DTX əməliyyatının nəticəsi: İrəvanda zabit həbs edildi
İrəvan məhkəməsi prokurorluğun şikayətini təmin edib və Köhnə Tağlar kəndini azərbaycanlıların (əməliyyatı DTX keçirmişdi – red.) nəzarətinə keçməsinin qarşısını almaqda acizlik göstərən və xidməti fəaliyyətini yerinə yetirməyən zabiti həbs edib.
Məhkəmə həbs edilən zabitin adını açıqlamayıb.
İstintaqın versiyasına görə, zabitə şəxsi heyət verilib və 12 döyüş mövqeyini qorumaq tapşırılıb. DTX-nın 2020-ci il dekabrın 11-də keçirdiyi əməliyyat zamanı isə 12 mövqe bir anda Azərbaycanın nəzarətinə keçib, 11 hərbçi isə mühasirəyə alınıb. Mühasirəyə alınanlardan ikisi məhv edilib, 9-u əsir götürülüb.
Qeyd edək ki, sentyabr ayında polkovnik-leytenant Arsen Kazaryan da analoji ittihamla həbs edilib. O, Çaylaqqala kəndini “qoruya bilmədiyi” üçün içəri atılıb.
Xatırladaq ki, DTX-nın keçirdiyi sözügedən antiterror əməliyyatı zamanı iki kəndə nəzarət geri qaytarılmışdı, daha iki kəndin yaxınlığındakı mövqelərə isə DTX qüvvələri yerləşmişdi. Həmin zaman 26 noyabrda, üçtərəfli bəyanatdan 16 gün sonra Azərbaycana gələn və terror həyata keçirən, nəticədə 3 əsgərimizin və bir mülki şəxsin ölümünə səbəb olan qanunsuz silahlıların bir hissəsi məhv edilmişdi, 62 nəfər isə (erməni mediası bəzən bu rəqəmin daha çox olduğunu bildirir – red.) əsir götürülmüşdü.
Facebook'da Paylaş