DAĞLIQ QARABAĞ MÜHARİBƏSİNİN CƏNUBİ AZƏRBAYCANLILARIN MİLLİ ŞÜURUNUN İNKİŞAFINDA YERİ

10-11-2020, 13:09

DAĞLIQ QARABAĞ MÜHARİBƏSİNİN CƏNUBİ AZƏRBAYCANLILARIN MİLLİ ŞÜURUNUN İNKİŞAFINDA YERİ

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması hər iki Azərbaycan arasında milli duyğuları daha da gücləndirdi. Cənubi azərbaycanlılar ermənilərtərəfindən tarixi Azərbaycan torpaqlarına olan təcavüzə qarşı çıxır, bir çox azərbaycanlı gənclər Qarabağ döyüşlərində iştirak etmək üçün müraciətlər edir, Qarabağ şəhidlərinə yas mərasimləri keçirir, öz doğma ocaqlarından didərgin düşmüş qaçqınlara və yaralılara yardım göstərilməsi üçün fəaliyyət göstərməklə yanaşı, İran hökumətindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ədalətli davranmağı, müsəlman-şiələrin qətl edilməsinə göz yummamağı tələb edirlər.
Cənubi azəbaycanlı ziyalılar istər ədəbi-bədii nümunələrlə, istərsə də elmi yazılarla birlik nümayiş etdirir, nümayişlər keçirir, qəbul etdikləri qətnamələrdə Ermənistanı və onun havadarlarını qınayaraq, azərbaycanlıların haqlı olduğunu və İran hökumətindən təkcə sözdə yox, əməli olaraq da müsəlman qardaşlarını dəstəkləmələrini tələb edirdilər.
İran hökuməti isə münaqişə başlayandan bəri bir yandan Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini, digər yandan isə müharibənin davam etməsini özünə təhlükə kimi görürdü. Ərazi bütövlüyünü təmin edən Azərbaycan cazibə mərkəzi kimi, müharibə isə Azərbaycan türklərinin milli duyğularını qabardan, onları hərəkətə keçirən və onların rejim ilə bağlarını qoparan amil kimi İranı narahat edirdi.
Qarabağ məsələsində İranı narahat edən ən başlıca məsələlər bunlar idi:
- Xarici müdaxiləyə (Qərbin) səbəb olma ehtimalı,
- İran sərhəddinə yaxın bölgədə yaşanması ilə İranın istəmədiyi halda döyüşə cəlb olunması ehtimalı,
- Köç axını və qaçqın problemi ilə qarşılaşması ehtimalı,
- Azərbaycanın Qarabağda müvəfəqqiyyət əldə etdikdən sonra Cənuba yönəlmək qorxusu,

- Cənubi Azərbaycan cəmiyyətinin Tehran-İrəvan münasibətlərindən rahatsızlıq duyması və müxtəlif nümayişlərin təşkil olunması.
1992-ci ilin fevralında Tehranda Azərbaycan-Ermənistan prezidentlərinin saziş haqqında danışıqlarından sonra Xocalı faciəsi baş verdi. Həmin ilin may ayının əvvəlində Tehranda Azərbaycan-Ermənistan danışıqları getdiyi zaman mühüm strateji əhəmiyyəti olan Şuşa işğal edildi.
İran Ermənistanla 1992-ci ilin fevral ayında, yəni Xocalı faciəsinin törədildiyi ayda diplomatik əlaqə qurmuş, çox sayda iqtisadi müqavilə imzalamışdır.
Yenə eyni ilin aprel ayında İran Ermənistanı təbii qazla təmin etməyi və nəqliyyat imkanlarını genişləndirməyi qəbul etmişdir.
İran Ermənistanın təcavüzkar möveyini davam etdirməsinə baxmayaraq, İrəvana iqtisadi blokadanı aşmaq imkanı vermişdir.
Beləliklə dəDağlıq Qarabağ müharibəsində rəsmi Tehranın əməli olaraq Ermənistanın yanında olması Cənubi azərbaycanlıların hökumətdən narazılığına səbəb oldu. Azərbaycanlılardan bir çoxu Tehrana Qarabağ məsələsində siyasətini dəyişdirib Azərbaycanı dəstəkləməsi üçün təzyiq etdilər.
Ermənistanın Şimali Azərbaycana qarşı hərbi təcavüzü, ermənilərin Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər və İran radio-televiziyası və mətbuatının bu barədə susması azərbaycanlı tələbələrin fəallaşmasına bilavasitə təkan verdi. Belə şəraitdə tələbələr Azərbaycanın ədalətli mövqeyini müdafiəyə qalxmağı özlərinin milli və vicdani borcları hesab edərək müxtəlif etiraz aksiyaları keçirməyə başladılar.
1992-ci ilin 25 mayında Təbriz Universitetində oturaq aksiya keçirən 200 tələbə Ermənistana qarşı ölüm sloqanları ataraq, müsəlmanların, xüsusilə Tehranın ermənilərin cinayətləri qarşısında susmasını "Quran"a xəyanət adlandırdılar.
