnə isə milli xalçalar, narla dolu toxunma səbətlər və bannerlərlə bəzədilib. Bayram şənliyində Nar Qız və Dərvişlə birlikdə dəvət olunmuş “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı, istedadlı vokalçı Gül Qocayeva və “Sevinc” musiqi-vokal studiyasının qonaq artistlərinin ifasında parlaq və alovlu konsert nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Uşaqlar arasında ən yaxşı yaradıcılıq işləri üzrə müsabiqələr və əyləncəli viktorina təşkil olunub. Sonda nara həsr olunmuş uşaq rəsm sərgisinin qalibləri mükafatlandırılıb. Tədbirin tərəfdaşları – Rəşad Həsənov və Rabil Həsənovun təmsil etdiyi AXV şirkəti adından bayram iştirakçılarına hədiyyə dəstləri paylanıb.

Xatırladaq ki, Nar bayramı ənənəvi olaraq Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudovun maliyyə dəstəyi ilə keçirilir.




Facebook'da Paylaş