Azərbaycançılıq...Milli-mənəvi dəyərlər!

2-09-2022, 00:16

Azərbaycançılıq...Milli-mənəvi dəyərlər!

Azərbaycançılıq...Milli-mənəvi dəyərlər!

Ümummilli lider Heydər Əliyev:
Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.

Azərbaycançılıq dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət edir. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə torelantlığın bariz təzahürüdür. Əslində, dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, habelə sosial, mənəvi və dini düşüncə laylalarımızı özündə yaşadan folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır.
Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bəs milli-mənəvi dəyərlər deyəndə nə başa düşülməlidir? Milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz: hansı ki bura bizim yaddaşımız – fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.
Milli-mənəvi dəyərlərin qorunması və təbliği vətənpərvərlik hisslərinin möhkəmlənməsi ilə birbaşa əlaqəlidir. Belə ki, bəşər övladı tarix boyu yaşadığı coğrafi ərazini qorumağı, orada kök salmağı və oradan hərtərəfli faydalanmağı özünə vəzifə bilmişdir. Öz mövcudluğunu təmin edə bilmək, fəaliyyət göstərmək üçün müəyyən yerə bağlı qalmaqla yanaşı, həm də vətən adını verdiyi həmin yeri qorumaq onun üçün qaçılmaz olmuşdur. Yaşadığı torpaqları vətənləşdirən bəşər övladı müəyyən dəyərlərə yiyələnmiş və zaman keçdikcə bu dəyərlərlə yoğrulub millətə çevrilmişdir. Milli-mənəvi dəyərlər adını verdiyimiz həmin dəyərlər millətin özünəməxsusluğunu, başqa sözlə desək, onun milli kimliyini ortaya qoyur. Məhz vətənpərvərlik hissi sayəsində fərd bu dəyərlərə sahib çıxır, həm onları, həm də aid olduğu vətəni, təmsil etdiyi milləti qorumaq üçün canından belə keçməyə hazır olur.
Azərbaycan xalqı özünün milli-mənəvi irsinə-onu bütövləşdirən və zənginləşdirən komponentlərə-dil, din, adət-ənənə, eyni zamanda birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərə söykənərək bəşəriyyətin mürəkkəb və ziddiyyətli ictimai-siyasi sınaqlarından məharətlə çıxa bilmiş, dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixi hadisələrin gedişatı göstərdi ki, minilliklər ərzində formalaşmış milli-mənəvi sərvətimiz milli mənlik şüurumuzu oyadaraq müstəqil dövlətçiliyimizin bərpasına səbəb olan əsas amildir.
Milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur.
Milli-mənəvi dəyərlərimizə dərindən bələd olan Ümummilli lider xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq Azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adətənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Milli-mənəvi dəyərlərimizin kökü əməli-salehlik və əxlaqi saflıqdır; mənəvi təmizlik və büllurluqdur; halallıq və gözütoxluqdur; xeyirxahlıq və mərdanəlikdir. Bunların hamısının zirvəsində isə adi vicdan dayanır. Vətənə, dövlətə və onun mövcudluq rəmzi, ali atributu olan bayrağa səmimi sevgi nümunəsini xatırlayanda düşünürük: ta qədim dövrlərdən saf çeşmə tək süzülüb gələn, milli kimlik meyarına çevrilən ali mənəvi keyfiyyətləri, bəşər sivilizasiyasını zənginləşdirən dəyərli mədəni irsi, özünəməxsusluğu şərtləndirən bu xalqın təmsilçisi olmağa həqiqətən də dəyər. Nədən ki, mövcudluq tarixi şərəfli mübarizə yolu ilə zəngin olan müdrik xalqımızın tarixində ona utanc gətirəcək hansısa hadisə olmayıb. Taleyin sərt üzündən əsrlər boyu müxtəlif sarsıntılara, ərazi təcavüzünə, mənəvi terrora, repressiyalara məruz qalan Azərbaycan xalqı ən çətin məqamlarda belə, milli kimliyini, şərəf və heysiyyətini qoruyub. Qloballaşan dünyanın yeni nizamı həqiqi mahiyyətindən çox-çox uzaqlaşmış “qərbləşmə”, “avropalaşma” kimi kütləvi kulturoloyi baxışları, kosmopolit dəyərləri zorən kiçik millətlərə sırımağa çalışsa da, Azərbaycan xalqı bu qarşısıalınmaz prosesə oturuşmuş mənəvi-əxlaqi dəyərlər sistemi ilə layiqli müqavimət gücündə olduğunu təsdiqləyib.
Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı, bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. Bu mənada, azərbaycançılıq millətindən asılı olmayaraq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloyi bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.
Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir.
Sonda sözlərimi Möhtərəm cənab prezidentin fikirləri ilə tamamlamaq istəyirəm;
“Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsirlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir”.

Rövşən Məmmədli
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşı




Facebook'da Paylaş