1993-cü ilin noyabrında Urmiya Universitetinin tələbələri bəyənatla çıxış edərək, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü pislədilər. Bəyanatda deyilirdi ki, erməni təcavüzkarlarıdərhal işğal edilmiş Azərbaycan torpaqlarını heç bir qeyd-şərt olmadan boşaltmalıdırlar. Tələbələr həmçinin öz dövlətlərindən təcavüzkar Ermənistan dövləti ilə siyasi, iqtisadi və mədəni əlaqələri kəsməyi tələb etdilər.
Hətta İran parlamentinin azərbaycanlı deputatları da Qarabağ siyasətinin dəyişməsinin zəruriliyini vurğulayaraq bir bəyanat hazırlayıb, onu parlament deputatlarının əksəriyyətinə imzalatdırdılar. 1993-cü ilin 6 aprelində bütün azərbaycanlı deputatlar adından oxunan qətnamədə ermənilərin azərbaycanlılar əleyhinə gördükləri işlər pisləndi və hökumətdən Azərbaycan Respublikasını müdafiə etməsi tələb olundu. 1993-cü ilin 13 aprelində isə Xoydan seçilmiş deputat Kamal Abidinzadə Məclisdəki çıxışını Azərbaycan dilində etdi və ermənilərin Azərbaycana qarşı təcavüzünü pislədi. Həmçinin o, bu mövzu ilə əlaqədar "Həmşəhri" və başqa qəzetlərdə məqalələr nəşr etdirdi.
Təbrizin deputatı Məhəmmədəli Nejadzadə 1993-cü ilin 6 aprelində bütün azərbaycanlı deputatlar adından bir qətnamə oxudu. Bu qətnamədə ermənilərin azərbaycanlılar əleyhinə gördükləri işlər pislənir və hökumətdən Azərbaycan Respublikasını müdafiə etməsi istənilirdi. Azərbaycanın adi insanları da Qarabağ məsələsində Azərbaycanı müdafiə edir və Ermənistanı himayə etdiyi üçün Tehranıtənqid edirdilər.
Ayətullah Musəvi Ərdəbili Cümə namazı danışıqlarında dəfələrlə Qarabağ məsələsinə işarə edir və Azərbaycan dilində danışaraq o tay azərbaycanlılarına xitab edir, onların dərdinə ortaq olduğunu bildirirdi.
1992-1993-cü illərdə İran tərəfindən Azərbaycan qaçqınlarına çatdırılan humanitar yardımlar birbaşa İrandakı azərbaycanlılar tərəfindən idi. Fikrimizcə, bu, bir yandan etnik bağlılıqdan irəli gəlirdisə, digər yandan azərbaycanlılar arasında azərbaycanlı-müsəlman (dini) kimliyinin olduğunu göstərirdi.
1993-cü ildə Dr. Cavad Heyət və “Varlıq” dərgisi yazarlarının təşəbbüsü ilə onlarla elm və iş adamı, həkim və yazıçıların imzası iləİranın dini lideri Ayətullah Xamneiyə bir açıq məktub göndərildi. Məktubda ...dünya müsəlmanlarına qarşı başladılan yeni Xaç yürüşlərini xatırladaraq, Bosniya müsəlmanlarına olduğu kimi Qarabağ müsəlmanlarına da yardım məqsədilə “Azərbaycan həftəsi” elan edilməsi istənildi.
Eyni ildə Dr. C.Heyət tələbəlik illərindən tanıdığı Türkiyəprezidenti Dəmirələ Qarabağ probleminin həll edilməsi, Azərbaycan torpaqlarının işğalçı ermənilərdən azad edilməsinə yardım etməsi üçün məktubla müraciət etdi. “Varlıq” dərgisində də yayımlanan bu məktubun bir nüsxəsini də İranın Xarici İşlər naziri Ə.Ə.Vilayətiyə göndərildiyi bildirilmişdir.
Göstərilən bu təzyiqlər az da olsa, hökumətin Qarabağ məsələsinin həllinə münasibətdə mövqeyinin dəyişməsinə təsir etdi.
İranda azərbaycanca yayılan qəzetlər, jurnallar Qarabağ məsələsində Azərbaycan Respublikasının xalqını müdafiə edir, onlarla etnik cəhətdən bağlılıqlarını bildirirdilər.
“Varlıq” dərgisindəAraz Təbrizi adlı müəllifin fars dilində erməni Ara Şirvaniyə cavab olaraq yazdığı “Qarabağ insanlıq məhkəməsi” adlı məqaləsi diqqət çəkir: “Siz ki, Qarabağı Artsax, Xankəndini Stepanakert, Təbrizi Davreş adlandırırsınız, siz niyə qələmə əl atmısınız. Ən azından icazə verəydiniz, Qarabağda şiələrin dərisini soyan Fransa, Suriya və ya Livan ermənilərindən biri o məktubu yazaydı... Sizin əksəriyyətinizki, şiə Azərbaycanında yaşayırsınız və Qarabağda daşnakların qəddar cinayətlərinə baxmayaraq, Təbriz və Urmiyada bir adam sizə qaşınız üstə gözünüz var demir, heç insafdırmı ki, müsəlmanların tolerantlığından sui-istifadə edib dostlarınızın əməllərini ört-basdır etmək üçün belə timsah göz yaşları tökəsiniz?”.
