Zaur Əhməd yazır: Övladımın başını sığallamaq üçün Vətənsiz qalmağı həzm edə bilmirəm.

20-09-2020, 13:32



Ölkədə müharibə əhval ruhiyyəsi var. Hər ortamda bu gün-sabah müharibənin başlayacağı söhbəti gedir.Mən uzun illərdir beynimdə bu düşüncələri çək-çevir edirəm, amma indi çox adam danışır.Bu gün səhər oyananda oğlum Ərhun yatmışdı. Bütün uşaqlar kimi onun da üzündəki məsumluq diqqətimi cəkdi. İnsanın içini tərpədir. Bir anlıq düşüncəyə qərq oldum. Müharibə başlasa, bu məsum uşaqlar necə olacaq? Mən savaşa getdim, şəhid oldum, bu uşaq nələr yaşayacaq? Mənim çəkdiyim əziyyətləri odamı çəkəcək? Bəlkə də daha ağır olacaq?Düşüncələrdən ayılan kimi özümü qınamağa başladım. Heç sənə yaraşdımı, belə fikirləşmək? Şəhid Əhmədin oğlu gör nələr düşünür? Özüm özümlə dalaşmağa başladım. Nə isə...Hər çətin anımda, önəmli qərar verməli olduğumda Şəhidlər Xiyabanına gedirəm. Ağsaqqalım, böyüyüm, qibləgahım Atamı ziyarət edirəm. Özüm özümlə dalaşa-dalaşa getdim. Atam və şəhid yoldaşlarını ziyarət etdim. Məzarların önündən keçib getdikcə sanki hamısı düz gözümün içinə baxırdılar. Elə bilirdim ki, bu gün səhər oğlumun üzünə baxıb ürəyimdən keçirdiyim sözləri eşidiblər. Odur ki, baxa bilmirdim gözlərinə.Necə baxasan? Axı onlar ailə-uşaq demədən, Vətən uğrunda savaşa getmişdilər. Çoxu heç ailə də qurmamışdı, nə evlənmək, bəlkə də bəziləri heç qız belə sevməmişdi, sevgili əlindən tutmamışdı, heç məktub da yazmamışdı. Atam kimilər də uşaqlarının böyüdüyünü görmədi, toyunu eləmədi, qucağına nəvə almadı...İndi bu kişilərin hüzurunda ailə-uşaq fikirləşməyin yeridimi? Əsla...Heç kim boğazdan yuxarı danışmasın. Övlad insanın ürəyinin dərinliyindəki ən kövrək yerdir, hər şeyi onlara rəğmən edirsən. Hər addımında onları düşünürsən.Amma...Bu savaş əvvəl-axır olacaq, olmalıdır. Ya biz bu savaşı bitirəcəyik, ya da övladlarımız. Ya biz şəhid, qazi olacağıq, ya övladlarımız. Hansı asandır? Cavab bəlli...Bu gün bir daha sıra ilə düzülən şəhid məzarları önündə anladım və əmin oldum ki, qisas haqqı övlad haqqından daha öndədir. Mən övladımın başını sığallamaq üçün Vətənsiz qalmağı həzm edə bilmirəm. Mən qisas alınmadan məzarlarından boylanan şəhid ruhlarının gözünə dik baxa bilmirəm.Mən bir vətəndaş, bir əsgər, bir fərd olaraq, düşünürəm, amma Dövlət nə düşünür, onu da bilmirəm. Dövlət Baba bu günə, sabaha hazırdırsa, biz gedəndən sonra əmanətimizə sahib çıxa biləcəksə, biz hazırıq. Öncə öldürməyə, məqamı gələndə ölməyə də hazırıq...






Facebook'da Paylaş