Novruz bəşəriyyətin mənəvi dəyəri hesab edilir
Zaman keçir, vaxt ötür, dövran dəyişir, nəsillər bir-birini əvəz edir, gündəlik olaylar, insanlar unudulur... Amma zamanın yaddaşına həkk olunub nəsillərdən-nəsillərə ötürülən mənəvi dəyərlər unudulmur və unudulmamalıdır. Çünki onlar millətin özünütəsdiq dəlilləri, mənəvi pasportudur. Novruz bayramı kimi... Bu bayramın hər bir atributu, hər bir nüansı özündə bir tarix, bir fəlsəfə, bir mədəniyyət çaları gizlədir. Kitabsız-məktəbsiz alimlərin - eradan əvvəlki insanlarımızın mifik təfəkküründən tutmuş çağdaş ağıllı texnikaları idarə edən müasirlərimizin mürəkkəb elmi kəşflərinə qədər keçdiyi yolun yol yoldaşıdır Novruz bayramı. Azıx mağarasında, Qobustan qayalarının əhatəsində qalanmış tonqallar ətrafında yaranmış mifik təfəkkür məhsulları olan bu ibtidai fəlsəfə bu gün də öz aktuallığını qoruyub saxlayır.
Dünyada maddi və mənəvi nə varsa, hamısının bir özülü, bünövrəsi, kökü var. Özülsüz nə varsa, zaman küləyinin əlində sovrulur səhra qumları kimi. Sovrulr, itir, batır...
Mənəviyyatın da bir özülü, bünövrəsi var və bu özül, kök qan-dır, gendir... Qanımızda, genimizdə kodlaşan mənəvi dəyərlərin biri dir Novruz bayramı. Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixi bu və ya başqa şəkildə Novruz bayramında öz silinməz izlərini qoymuşdur. Odur ki, xalq da bu bayramı müqəddəs bilir, balası kimi qoruyur,tütyə kimi saxlayır. Ən əziz bildiklərini bu bayrama saxlayır, bu bayramı sevgisinin, sevincinin ölçüsünə, meyarına çevirir. Bütün sevincləri bu bayrama saxladığı kimi, bütün acıların da bu bayramda son bulacağına inanır “ağırlığım-uğurluğum odda yansın” inamını köksünə sıxaraq. Fikrimizi ulu öndər Heydər Əliyevin bu nitqi ilə əsaslandırmaq istərdik: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.Ən ağır günümüzdə belə unutmadıq Novruzumuzu ən sevincli günümüzdə olduğu kimi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Məhz Novruz bayramını, bayramların şahını,milli-mənsubiyyətimizin təsdiqini.
Bəşərəriyyət yaşlandıqca xeyri ilə bərabər şəri də zənginləşdi, şərin də siyasəti, şər yolların kəşfləri çoxaldı. Məsələn, insan oğlu (əslində şərin oğlu) o qədər cılızlaşdı ki,gözgörəsi başqasına mənsub olan milli-mənəvi dəyərləri özününküləşdirməyə çalışdi, çox təssüf ki, çox vaxt da buna nail oldu.Və biz də millət olaraq bu oğru xislətə tuş gəldik. “Mənfur qonşu” epitetinə yaraşıq verən ermənilər bizim musiqimizdən,milli mətbəximizdən, ədəbiyya- tımızdan oğurluq etməyə qalxdı. Bu insani naqisliyə son vermək üşün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salındı. Novruz bayramının dünya səviyyəsində təqdimatı, Novruz ənənələrinin təbliği bu bayrama marağı artırdı və aydın oldu ki, Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilməlidir. İslamdan əvvəlki tarixi dövrə təsadüf edən Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olundu. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşuldu və bu da onu göstərir ki, Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır. Novruz bayramı təmizlik,təravət bayramıdır,həm maddı,həm də mənəvi dünyanın təmizliyi,arınması, təravəti... Maddi aləmdə qışdan qalma dağınıqlıq, töt-töküntününtəmizliyi, səliqə-səhmanı, mənəvi aləmdə ruhun,hissin duyğunun arınması. Bu bayramda küsülülər barışır, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Bu yüksək mənəviyyat bayramı elə yüksək dairələrdə də öz sehrli ədasıyla bir həlimlik, istilik, ülfət formalaşdırır. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. Bu da öz növbəsində qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyət deməkdir.
Novruz bayramının fəlsəfəsi çərşənbələrdə daha dərin və daha aydın şəkildə özünü göstərir.Dörd ünsürü təsvir və tərənnüm edən bu çərşənbələrin hər birinin özünəməxsus özəlliyi var. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.Bu çərşənbə İlaxır çərşənbə də adlanır ki, Novruz adətlərinin çoxu onun payına düşür.Belə ki,İlaxır çərşənbədə il təhvil olunur, qurşaq atmaq, qulaq falı, tonqaldan tullanmaq, üzük falı, yumurta döyüşdürmək və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.
Novruz bayramənən ən geniş yayılmış adətlırindən biri də səməni cücərtməkdir.Novruzda bayram masasının mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini və yeddi qatını, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır:səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir. Xalqımız üçün xüsusi önəm daşıyan dəyərlərdən biri kimi Novruz bayramı da incəsənətin bütün sahələrində tərənnüm və təsvir olunur, Novruza həsr olunmuş şeirlər, mahnılar,rəqslər Novruz şənliklərinin daha rəngarəng və şən keçirilməsinə hesablanır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarların Novruza həsr olunmuş mahnıları dillər əzbəridir. Bu bayramın təbliği üçün də xeyli işlər görülüb və görülür.Belə ki, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda Kosa və Keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, Keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, Keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.
Otuz ilə yaxın bir müddətdə Novruz bayramını ürəyimizcə qeyd edə bilmirdik. Bir gözümüz gülür, biri ağlayırdı itirilmiş vətən torpaqları üçün, şəhidlərimiz, didərginlərimiz, qaçqınlarımız üçün. Artıq üçüncü ildir ki, ürəklənmişik, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə xalqımızın Müzəffər Ordusu bizə sevincimizi sevinc kimi yaşamağı nəsib etdi. İtkilərimiz də oldu, təbii ki. ALLAH Novruz süfrələrində adlarını sevgi və sayğiyla andığımız bütün şəhidlərimizə rəhmət eləsin.
“Xoş gəldin xoş gündə olar”- deyib babalarımız. Biz də qələbə sevinci ilə gələn növbəti Novruzumuza da “Novruz gəlib, xoş gəlib” deyirik.
Xatirə Rəhimbəyli: AYB-nın üzvü, Prezident təqaüdçüsü
Facebook'da Paylaş