Bundan başqa, “Varlıq” dərgisi vasitəsilə İran azərbaycanlıları Xocalı faciəsindən dərhal sonra bütün dünya müsəlmanlarına, xüsusilə işğala məruz qalmış Azərbaycan Respublikasıxalqına başsağlığı vermiş və bütün dünaya xalqlarının diqqətini bu kimi cinayətlərin davam etdirilməsinə cəlb etməklə, Qarabağ və Bosniya Hersoqovina müsəlmanlarının qırğınının dayandırılmasını tələb etmişlər.
“Varlıq”la yanaşı, “Dilmac”, “Haray”, “Yol”, “Öyrənci”, “Körpü”, “Azərbaycann səsi”, “Tribun”, “Azər-Türk İnternational”, “Azərbaycan”, “Aftab-e Azərbaycan”, “Xudafərin” kimi dərgilərin, “Comhuri-ye Eslami”, “Fəcr-e Azərbaycan”, “Ağrı”, “Şəms-e Təbriz”, “Əhrar”, “Ava-ye Ərdəbil”, “Omid-e Zəncan” və s. kimi qəzetlərin səhifələrində çap olunmuş məqalələrdə Dağlıq Qarabağda baş vermiş və günümüzə qədər davam edən hadisələrə obyektiv münasibətlərin bildirilməsi, eləcə də Qarabağın tarixi ilə bağlı həqiqətlərin söylənilməsi elmi və siyasi baxımdan çox önəmlidir.
Azərbaycanlı Bilimyurdlular Toplumu Araşdırma Mərkəzi (“ABTAM”) də nəşr etdirdikləri sonuncu özəl saylarını “Azərbaycan və bir əsr erməni cinayətləri” adlandırmışlar. Bu özəl say son yüz il müddətində müsəlmanların soyqırıma məruz qalmaları və Qarabağın, Xocalının məzlum xalqının Qarabağ müharibəsi dövründə soyqırıma uğramalarını araşdırmaqla sözügedən hadisələrin tanınması üçün önəmli təsir göstərdi. Bu, eyni zamanda göstərirdi ki, tələbə nəşriyyatı Cənubi Azərbaycan məsələlərindən başqa, Azərbaycan Respublikasındakı məsələlərə də ciddi şəkildə və incəliklə diqqət yetirirlər.
Dövri mətbuat səhifələrində, ayrı-ayrı kitablarda Dr. Cavad Heyət, Səməd Sərdariniya, İsmayil Hadi, Əlirza Ərdəbili, Həsən Raşidi, Böyük Rəsuloğlu, Mənuçöhr Əzizi, Tohid Məlikzadə, Camal Ayrumlu, Maşallah Rəzmi, Səməd Niknam, Səlcuq Kamal və Həsən Azərbaycanlı kimi Cənubi Azərbaycan müəlliflərinin kəsərli məqalələri onların haqlı mövqelərini əks etdirməklə yanaşı, baş vermiş hadisələrə düzgün və ədalətli yanaşmağa imkan verir.
S.Sərdariniyanın “Arazın hər iki sahilində müsəlman qətliamı” və “İrəvan müsəlman sakinli vilayət olmuşdur” adlı əsərlərində ermənilərin Qafqaz, İran, Türkiyəyə qarşı rusların işğalçılıq siyasətində “katalizator” rolunu oynamaları, xəyanətkar və alçaq əməlləri, “Böyük Ermənistan” yaratmaq kimi əsassız xülyaları göstərilmiş, tarixi sənədlər əsasında ermənilərin bu xislətləri əsaslı şəkildə və ətraflı açıqlanmış, eyni zamanda onların şovinist-millətçi mövqeyini dəstəkləyən İranın ermənipərəst tarixçilərinə tutarlı cavablar verilmişdir.
Qarabağ məsələsi bu gün dəCənubi azərbaycanlıları düşündürən və həssaslıqla yanaşdıqları ən önəmli məsələdir. Onlar İran hökumətindən Qarabağa münasibətində ədalətli davranmağı və Ermənistanla münasibətlərində bu məsələni yaddan çıxartmamağı tələb edir və İran-Ermənistan münasibətlərini daim diqqət mərkəzində saxlayırlar.
