Azərbaycan! Ana yurdumuz, əzəli andımız. Sənin adına tapınmışıq, sənin adına güvənmişik! Nə qədər müqəddəs bir addır- Azərbaycan!
Sənə bağlı hər şey gözəldir, hər şey müqəddəsdir, ey anamızın anası!
Fəqət bütün müqəddəsliklərin içində daha müqəddəs bir yerin var! Vətən sərhəddi! O yer ki, orda Vətən deyə, Azərbaycan deyə, əl uzadanlar murada yetər. O yer ki, orda Azərbaycan həsrətlilərin həsrəti bitər. O yer ki, orda Vətən sevdalıların sevdası başlar. Vətən başlar, Azər
Vətən sərhədləri o qədər möhtəşəm, o qədər ulu, o qədər müqəddəsdir ki, o müqəddəsliyi qorumağı hər kəsə etibar eləməzlər. Sərhədçilik ənənələrimiz bu gün də belədir, min il əvvəl də belə idi, ərazilərimiz 410 min kvadratkilometr olanda da. “Dədə Qorqud” eposunda yazılanlar buna daha gözəl nümunədir: “Gürcüstandan xərac göndərilən atla qılıncı bayandır xan Dədəm Qorqudun nəsihətilə Bəkil adlı igidə verir ki, Oğuz elinə qarovul olsun. Ulu ozanın dililə desək: “ İgid Bəkil Oğuzdan köç elədi, doqquz tümən Gürcüstan ağzına varıb, qarovulluq elədi, yad kafir gəlsə, başın Oğuza ərməğan göndərdi.”
Ər oğlu Ərən Bəkilin 1600 il əvvəl qoruduğu Oğuz yurdunu indi sərhəd dəstəsinin ərənləri qoruyur, həm qılıncla, həm odlu silah, həm də ağır texnika ilə. Daha etibarlı, daha güvənli.
Dövlət müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanımızı sevməyənlər erməni terrorçu dəstələrilə birləşərək 30-dan çox terror, təxribat törədərək 2000-dən çox vətəndaşımızı həlak, minlərlə günahsız insanı əlil, şikəst etmişlər. Sərhədçilərimiz torpaqlarımızın bütövlüyü uğrunda vuruşa-vuruşa terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparmış, vətənimizin keşiyində ayıq-sayıq dayanaraq müqəddəs sərhədlərimizi gündən-günə möhkəmlətmişlər. Bu şərəfli yolda itkilərimiz də çox olub. Bir ucu şəhidliyə, bir ucu qəhrəmanlığa, bir ucu əbədiyyətə, bir ucu sonsuzluğa aparan yollar Azərbaycan adlı məmləkətin hürr bayraqları səmasında kəsişib. O səmada ki, ordan Azərbaycan göyləri müqəddəs sərhəd yolçularına qurşaq göndərib. Göndərib ki, onu qurşayaraq Azərbaycan sərhədlərinin bütövlüyünü bərpa etsin.
Azərbaycanımızın hər çiçəyinin öz ətri, öz təravəti olduğu kimi, övladlarının da vətən qarşısında öz görəvi, öz borcu var. Sərhədçilərimiz Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general -polkovnik Elçin Quliyevin komandanlığı ilə vətənə övladlıq borcunu göz qırpmadan, kirpik çalmadan yerinə yetirirlər. Qışın boranı, payızın çovğunu, yayın cırhacırı fərq eləməz. Daim düşmən təhlükəsi altında olan sərhədçinin bir özəlliyi də ondadır ki, onun atı vəfalı, iti sədaqətlidir.
Sərhədçilərin peşəsinə məhəbbəti, dövlətçiliyimizə sədaqəti həmişə yüksək qiymətləndirilib. Dövlətimizin təhlükəsizliyinin, torpaqlarımızın bütövlüyünün təmin edilməsində, qaçaqmalçılığa, Xarici Xüsusi Xidmət orqanlarının kəşfiyyat və terroruna qarşı mübarizədə, dövlət çevrilişinə cəhdin qarşısının alınmasında göstərdikləri xidmətə görə 5 sərhədçi Milli Qəhrəman adına layiq görülüb. Qəhrəmanlarımızın adı zastavalarda əbədiləşdirilib.
Şimali Azərbaycanımızın 3370,4 kilometrlik dövlət sərhədinin 2657,4 kilometri qurudur. İranla 765 kilometr, Gürcüstanla 480 kilometr, Rusiya Federasiyası ilə 390,3 kilometr, Türkiyə ilə 15 kilometr quru sərhədlərimiz var. Xəzər dənizində İran, Türkmənistan, Qazaxıstan və Rusiya Federasiyası ilə 713 kilometr yəni 497 mil su sərhəddimiz mövcuddur. Türkiyə və Gürcüstanla normal qonşuluq münasibətlərimiz olsa da, “ Böyük Ermənistan” xülyası erməniləri dinc buraxmır. Aramızdakı 1007,1 kilometrlik sərhədlərimizi demək olar ki, hər yerdən pozublar. Hiyləgər düşməni öz köşəsinə sıxmaq, layiq olduqları cəzanı vermək üçün bütün Azərbaycan xalqı, ordumuz, eləcə də sərhədçilərimiz əmr gözləyir.
Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatının qat-qat artması, ordumuzun gündən-günə qüdrətlənməsi düşmən üzərində tam və inamlı qələbə çalacağımıza əminliyimizi getdikcə artırır. İnanırıq ki, Azərbaycan ordusunun müzəffər yürüşü tezliklə reallaşacaq, ərazilərimizin bütövlüyü tam təmin olunacaq. Onda ürəyinin odu ilə, nəfəsinin istisi ilə səngərlərin buz pərdəsini əridən əsgər ərənlərimizi dizinin təpəri, gözünün odu ilə düşmənə sədd çəkən sərhədçilərimiz əvəz edəcək. Bax o zaman işğaldan azad olunan torpaqlarımızda dalğalanan bayrağa kimsə yaxınlaşmağa cəsarət etməyəcək, çünki onu at belində böyüyən Azərbaycan oğulları-sərhədçilərimiz qoruyacaq!
Tamxil ZİYƏDDİNOĞLU
Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri