Şəhid məktubu...

27-09-2021, 04:43

Şəhid məktubu...

Bu gün bir ildir. Hər gün gəlirsən məzarıma.
Evimi bura köçürəndən tanımadığım bir çox sima görmüşəm. Amma ən çox darıxdığım da, gördüyüm də sənsən. Övlad dərdi saçlarını yaman ağardıb. Belə halını görmək ruhumu incidir. Üzündə qəmdən, kədərdən bir iz görməyə dayana bilməzdim. İndi üzündəki həsrət qırışına səbəb olmuşam. Bilirsən, nə qədər ağırdır məzarım üstə nalə çəkəndə sənə sarıla bilməmək. Bu gün də gəlmisən. Boynu bükük, ürəyində sönməyən yanğınla. Oğul, deyib ağlayırsan. Əlim yetmir, səsim sənə çatmır. Narahatam ana. Toxuna bilmədiyim tellərindən, silə bilmədiyim göz yaşlarından çox narahatam. Demək istəyirəm, bəlkə hər gün gəlməyəsən. Amma onu da deyə bilmirəm, nə edim?! Mənim çarəsizliyim, səndən daha çoxdur. İstəyirəm biləsən. Gəlməsən də, səndən xəbər alıram. Mənim üçün masada boş saxladığın yeri, sevdiyim yeməkləri bişirməyini, hər şeyi bilirəm. Mənə öldü, deyib ağlama. Dinməsəm də, danışmasam da, ölməmişəm. Övladlarımdan al təsəllini. Mənim arzularımı sən onlar üçün gerçəkləşdir. Sən mətin ol ki, onlar da atalarıyla qürur duysunlar. Çoxlu-çoxlu məndən danış onlara. Nağılları atalarının döyüş hekayələri olsun. O hekayələrlə yuxuya getsinlər. Ətraflarında olan hər kəsə o hekayələri danışsınlar.
Atama da de, bükməsin belini. Siz qəmə qərq olasınız deyə keçmədim mən canımdan. Canımdan keçdim ki, başınız bir az da dik olsun. Ana dediyim bu Vətən bütöv olsun. Üstündə oğlunun qanı olan bu torpaq sənə övladdan daha əziz olsun. Necə ki, mənə öz canımdan əziz oldu.
Bu dəfə məzarıma hər gün gəldiyin axırıncı olsun. Sən mənim evimə gəlmə ki, mən öz evimizə qonaq gələ bilim. Axı payız səhərində həyətimizdə yığışdığımız o masa üçün darıxmışam. O masada əyləşib etdiyimiz söhbətlər üçün darıxmışam.
Övladsız keçən bu bir ildə nələr çəkmisən bilirəm. Bəzən sizi buraxıb getdiyim üçün tənə eləmisən. Qınama məni. Ürəyim əl vermədi. Vətən eşqim sənə olan sevgimdən üstün çıxdı. Sən də həmişə deyərdin, vətəninə, millətinə layiq ol oğlum. İndi Vətənə sənin ödənməz haqqın qədər layiq olmuşam. Alnım açıq, üzüm ağdır.
Son görüşdə üzümdə gördüyün o gülüşü hələ də saxlamışam. Burda xoşbəxtəm. Səninlə görüş günümüzü gözləyirəm. Bu gəlişim yaman tez oldu, bilirəm. Səni gözlətmək istəmədim.
Deyəsən, sağollaşmaq zamanı gəlib çatdı. Səndən son istəyim var. Daha mənim üçün ah çəkib ağlama Qoy, ruhum rahat uyusun. Görüş gününə qədər salamat qal.
Oğlun...

Gunel Abbas




Facebook'da Paylaş