İran və Ermənistan prezidentlərinin qarşılıqlı səfərləri Təbrizdə,Ərdəbildə, Urmiyada, Cənubi Azərbaycanın bir çox digər şəhərlərində xalqtərəfindən hər dəfə çox pis qarşılanır.... İranda yaşayan hər bir azərbaycanlı Azərbaycan Respublikasının öz ərazisini işğaldan azad etmək üçün ədalətli mübarizəsinin tərəfdarıdır.
2016-cı ildə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi cənubi azərbaycanlılarda böyük ruh yüksəkliyi yaratdı.
Həmin ilkiQarabağ döyüşləri zamanı Təbrizdə, Ərdəbildə, Urmiyada, Kərəcdə, Məşhəddə 9 min azərbaycanlı müharibəyə getməyə hazır idi. Bu qələbəyə həsr olunmuş çoxlu sayda yazılar istər mətbuatda, istərsə də müxtəlif xəbər saytlarında, sosial şəbəkələrdə yer aldı. “Teleqram” və “Twitter” hesablarından paylaşaraq Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bəyan etdilər.
Eləcə də 2017-ci ilin iyul ayının 4-də erməni silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində Azərbaycan Respublikasının iki vətəndaşının - Quliyeva Sahibə İdris qızı və onun iki yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızının şəhid olmasını cənubi azərbaycanlılar böyük ürək yanğısı ilə qarşıladılar.
Urmiyada fəaliyyət göstərən “Yolpress” internet portalı öz Teleqram hesabından“Zəhraya dua edin” adlı imza kampaniyası başlatdı. Kampaniyaya 72 saat ərzində 20161 insan qoşuldu.“Zəhraya dua edin” kampaniyasnda toplanan imzalar İranın Xarici İşlər Nazirliyinə göndərildi və onlardan, eləcə də dünya ictimaiyyətindən baş verən bu cinayətlərə səssiz qalmamaları tələb edildi.
Maraqlı cəhət odur ki, bu məsələ təkcə sıravi vətəndaşların deyil, dövlət strukturlarında çalışan cənubi azərbaycanlıların da etirazına səbəb oldu. Urmiya şəhərinin millət vəkilləri Nadir Qazipur, Hadi Bahaduri və Ruhulla Həzrətpur bu imza kampaniyasına qoşularaq, həmrəyliklərini bildirdilər, eyni zamanda İran XİN-i Ermənistan cinayətinə qarşı ciddi mövqe tutmadığı üçün tənqid etdilər.
Bundan başqa, Urmiyanın digər millət vəkilləri Hadi Bahaduri və Ruhulla Həzrətpur imza kampaniyasına qoşularaq İran Xarici İşlər Nazirliyini Ermənistanın bu cinayətinə qarşı ciddi mövqe tutmadığı üçün tənqid etdilər. Urmiyalı deputat Ruhulla Həzrətpur Xarici İşlər nazirindən “Ermənistanın cinayətlərinə” rəsmi etiraz bildirilməsini tələb etmişvə “Yolpress”-ə verdiyi müsahibəsində inqilab rəhbərinin Qarabağın işğalı ilə bağlı təkidləri və açıq fikrinə baxmayaraq, İİR-in XİN-ninhələ də bu cinayət haqqında rəsmi açıqlama vermədiyinə təəccübünü qeyd etmişdir. Hətta bildirmişdir ki, məhkəmə sistemi (Qovve-ye Qəzaiyye) bu qeyri-insani hərəkət qarşısında beynəlxalq cinayət işi qaldırmalıdır.
2020-ci ilin iyul ayının 12-də Ermənistan Silahlı Qüvvələrinin yenidən atəşkəs rejimini pozaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətindəAzərbaycan Silahlı Qüvvəllərinin mövqelərini atəşə tutması ilə başlayan Tovuz hadisələri və 27 sentyabr 2020-ci il tarixində Ermənistan Ordususnun Azərbaycan torpaqlarına başlatdığı yeni təcavüzə qarşı rəşadətli Azərbaycan ordusunun mübarizəsi yenidən Cənubi azərbaycanlıların bütün diqqətini Azərbaycan Respublikasına yönəltdi. Azərbaycan ordusunun uğurları ilə qürur hissi keçirən azərbaycanlılar, bir yandan Azərbaycan ordusunu və haqlı mübarizəsini dəstəkləmək üçün yürüşlər təşkil etdi və bu yürüşləri sosial şəbəkələrdə yayaraq ölkə və dünya ictimaiyyətinin diqqətini 30 ilə yaxın davam edən haqsızlığa cəlb etməyə çalışdı, digər tərəfdən isə İran İslam Respublikası hökumətinin təcavüzkar Ermənistana dəstək göstərməməsi tələbini irəli sürdülər.Bu haqlı mübarizədə İranın hər zaman olduğu kimi, əməli olaraq təcavüzkar Ermənistan dövləti və onun havadarlarının yanında olması azərbaycanlıların kəskin etirazına səbəb oldu.
Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlarından sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etdilər.
