Krasnoyarskda Heydər Əliyevin 100 illiyi münasibətilə “Əsrlər boyu xalqların dostluğu” adlı konsert təşkil edilib

23-05-2023, 17:03

Krasnoyarskda Heydər Əliyevin 100 illiyi münasibətilə “Əsrlər boyu xalqların dostluğu” adlı konsert təşkil edilib[/center]

Rusiya Federasiyasının Krasnoyarsk şəhərindəki diyar filarmoniyasında müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrlər boyu xalqların dostluğu” adlı konsert keçirilib.

Krasnoyarsk diyarı Azərbaycan milli-mədəni muxtariyyəti regional ictimai təşkilatının təşəbbüsü ilə Krasnoyarsk diyarı qubernatorluğunun təşkilatçılığı və dəstəyi ilə təşkil edilən tədbir Azərbaycan Mədəniyyət Günləri çərçivəsində baş tutub. Eyni zamanda tədbir Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndələyinin, Mədəniyyət Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə həyata keçirilib.

Tədbirdə diyarın rəsmi şəxsləri, Azərbaycanın Rusiyadakı Səfirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Azərbaycan icmasının, yerli ictimaiyyətin və digər millətlərin 1200-dən çox nümayəndəsi iştirak ediblər.

Konsertdən öncə Azərbaycan nümayəndə heyətinin Krasnoyarsk diyarı qubernatorunun müavini vəzifəsini icra edən Vasili Nelyubinlə görüşü keçirilib. Görüşdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycanın Rusiyadakı Səfirliyinin müşavir-elçisi Aqşin Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya ilə iş şöbəsinin müdir müavini Tural Səfərov, Krasnoyarsk Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin sədri Taleh Mahmudov və “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının direktoru Səadət Qarayeva iştirak ediblər. Azərbaycan və Rusiya xalqları arasında mədəni əlaqələrin, dostluğun və diasporlararası münasibətlərin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində çıxış edən nazir müavini Murad Hüseynov görüş iştirakçılarını nazirlik adından salamlayaraq Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirin Krasnoraysk hökumətinin dəstəyi ilə keçirilməsinin yüksək qiymətləndirildiyini bildirib və dəvətə görə dərin minnətdarlığını ifadə edib. Mədəniyyət sahəsində gələcək perspektivlərdən söhbət açaraq, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində müvafiq addımların atılmasının zəruriliyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Aqşin Əliyev fövqəladə və səlahiyyətli səfir Polad Bülbüloğlunun Krasnoyarsk diyarı Hökumətinə salamlarını və minnətdarlığını çatdırıraq, Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının suverenliyinin möhkəmləndirilməsi və onun surətli inkişafında əvəzsiz xidmətlərinin olduğunu diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin adından görüş iştirakçılarını salamlayan Komitənin şöbə müdiri müavini T.Səfərov yubiley tədbirində dəvətə görə təşkilatçılara – Krasnoyarsk diyarı hökumətinə və Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, “Azərbaycan milli-mədəni muxtariyyəti” regional ictimai təşkilatının sədri Taleh Mahmudova dərin minnətdarlığını bildirib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin çoxlu sayda soydaşımızın yaşadığı Krasnoyarsk şəhərində qeyd edilməsini, soydaşlarımızın öz tarixi vətənlərinin taleyinə biganə qalmadıqlarını sevindirici hal adlandırılıb.

Sonra Krasnoyarsk rəhbərliyinə Azərbaycanın Rusiyadakı Səfirliyinin adından Heydər Əliyevin “Rusiyada ruhumun bir parçası var” fotoalbomu və “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib. Eyni zamanda Mədəniyyət Nazirliyi və Dövlət Komitəsi adından Azərbaycanın milli və mənəvi dəyərlərini özündə əks etdirən hədiyyələr görüş iştirakçılarına təqdim edilib.

Konsert zamanı Krasnoyarsk diyarının qubernatorunun müavini vəzifəsini icra edən Vasili Nelyubin və Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov tamaşaçıları salamlayıblar. Natiqlər mədəni irsimizin təkcə paytaxtlarda deyil, həm də regionlarda yayılmasını Azərbaycanla Rusiya arasında müasir mədəniyyət əməkdaşlığının fəqrləndirici xüsusiyyəti kimi səciyyələndiriblər. Heydər Əliyevin rəhbərliyi altında Sibirin ən mühüm nəqliyyat arteriyası olan Baykal-Amur magistralının tikintisinin həyata keçirildiyi, SSRİ-nin sənaye, maşınqayırma, təhsil və mədəniyyətin inkişafına əvəzsiz töhfələr verdiyi xatırlanıb.

Azərbaycanlı nazir müavini nəzərə çatdırıb ki, müasir dövlətimizin təşəkkülündə misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin anadan olmasının 100 illiyi dünyanın müxtəlif ölkələrində təntənə ilə qeyd olunur. Bildirib ki, “Heydər Əliyev – Rusiyadan baxış” monoqrafiyasının Rusiyanın bir sıra regionlarında təqdim olunması və Rusiyanın Dövlət Dumasında isə “Heydər Əliyev. Əbədiyyət qədər ömür” adlı fotosərgi açılması Azərbaycanın görkəmli dövlət xadiminə nümayiş olunan diqqətin təzahürüdür. “Əgər o, Azərbaycanı mütərəqqi islahatlar yoluna çıxararaq doğma ölkəsini parçalanmaqdan xilas edibsə, rusiyalılar Heydər Əliyevi çoxlu sayda iqtisadi və sosial layihələrin təşəbbüskarı kimi xatırlayırlar. Buna görə də böyük siyasətçinin həyat və fəaliyyətinin Rusiyada qeyd edildiyi coğrafiyanın və tədbirlərin əhatə dairəsi başa düşüləndir”, – deyə nazir müavini vurğulayıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından diyar rəhbərliyinə və tədbirin təşkilatçılarına ünvanlanmış təşəkkür məktubu oxunub. Müraciətdə ölkələrimiz arasında hərtərəfli əlaqələrin möhkəmlənməsində Heydər Əliyevin rolu qeyd olunub.

Konsertdə Krasnoyarsk diyarının incəsənət ustalarının ifasında maraqlı repertuar təqdim olunub. Yaradıcı kollektivlərin arasında Krasnoyarsk dövlət akademik rəqs ansamblı, “Yenisey şəfəqləri” rəqs ansamblı, “Kedr fıstığı” rəqs ansamblı və “Odlar Yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı olub.

Tədbir çərçivəsində Heydər Əliyevə həyat və siyasi fəaliyyətinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.
[center]






Facebook'da Paylaş