“2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın, xərcləri isə 20 milyard manatdan çox proqnozlaşdırılıb”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a 2018-ci ilin dövlət büdcəsi layihəsini şərh edərkən deyib.
Deputat bildirib ki, 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar səviyyəsində götürüləcək.
“Büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə yönləndiriləcək. Sosial sahəyə 33-35 faiz maliyyə vəsaiti ayrılması nəzərdə tutulub. Cənab prezident də mesaj verdi ki, gələn il əmək haqqı və pensiyalar artırılacaq. Bu da dövlət büdcəsindən sosial sahəyə əlavə vəsaitin ayrılmasından xəbər verir”.
V.Əhmədov deyib ki, hərbi xərclər 2,2-2,5 milyon manat artırılacaq.
“Bu da o deməkdir ki, büdcənin 13-15 faizi civarında vəsait hərbi sahəyə ayrılacaq. Həmçinin təhsil, səhiyyə xərclərində də artımlar olacaq”.