Tovuz hadisəsi ilə bağlı Cənubi Azərbaycanın milli fəalları tərəfindən yayılan bəyanatda iyulun 16-sı yerli vaxtla saat 18:00-da Təbrizdə Azərbaycan Respublikasının konsulluğu qarşısında, Tehranda isə işğalçı rejimin səfirliyi önündə Azərbaycana dəstək mitinqi keçiriləcəyi bildirildi. Bəyanatda qeyd edilirdi: “İşğalçı Ermənistan ordusunun Azərbaycan xalqına və torpaqlarına qarşı hücumları davam etsə, Güney Azərbaycanda, eləcə də İranda Azərbaycan türklərinin yaşadıqları bütün ərazilərdə, xüsusilə də Şimali Azərbaycanla həmsərhəd məntəqələrdə Azərbaycana dəstək aksiyaları keçiriləcək; ümumi səfərbərlik elan olunacaq və bütün işğal olunmuş torpaqların azad olunmasına qədər müharibədə iştirak edəcəyik”.
Təbriz və Tehranla yanaşı, Urmiya, Zəncan, Sulduz və Ərdəbil şəhərlərində də dəstək aksiyalarının keçirilməsi nəzərdə tutuldu.
İran hökumətinin təhlükəsizlik qüvvələrinin əməkdaşları Təbriz, Zəncan və Urmiyada tanınmış azərbaycanlı yazıçı və şairlər, eləcə də milli fəallarla əlaqə saxlayaraq, onlardan öz sosial şəbəkə səhifələrində aksiya əleyhinə çıxış etmələrini tələb etsələr də, onlar bütün təhdidlərə baxmayaraq bütün gücləri ilə mitinqdə iştirak edərək Şimali Azərbaycandakı soydaşlarına dəstək verəcəklərini açıqladılar.Ciddi təzyiqləriə baxmayaraq, cənubi azərbaycanlılar Azərbaycan Respublikası və ordusuna dəstək aksiyası keçirməyə nail oldular və Təbrizdə Azərbaycan Respublikasının konsulluğu qarşısında keçirilən aksiyada “Qarabağ bizimdir, bizim qalacaq” şüarı səsləndirərək öz soydaşlarına dəstək nümayiş etdirdilər.
27 sentyabr 2020-ci il tarixindən Azərbaycan Ordusunun Ermənistana qarşı başlatdığı və uğurla davam edən əks-hücum əməliyyatlarınaƏrdəbildə keçirilən 29 sentyabr tarixli dəstək aksiyasında iyirmi milli fəal saxlanılsa da, 30 sentyabrda yenidən Ərdəbil şəhərində bir neçə milli fəal tərəfindən Azərbaycana dəstək nümayiş etdirilərək, üzərinə “Bir millət arxanızdadır, Azərbaycan əsgəri” yazılan plakat qaldırıldı.
Milli-mədəni fəallar tərəfindən şimali azərbaycanlı soydaşlarına dəstək nümayiş etdirmək məqsədilə 1oktyabr 2020-ci il tarixində Təbriz və Tehran başda olmaqla bir neçə şəhərdə dinc yürüş keçirələcəyi haqqında yayılan çağırışda deyilirdi: “Mitinq yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 17:30) aşağıda qeyd edilən məkanlarda keçiriləcək:
Təbriz: Şəhnaz qovşağı
Urmu: Ətai və İmam küçələrinin kəsişdiyi yer
Ərdəbil: Şəriəti qovşağı
Zəncan: Yaşıl Meydan
Tehran: İmam Hüseyni meydanı
Digər şəhərlərdə “əsas meydanlar və şəhər mərkəzləri” toplanış yeri elan edilib”.
Təbriz, Urmiya, Ərdəbil, Zəncan və Tehran başda olmaqla Güney Azərbaycanın müxtəlif şəhərlərində baş tutan Azərbaycan ordusunun Qarabağda keçirdiyi hərbi əməliyyatlara dəstək aksiyalarında Ermənistanın işğalçı siyasəti qınanıldı, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq (əsgəriyik)!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənidən himayət, cinayətdir, cinayət!”, “Yaşasın Azərbaycan”, “Azərbaycan oyaqdı, Qarabağa dayaqdı!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” kimi şüarlar səsləndirildi.
Eləcə də Təbriz şəhərində divarlara “ya Qarabağ, ya ölüm”, “Qarabağ bizimdir, bizim qalacaq”, “Azərbaycan milləti, çəkənməz bu zilləti” “Güneydən Quzeyə dəstək” kimi şüarlar yazaraq Azərbaycan Respublikasına dəstəklərini bildirdilər.
Ərdəbil şəhərində isə divarlara yazılan Azərbaycana dəstək şüarlarında İran hakimiyyətinin işğalçı Ermənistana verdiyi dəstək qınanıldı: “İran! Şiələri öldürmək üçün kafir rejimi qidalandırmaq haramdır!”, “İran silahı + Rusiya sərmayəsi + PKK yaraqlısı = Qarabağ əhalisinin qətliamı”.
