Diasporumuz milli mədəniyyətimizi qoruyur

6-08-2022, 10:39

Diasporumuz milli mədəniyyətimizi qoruyur


Diasporumuz milli mədəniyyətimizi qoruyur
Krasnoyarskdakı diasporumuz milli mədəniyyətimizin qorunması üçün möhtəşəm işlər görür

Taleh Mahmudov: “Krasnoyarksda Azərbaycanla bağlı keçirilən bütün təbirlərimiz azərbaycançılıq ideyasına əsaslanır”

Rusiyanın Krasnoyarsk diyarındakı Azərbaycan diasporu öz fəallığı ilə seçilir. Krasnoyarsk diyarının “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının illik plan əsasında keçirdiyi tədbirlər sayəsində Azərbaycan diasporu yerli xalq və rəsmi qurumlar arasında nüfuz qazanıb. Bütün bunlarda Krasnoyarsk diyarının “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudovun xüsusi əməyi var. Taleh Mahmudov, həmçinin Krasnoyarsk şəhərində yerləşən “Bionika” bərpa terapiyası klinikasının təsisçisidir. O, İdman ustası, Krasnoyarsk diyarının Ağır Atletika Federasiyasının prezidentidir.

Xatırladaq ki, Taleh Sədi oğlu Mahmudov 1961-ci il avqustun 7-də Ağsu rayonunun Göydəlləkli kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra təhsilini Bakıda Maliyyə-iqtisad texnikumunda davam etdirib. 1979-cu ildə hərbi xidmətə çağırılıb və 1981-ci ilə qədər Xabarovskda Sovet Ordusunda xidmət edib. 1982-ci ildən indiyədək Krasnoyarsk şəhərində yaşayır və orada işləyir. Dəmir yollarının tikintisi idarəsində onun yolu iş icraçısından keçərək, tikinti-montaj idarəsinin rəisi vəzifəsinə qədər gedib çıxıb. Krasnoyarsk şəhərindəki bir sıra əhəmiyyətli memarlıq obyektləri bilavasitə Taleh Mahmudovun iştirakıyla tikilib, istifadəyə verilib. Onlardan “Lokomotiv” stadionunu, çoxmənzilli yaşayış evlərini, sosial təminat obyektlərlərini, Kemçuq dəmiryol stansiyasının binasını və s. misal göstərmək olar.
O, 1992-ci ildə Krasnoyarsk Mühəndis-inşaat institutunu bitirib. 1998-ci ildən Taleh Mahmudov aktiv ictimai fəaliyyətlə məşğul olur. Onun fəaliyyəti əsasən, Azərbaycan mədəniyyəti və ənənələrinin Krasnoyarsk vilayətində qorunub saxlanması və inkişafına yönəlib. 1998-ci ildə bilavasitə onun iştirakı ilə Krasnoyarskda yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı yaradıldı. 2004-cü ildən həmin təşkilatın sədridir. Taleh Mahmudovun rəhbərliyi altında bu təşkilat Krasnoyarsk diyarının, həmçinin şəhərin özünün sosial-mədəni və ictimai-siyasi həyatında daim iştirak edir. Həmvətənlərinə, o cümlədən Azərbaycandan gələnlərə kömək edir. Milli mədəni ənənələrin qorunması və tanıdılmasına çalışır. Muxtariyyət milli mədəniyyətin qorunması və inkişafı üçün böyük iş görür. Krasnoyarsk diyarında və Krasnoyarsk şəhərində Azərbaycanın Respublika Günü, Novruz bayramı və başqa əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi ənənə xarakteri alıb. Muxtariyyətin təmsilçiləri vilayətdə və şəhərdə keçirilən mədəni tədbirlərdə iştirak edirlər. Azərbaycan muxtariyyətinin nəzdində uşaqlardan, həmçinin böyüklərdən ibarət bir neçə yaradıcı kollektiv də fəaliyyət göstərir.

