Vladivostok şəhərində Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd edilib

25-09-2023, 21:08

Vladivostok şəhərində Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd edilib

Rusiyanın Vladivostok şəhərində yerləşən Primorsk Filarmoniyasında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Primorsk diyarı üzrə “Azərbaycan Konqresi” Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə diyarın qubernatoru, şəhər administrasiyasının, yerli ictimaiyyətin, Azərbaycan diasporunun, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Rusiyadakı Baş konsulluğunun nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan “Azərbaycan Konqresi” ictimai təşkilatının İdarə Heyətinin sədri Mərdan Novruzov “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi, harada yaşamalarından asılı olmayaraq, bütün azərbaycanlılar üçün böyük şərəfdir”, – deyə vurğulayıb.

Tədbir xalqımızın ümummilli liderinin həyat yolu və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə davam etdirilib.

Tədbirdə çıxış edən Primosk diyarının qubernatoru Oleq Kojemyako bildirib ki, yerli sakinlər vaxtilə SSRİ-də yüksək vəzifədə olan Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin xatirəsinə böyük hörmətlə yanaşırlar: “Primorsk diyarında Heydər Əliyevi 1984-cü ildə Şərq limanı üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı qəbul etdiyi qərarlarla yaxşı tanıyır və xatırlayırlar. Bu, bizim tariximizin bir hissəsidir. Belə liderlər siyasətin vektorunu müəyyənləşdiriblər. Bu gün biz bu qərarların nə qədər düzgün olduğunu görürük”.

Qubernator qeyd edib ki, SSRİ-nin süqutundan sonra ağır və çətin proseslərlə üzləşən müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə güclənməyə başlayıb. Qısa müddət sonra Azərbaycan müstəqil siyasət yürüdən suveren, qüdrətli dövlətə çevrilib və Cənubi Qafqaz regionunun siyasətinə təsir gücünü əldə edib.

Onun sözlərinə görə, Primorsk diyarı üçün Azərbaycanın paytaxtı Bakı şəhərinin xüsusi yeri var: “Biz Bakını yaxşı xatırlayırıq. Sovet dövründə Bakı ən beynəlmiləl şəhərlərdən biri idi. Bu şəhərdə müxtəlif xalqların nümayəndələri mehriban və dosluq şəraitində yaşayırdılar. Vladivostok üçün Bakı həm də Ali Hərbi Dənizçilik Məktəbinin yerləşdiyi şəhər idi. Məhz bu məktəbin məzunları Rusiya donanmasında xidmət edirlər. Onlar artıq özlərindən sonrakı nəsli də yetişdiriblər. Bundan başqa, Bakı neftçilərinin, eləcə də Azərbaycan neftçilərinin Qərbi Sibir torpaqlarının ilk dəfə mənimsənilməsində böyük töhfələri var”.

Qubernator bildirib ki, Azərbaycanla Rusiyanı tarixi köklər, dost və strateji müttəfiqlik münasibətləri birləşdirir, ona görə də heç bir qüvvə ölkələrimizin dostluğunu poza bilməz.

Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Tural Səfərov, Azərbaycanın Rusiyadakı Baş Konsulluğunun vitse-konsulu Elnur Novruzov, şəhər administrasiyası başçısının müavini Darya Steqni və başqalrı çıxış ediblər.

Diasporla iş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamını tədbir iştirakçılarına çatdıran T.Səfərov xatırladıb ki, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində xalqımızın görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir: “Bu gün Rusiyada Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyimiz bir daha göstərir ki, rus xalqının Heydər Əliyev şəxsiyyətinə məhəbbət və hörməti sarsılmazdır”.

E.Novruzov xalqımızın ulu öndəri Heydər Əliyevin siyasi həyat və fəaliyyəti barədə ətraflı məlumat verib, onun misilsiz xidmətlərini nəzərə çatdırıb.

Rəsmi hissə Primorsk diyarı qubernatorunun şəhərin ictimai-mədəni həyatında iştirak edən Azərbaycan diasporunun nümayəndələrini mükafatlandırması ilə yekunlaşıb.

Tədbirin bədii hissəsində “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının üzvləri tərəfindən milli musiqisi və rəqslərdən ibarət konsert proqramı təqdim olunub. Konsertdə həmçinin Azərbaycandan dəvət olunan sənətkarlar – Azərbaycanın xalq artisti Samir Cəfərov və müğənni Çinarə Məlikzadə Azərbaycan və rus dillərində əsərlər ifa ediblər.

Tədbir çərçivəsində Primorsk Filarmoniyasının foyesində ümummilli lider Heydər Əliyevin Rusiyanın görkəmli şəxsiyyətləri, eləcə də Baykal-Amur magistral xəttinin tikintisində iştirak etmiş inşaatçılarla görüşlərini əks etdirən fotosərgi təşkil olunub.




Facebook'da Paylaş