Bundan başqa, Təbriz şəhərinin örtülü bazarı və müxtəlif çarşılarında fəaliyyət göstərən ticarət obyektləri Azərbaycan Ordusunun Qarabağda Ermənistan işğalçılarına qarşı apardığı hərbi əməliyyatına dəstək məqsədilə tətil edildi.
Fəaliyyətini dayandıran dükanların qapısına “Biz Azərbaycan tərəfdarı deyilik, biz Azərbaycanın özüyük. Əziz dostlar, Qarabağdan himayə üçün dükan 3 gün bağlı olacaq. Qarabağ bizimdir!”- deyə yazılan elanlar yapışdırıldı.
Cənubi Azərbaycanın Zəncan bölgəsindən olan gənclər isə Sultaniyyə günbəzi qarşısında toplaşaraq “Vətən xəritədəki sərhədlərin ötəsindədir”, “Biz Azərbaycanıq”, “Dünya cənnətə dönsə, mənə Qarabağ olmaz” kimi şüarlar yazılan plakatlar qaldırdılar.
58nəfər tanınmış Cənubi azərbaycanlı şair və yazıçı bəyanat yayaraq Azərbaycan xalqının işğal olunmuş torpaqlarının bütünlüklə azad edilməsini “qeyd-şərtsiz” dəstəklədiklərini bildirdilər. Onların yaydığı bəyanatda qeyd edilirdi ki, sülhün bərpasının yeganə yolu Ermənistanın işğal olunmuş ərazilərdən geri çəkilməsidir.
İranın bir qrup azərbaycanlı musiqiçisi də bənzər bəyanat yayaraq Qarabağın azadlığına dəstək verdiklərini bildirdilər.
Tanınmış musiqi xadimlərindən 60 nəfərin imzasını daşıyan bəyanatda Qarabağın Azərbaycan musiqisinin inkişafında əvəzolunmaz xidmətləri olan simaların yetişdirdiyinə diqqət çəkilmiş, Azərbaycan xalqının bir çox mədəniyyət və incəsənət əsərlərinin kökünün məhz o torpaqda olduğu vurğulanmışdır.
Cənubi Azərbaycanın musiqi xadimləri həmçinin Ermənistandan Qarabağın işğalına son verməyi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb ediblər.
Cənubi Azərbaycanın Şərqi Azərbaycan əyalətinin Vəkillər Kollegiyasının İnsan Hüquqları komissiyası tərəfindən yayılan bəyanatda deyilir: “Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozaraq Azərbaycan Respublikasının ərazisini işğal etməsi nəticəsində yaranıb. Ermənistan Azərbaycanın müsəlman vətəndaşlarının torpağına və canına təcavüz etməklə yanaşı, azərbaycanlılara qarşı bir sıra beynəlxalq cinayətlər törədib. Bunun ən bariz nümunəsi Xocalı və Kəlbəcərdə törədilən soyqırımdır”.
Bəyanatda həmçinin İranın Xarici İşlər Nazirliyindən istənilib ki, Azərbaycan Respublikasına diplomatik dəstək verərək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb etsin.
Cənubi Azərbaycan Milli Hərəkatında güclü və təkanverici qüvvələrdən biri hesab edilən Tələbə HərəkatınınAzərbaycan Respublikasının Qarabağın azadlığı uğrunda keçirdiyi hərbi əməliyyatlara dəstək nümayiş etdirən bəyanatında Ermənistanın işğalçı siyasəti pislənməklə yanaşı, bu dövrdə qəsbkar Ermənistan rejiminə dəstək göstərən İran daxilindəki müxtəlif siyasi və ictimai qüvvələr kəskin tənqid edildi. Həmin qüvvələrin Ermənistana dəstəyinin Azərbaycan türklərinə qarşı ayrı-seçkilik və düşmənçilik mövqelərindən qaynaqlandığı vurğulandı.
Güney Azərbaycanın Sulduz (Nəqədə) və Üşnəviyyə bölgələrinin millət vəkili Əli Zəncani Həsənluyi öz Telegram səhifəsində ermənilər tərəfindən işğal edilmişAzərbaycan torpaqlarının “islam əsgərləri” tərəfindən azad edilməsini təbrik edərək azərbaycanlıların bu xəbərləri sevinclə qarşıladığını bildirdi. O, mesajında yazırdı: “Azərbaycan ordusunun uğurlu əməliyyatı nəticəsində illərdir işğal altında olan bir sıra kəndlər, mühüm yüksəkliklər və strateji əhəmiyyətə malik olan mövqelər azad edilib. Bu tanrının vəd etdiyi qələbədir”.
Azərbaycan Ordusuna dəstək yalnız cənubi azərbaycanlılar tərəfindən deyil, İranda yaşayan Qaşqay və Xorasan türkləri tərəfindən də göstərildi. Bu dəstək türk milli birliyinin ifadəsidir.Belə ki, İranda Qaşqay türklərindən olan bir qrup milli-mədəni, siyasi və ictimai fəal oktyabrın 1-də birgə bəyanat yayaraq Qarabağı və işğal altında olan digər rayonları Ermənistan işğalından azad etmək üçün hərbi əməliyyatlara başlayan Azərbaycan Ordusuna dəstək nümayiş etdirdilər.