Krasnoyarskda başqa milli-mədəni ictimai birliklərin rəhbərlərilə sıx əlaqələri var.
Taleh Mahmudovun sayəsində Rusiyasnın azərbaycan Gənclər Təşkilatının Krasnoyarskda şöbəsi açılıb. Təşkilatın məqsədi mədəniyyət, idman, təhsil və elmi inkişaf baxımından azərbaycanlı gənclərin inkişafı, mənəvi dəyərlərin dəstəklənməsidir. Azərbaycan muxtariyyətinin gənclərdən ibarət “Odlar Yurdu” adlı KVN komandası vilayətdə milli-mədəni ictimai təşkilatların komandaları arasında ən yaxşılardan biridir. 2016-cı ilin mayında “Odlar Yurdu” KVN üzrə Millətlər liqasının gümüş mükafatçısı, 2017-ci ilin noyabrında isə turnirin qalibi olub. 2017-ci ildə Taleh Mahmudovun dəstəyilə 1941-45-ci illərdə müharibədən bəhs edən “Azərbaycandan cəbhəyə” adlı kitab ərsəyə gəlib və təqdimat mərasimi keçirilib. Bu kitab Krasnoyarsk diyarının elmi-tədqiqat kitabxanasında layiqli yer tutur. “Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri olaraq, Taleh Mahmudovun Krasnoyarskda başqa milli-mədəni ictimai birliklərin rəhbərlərilə sıx əlaqələri var.
O, azərbaycanlıların ümumrusiya sosial-mədəni məkana inteqrasiyası üçün də böyük iş görür, Azərbaycanla Krasnoyarsk diyarı arasında işgüzar və mədəni əlaqələrin qurulmasına, inkişafına töhfəsini verir. İctimai fəaliyyətlə yanaşı, idman və sağlam həyat tərzinin təbliğinə də xüsusi diqqət yetirir. 2000-ci ildə onun rəhbərliyi altında Krasnoyarsk regional ictimai təşkilatı olan Ağır Atletika Federasiyası yaradılıb. İndiyə qədər federasiyaya rəhbərlik edir. Federasiya daimi əsaslarla fəaliyyət göstərir, şəhər və regional səviyyədə yarışlar təşkil olunur, istedadlı idmançılar yetişdirilir. Bu fəaliyyətinə görə 2018-ci ildə təltif olunub.
2018-ci ildə Rusiyanın Krasnoyarsk şəhər sakinlərinin dəstəyini qazanan soyDaşımız Taleh Mahmudov Krasnoyarsk şəhər Deputatlar Şurasına deputat seçilib. Dağıstanın Serqokolinsk rayonunun fəxri vətəndaşı olan diaspor rəhbəri 2018-ci ildə Vahid Rusiya partiyasına üzv olub. Taleh Mahmudov 2019-cu ilin 5 aprelində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamına əsasən fəxri fərmanla təltif olunub. Həmyerlimiz Rusiya Prezidenti tərəfindən əmək nailiyyətlərinə, aktiv ictimai fəaliyyətinə və çoxillik vicdanlı işinə görə bu mükafata layiq görülüb. Bundan əvvəl Taleh Mahmudov Krasnoyarsk diyarının qubernatoru, diyarın qanunverici orqanı, Krasnoyarsk şəhərinin başçısı, Səhiyyə Nazirliyi və başqa qurumlar tərəfindən dəfələrlə təşəkkür məktublarına, mükafatlara layiq görülüb.
Onun təşəbbüsü ilə pandemiya dövründə də Krasnoyarskda xeyriyyə aksiyası keçirilib. Belə ki, Taleh Mahmudov və dini lider Mütəllib İbişov başda olmaqla Krasnoyarsk şəhərinin vətəndaşlarına özünütəcrid dövründə xeyriyyə yardımı aksiyası təşkil ediblər. Aksiyadan məqsəd milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq ehtiyacı olan hər kəsə ərzaq yardımının təqdim edilməsi olub.
“Krasnoyarsk diyarı ilə Azərbaycan Respublikasının əlaqələrinin möhkəmləndirilməsinə səylə çalışacam”

Onun rəhbərliyi ilə Krasnoyarsk diyarında yaşayan Azərbaycan diasporunun nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı Vətənə maddi və mənəvi yardım ediblər. Belə ki, soydaşlarımız yaralanmış azərbaycanlı hərbçilərin müalicəsi üçün 52 ədəd İlizarov aparatına vəsait toplayıblar. Qeyd edək ki, artıq Krasnoyarskdan göndərilən 52 ədəd İlizarov aparatı Dövlət Sərhəd Xidməti Hərbi Hospitalına təhvil verilib.
2020-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib. Təltif olunan soydaşlarımız arasında Taleh Mahmudov da var. O, bu diqqətə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, bundan sonra da Krasnoyarsk diyarının Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsinə, Azərbaycan tarixinin, mədəniyyətinin təbliğinə səylə çalışacaq. Taleh Mahmudov bildirib ki, Krasnoyarksda Azərbaycanla bağlı keçirilən bütün təbirlərimiz azərbaycançılıq ideyasına əsaslanır.


Fuad Hüseynzadə




Facebook'da Paylaş