Bəyanatda bildirilir ki, qaşqaylar hər zaman çətin günlərdə Azərbaycan millətinin yanında olacaqlar:“Biz qaşqaylar nə qədər ki, sağıq, elimizin başçısı Xosrov Xan Qaşqayi kimi, hər zaman Qarabağın məzlum əhalisinin müdafiəsi uğrunda canımızdan və malımızdan keçməyə hazırıq.Bildiririk ki, Qarabağın Ermənistan tərəfindən işğal edildiyi o çətin günlərdə onlarla könüllü qaşqayi türk qardaşlarına yardım etmək üçün canlarınıQarabağa fəda etdikləri kimi, biz də Azərbaycan torpağının işğaldan azad olunması uğrunda camızdan keçməyə hazırıq”.
Eyni zamanda Xorasan türkləri də azərbaycanlılarla birlik nümayiş etdirdilər. Xorasan Türklərinin Oyanış Hərəkatı tərəfindən yayılan bəyanatda deyilirdi:“Xorasandan can Azərbaycana salamlar!Xorasan türklərinin milli-mədəni fəallarıcəmiyyəti dost və qardaş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkənin Ermənistan işğalçı rejimi tərəfindən işğal edilmiş bütün torpaqlarının azad edilməsini tələb edir. Milli-mədəni fəallarcəmiyyəti öz ailəsini, yəni Azərbaycan Respublikasını dəstəkləməyi özünə borc bilir. Azərbaycan torpaqlarının azad edilməsi nə vasitəçilik missiyası, nə də müzakirələrlə mümkün deyil, yalnız islamın qeyrətli və şərəfli oğulları və türk ordusu vasitəsilə reallaşa bilər. Xorasan türklərinin milli-mədəni fəalları cəmiyyəti özünü Azərbaycan və Türkiyədən, öz növbəsində Azərbaycan və Türkiyəni özündən bilməklə yanaşı, əziz Qarabağımızın azad edilməsi yolunda şərəfli Azərbaycanın türk xalqı və Ordusunun yanında olduğunu bəyan edir”.
Cənubi azərbaycanlılar İran hökumətindən əməli olaraq Azərbaycan Respublikasını dəstəkləməsini tələb etsələr də, İran İslam Respublikasına məxsus yük maşınlarının Ermənistana silah-sursat daşımasını əks etdirən videoların yayılması Cənubi Azərbaycan şəhərlərində əhalinin kəskin etirazına səbəb oldu və nümayişlər keçirildi. Qeyd etmək lazımdır ki, İranın Cənubi Qafqaz ilə bağlı həyata keçirdiyi siyasət çərçivəsində Dağlıq Qarabağ probleminə münasibətdə tutduğu mövqe Cənubi azərbaycanlıların İran dövlətinə qarşı kəskin etirazına səbəb olduğu kimi, iki Azərbaycan arasında etnik bağlılığı daha da gücləndirmiş və gücləndirməkdədir.
Oktyabrın 18-də Təbriz şəhərində, eləcə də Tehranda keçirilən aksiyalarda İran rejiminin Ermənistana silah-sursat göndərməsinə etiraz edildi, İranla Ermənistan arasında olan “Nurdüz” sərhəd-keçid məntəqəsinin bağlanması tələb olundu.
Təbrizli milli-mədəni fəallar üzərində “Gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yana-yana, Nurdüz gərək bağlana” şüarı yazılmış plakatlar qaldıraraq, İran hökumətinin Ermənistan rejiminə dəstəyinə son qoyulmasını tələb etdilər.
Elə həmin gün Tehranda da keçirilən nümayiş zamanı, Savə yolunda yerləşən Nəsimşəhr məntəqəsində bir qrup azərbaycanlı milli fəal üzərində “Qarabağ bizimdir, bizim olacaq”, “Qarabağ Azərbaycandır” və “Sən çağırsan gələrəm mən, yaşa-yaşa Azərbaycan” şüarları yazılmış plakat qaldıraraq, Qarabağın və ətraf rayonların erməni işğalından azad olunması əməliyyatına dəstək nümayş etdirdi, həmçinin digər milli şüarlar səsləndirərək, İran hökumətinin təcavüzkar və işğalçı Ermənistana müxtəlif sahələrdə yardım göstərməsinə etirazlarını bildirdilər.
Güney Azərbaycan Milli Hərəkatı fəallarınınİranın ermənipərəst mövqeyinisərt şəkildə tənqid etdikləri bəyanatda isə deyilir:“.…Bu gün Azərbaycanın kollektiv şuuru və vicdanı Arazın bu tərəfindəki yollardan işğalçəlara (ermənilərə - müəllif), Arazın digər tərəfindəki Qara müharibəyə hərbi od püsgürən rus maşınları verməsinə imkan vermir. Bu həyasız hərəkətlərdən Tehranın mərkəzi hökuməti sorumludur.Həmişə və hər vəziyyətdə utanmadan özünü təmiz çıxaran, sözdə islam dünyasının anasıolan İran qəribədir ki, Çində və Dağlıq Qarabağda eyni müsəlmanların canını alan Qızıl Ordunun köləsinə çevrilib.Bu gün Qarabağ müharibəsi təkcə Ermənistanla Azərbaycan arasındakı müharibə deyil. İşğal və müqavimət müharibəsidir. Müharibə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçündür. İşğal sona çatsa müharibə bitəcək!... Bu gün Azərbaycan ayağa qalxıb ki, inanclarını dirçəltsin. Azərbaycan bu gün qışqırır: “Nurdüzu, o lənətə gəlmiş işğal qapısını bağlayın!”
…Bu gün Azərbaycan övladları küçələrdə qışqırırlar ki, biz ölməyə hazırıq və Babək Xürrəmidin əsgəriyik!Xəbərdarlıq edirik; Nurduz gömrüyü bağlanmasa, Babəkin övladları Babək qalasında olan kütləvi toplaşmanı bu dəfə Culfa şəhərində yaradacaqlar .Xəbərdarlıq edirik; Nurduz gömrüyü bağlanmasa işğal qapılarını bağlamaq üçün xalq yürüşü çağırışı verəcəyik….”.
Güney Azərbaycanın 4 əyalətinin (Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Ərdəbil) imam cümələri ictimai rəyin təzyiqi altında Azərbaycan ordusunun əməliyyatlarını dətəkləməyə məcbur oldular. Onların birgə yaydıqları bəyanatda deyilir: “Şübhə yoxdur ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və işğal altında olan torpaqlar Əhli-beyt ölkəsi olan Azərbaycana qaytarılmalıdır. Azərbaycan hökuməti bu torpaqları geri almaq üçün tamamilə qanuni və dini qaydalar çərçivəsində hərəkət edib və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini həyata keçirmək niyyətindədir”.Tehranın Ermənistana göstərdiyi dəstəyi inkar edən imam cümələr bunu “iki ölkənin dostluq münasibətinin düşmənləri” tərəfindən aparılan təbliğat adlandırıblar.Bəyanatda həmçinin qeyri-ciddi iddialara yer verilib. Belə ki, Ə.Xamneyinin təmsilçiləri Qarabağın işğalı ərəfəsində gedən döyüşlərdə “İranın dəstəyi olmasaydı, işğal Bakıya qədər uzanardı” iddiasını irəli sürüblər.
İran parlamenti spikerinin keçmiş müavini Əli Mütəhhəri İran Xarici İşlər Nazirliyini “Azərbaycanla Ermənistan arasında əvvəlki müharibədə olduğu kimi etnik narahatlıqlara görə ermənilərin tərəfində yer almamağa” çağırıb.O, öz “Twitter” səhifəsində yazıb: “Sadəcə atəşkəs istəmək və müzakirə çağırışı etmək yetərli deyil. Kimin haqlı olduğunu görmək lazımdır. Bizim vəzifəmiz kimin bu müharibədə haqlı olduğunu bilməkdir”.
18 oktyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun Araz çayı üzərində yerləşən Xudafərin körpüsünü erməni işğalçılarından azad etməsi və19 oktyabrda Azərbaycan əsgərlərinin müqəddəs Azərbaycan bayrağını həmin körpünün üzərinə sancmaları Cənubi azərbaycanlıların böyük sevincinə və qüruruna səbəb oldu. Müharibə başladığı gündən etibarən hər gün sərhəddə toplaşan azərbaycanlılar Azərbaycan əsgərlərinin Xudafərin körpüsünə bayraq sancdıqları anı sevinclə qarşılayaraq “Azərbaycan Ordusu, yoxdur onun qorxusu!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” və “Yaşasın Azərbaycan!” kimi həmrəylik şüarları səsləndiriblər.
Bütün bunlar Cənubi azərbaycanlıların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Respublikasını dəstəklədiklərini və bu münaqişənin başlandığı gündən bu günədək onların milli şüurunun inkişafında və milli birlik nümayiş etdirmələrində önəmli faktor olduğunun göstəricisidir.
Beləliklə də, müstəqil Azərbaycan Respublikasının yaranması və Qarabağ müharibəsi hər iki Azərbaycan arasında ictimai, siyasi və mədəni əlaqələri bərpa etdiyi kimi, Cənubda da milli mübarizənin yüksəlişində təkanverici qüvvəyə çevrilmiş, ona yeni forma və məzmun qazandırmışdır.

Şahnisə Tahir qızı Rüstəmova
AMEA akad. Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun Cənubi
Azərbaycan şöbəsinin elmi işçisi




Facebook'da Paylaş